YAP Səbail rayon Gənclər Birliyinin onlayn formatda növbəti görüşü keçirildi
14.07.2020İyulun 14-də YAP Səbail rayon Gənclər Birliyinin onlayn formatda növbəti görüşü keçirildi.
Görüş Azərbaycanın tanınmış simaları, ictimaiyyət nümayəndələri, ziyalılar ilə gənclər üçün maarifləndirici görüşlərin təşkil edilməsi layihəsi çərçivəsində keçirildi.
Bugünkü qonaq müharibə veteranı, üçqat dünya çempionu, Prezident mükafatçısı, idman ustası, Əməkdar fəxri məşqçi, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Şahin Mahmudov idi.
Görüşü giriş sözü ilə açan YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli son sutkalarda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhəd xətlərində törədilən təxribatlar haqda danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının çıxışından sitatlar gətirən R.Rüstəmli bildirdi ki, Azərbaycan xalqı erməni təcavüzkarlarının çirkin və məkrli siyasətini pisləyir və Azərbaycan ordusunun gücünə inanır. Azərbaycan öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qoruyur və bunun nəticəsidir ki, sərhəd xəttindəki təxribatlara baxmayaraq Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib və bundan sonra da keçə bilməyəcəklər.
Çıxış edən Şahin Mahmudov müharibə veteranı kimi Vətənə xidməti zamanı yaşadığı təcrübələrini gənclərlə paylaşdı. Qeyd olundu ki, ordumuz sərhəddə düşmən təxribatı ilə üz-üzə ağır əməliyyatlar apardığı bu günlərdə xalqımızın ordumuza, əsgərlərimizə dəstəyi önəmlidir. Vətən torpağı müqəddəsdir və bu günlərdə hamımız milli həmrəylik nümayiş etdirməli, bir yumruq, bir ürək olmalıyıq.
Görüşdə çıxış edən gənclər yekdilliklə bildirdilər ki, hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətənin keşiyində durmağa hazır olan əsgərlərik.