Prof. Şəmsəddin Hacıyev: “Azərbaycan öz milli maraqlarına söykənən balanslaşdırılmış, çoxvektorlu xarici siyasətinə sadiq, etibarlı tərəfdaş ölkədir”

IMG_9359

Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

AZƏRBAYCAN ÖZ MİLLİ MARAQLARINA SÖYKƏNƏN BALANSLAŞDIRILMIŞ, ÇOXVEKTORLU XARİCİ SİYASƏTİNƏ SADİQ, ETİBARLI TƏRƏFDAŞ ÖLKƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul etdi. Yəqin ki, siyasi xronikanı izləyən hər kəs üçün bu görüşdə üzərində düşünüləcək çox mühüm məqamlar yarandı.

Cənab Prezidentin “Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək.” – sözləri hamı üçün siyasətdə açıq diplomatiya, cəsarətli mövqe nümayişi və “Güclü Lider – Güclü Dövlət” anlayışının təsdiqi oldu.

Cənab Prezidentin Yunanıstan səfiri Nikolaos Piperiqkosa son illərdə siyasi və iqtisadi sahədə Yunanıstan hökumətinin qəbul etdiyi qərarlarda Azərbaycanın haqlı narazılığına səbəb olan məqamları, o cümlədən Yunanıstanın SOCAR-ın açıq tender nəticəsində əldə etdiyi yunan qaz şirkəti “DESFA”ya sahib olmaq hüququnu pozaraq müstəqil dövlətə yaraşmayan hərəkətlərindən, Azərbaycan və qardaş Türkiyəyə qarşı olan Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqdan, eləcə də cari ilin iyul ayında dövlət sərhədimizdə işğalçı Ermənistanın törətdiyi təxribat zamanı dünya dövlətlərinin mütləq əksəriyyətinin ölkəmizin ərazi bütövlüyünün qorunmasını dəstəkləyən bəyanatları olduğu halda, Yunanıstanın işğalçı dövlətə dəstək mövqeyi nümayiş etdirməsindən Azərbaycanın ciddi narahatlığını, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə, həmçinin Yunanıstanın Türkiyəyə qarşı aşkar düşmənçilik mövqeyi və əsassız torpaq iddiaları ilə bağlı Azərbaycanın qeyd-şərtsiz və birmənalı olaraq qardaş Türkiyəni dəstəkləməsini tutarlı və təkzibolunmaz faktlarla təqdim etməsi diplomatiyada əsl cəsarət, güclü iradə və dəmir məntiq nümunəsidir. Azərbaycan dövlətinin iqtisadi gücü və siyasi nüfuzu bu gün o qədər yüksəkdir ki, cənab Prezident heç bir tərəddüd etmədən beynəlxaq münasibətlərdə qeyri-səmimilik nümayiş etdirən və ölkəmizə qarşı qərəzli mövqe tutan, eləcə də təhdid etməyə çalışan bir Avropa ölkəsinin timsalında bir daha bəyan etdi ki, Azərbaycan dünyanın bu ağır, ziddiyyətli və qeyri-müəyyənlik dövründə də öz milli maraqlarına söykənən balanslaşdırılmış, çoxvektorlu xarici siyasətinə sadiq, etibarlı tərəfdaş ölkədir və onu bu yoldan heç bir qüvvə döndərə bilməz.

Ölkə rəhbərimiz qeyd etdi ki, “… siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idi. Başqa sözlə, biz öz tərəfimizdən Yunanıstana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə vurğulamaq istəyirəm, çünki keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub.” Bu bəyanatın mahiyyətində dayanan aydın ismarıclar bunlardır ki, Azərbaycan bu gün öz gücünə, siyasi və iqtisadi müstəqilliyinə arxalanan, Avropa üçün enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, iştirak etdiyi bütün beynəlxalq layihələrin və proseslərin gedişatına təsir etmək gücünə malik olan regionun lider dövlətidir.

Səfirin duruşundan da görünürdü ki, əsrlər boyu Türk Liderləri qarşısında əcnəbilərin yaşadığı çaşğınlıq, acizlik və faktlar qarşısındakı çarəsizlik ona da sirayət etmiş, bir sözlə o siyasi şok vəziyyətində olmaqla, hətta nə deyəcəyini belə bilmirdi. Liderimiz növbəti dəfə bu ənənələri layiqincə davam etdirdiyini və Azərbaycanın güclü dövlət olduğu qədər, güclü və cəsarətli Liderinin də olduğunu nümayiş etdirdi. Bu qətiyyətli mövqeyin nümayişinə biz dəfələrlə Valdayda, Aşqabadda, Münhendə, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində, xüsusilə iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində cənab İlham Əliyevin çıxışı zamanı şahid olmuşuq. İşğalçı Ermənistanın baş nazirinə birbaşa ünvanlanan Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq…” bəyanatında İlham Əliyev həm düşmənə, həm də dost görünməyə çalışan riyakarlara da lazımi xəbərdarlıq etdi. Açıq-aşkar forpostu olduğu bir dövlətin qoltuğuna sığınaraq gündə bir ziddiyyətli, sərsəm bəyanatlarla çıxış edən, dövlət sərhədlərində təxribatlar törədərək hər dəfə bununla ovunan paşinyanlar, hələ də küçə diplomatiyası səviyyəsində qalaraq dərk etmirlər ki, onlar kimlərinsə əlində maşadan başqa bir şey deyillər, rəzalət içində saxladıqları xalqı da uçuruma aparırlar.

Yalnız Yunanıstan hökuməti yox, əminik ki, dünyanın bir çox dövlət rəhbərləri, cənab İlham Əliyevin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlə görüşündə səsləndirdiyi ciddi ismarıcları və siyasi bəyanatları çox diqqətlə izlədilər və müvafiq nəticələr çıxaracaqlar. Yunanıstana gəlincə, ümid edirik ki, cənab Prezidentin bəyanatından sonra hazırki hökumət Azərbaycana qarşı olan siyasətinə yenidən baxacaq və müvafiq dəyişikliklər edəcək. Yunanıstan yəqin ki, yaxşı başa düşür ki, regiondakı iki güclü Türk dövlətlərinə qarşı mövcud ikili siyasətini davam etdirərsə, işğalçı Ermənistan kimi beynəlxalq layihələrdən təcrid oluna və siyasi izolyasiyaya düşə bilər. Əminik ki, Yunanıstan düzgün yol seçəcək və Azərbaycan-Yunanıstan hökumətləri arasında əvvəlki dövrlərdə mövcud olan qarşılıqlı hörmət və konstruktiv siyasi və iqtisadi əməkdaşlıq münasibətləri bərpa olunacaqdır.