Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin təşkilat şöbəsinin müdiri YAP Səbail rayon təşkilatında görülən işlərlə tanış oldu
21.09.2020Sentyabrın 21-də YAP Siyasi Şurasının üzvü, partiyanın İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov YAP Səbail rayon təşkilatının qərargahında rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Aparatın rəhbəri və əməkdaşları, eləcə də rayon YAP Qadınlar Şurası və Gənclər Birliyinin sədrləri ilə görüşdü.
YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev rayon partiya təşkilatının çoxşaxəli fəaliyyəti, o cümlədən Səbail rayonunda əhali arasında ideoloji-siyasi işin təşkili, seçki kampaniyaları çərçivəsində rayon ərazisində genişmiqyaslı təbliğat-təşviqat işlərinin həyata keçirilməsi, çoxsaylı tərəfdaşlarla birgə layihələrin icrası, mədəni-kütləvi, xüsusilə gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində tədbirlərin təşkili, cəbhə bölgəsinə səfərlər, gənclərin və qadınların siyasi fəallığının artırılması istiqamətində fəaliyyət, mütəmadi olaraq kitabların və dövrü mətbuatda məqalələrin nəşri, rayonda abadlıq-quruculuq işlərində və iməciliklərdə fəal iştirak, aztəminatlı rayon sakinlərinə diqqətin gücləndirilməsi, çoxsaylı sosial yardım aksiyalarının təşkili, rayon partiya təşkilatının informasiya portalının fəaliyyəti və s. istiqamətlərdə görülən işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, YAP Səbail rayon təşkilatı bu zamana qədər qarşısına qoyulan bütün məqsəd və vəzifələri layiqincə həyata keçirmişdir.
Ölkənin ictimai-siyasi həyatında gedən proseslər, xüsusilə sentyabrın 19-da ölkə başçısı cənab İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində proqramxarakterli çıxışı-müsahibəsi haqqında danışan Ş.Hacıyev bildirdi ki, YAP Səbail rayon təşkilatının bütün üzvləri bundan sonra da partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləmək və verilən tapşırıq və tövsiyələri yerinə yetirmək üçün bütün biliyi, bacarığı və var qüvvəsi ilə çalışacaqdır.
YAP Səbail rayon təşkilatında mövcud olan işgüzarlıq və məsuliyyət ənənələri, partiya təşkilatının ölkənin, rayonun ictimai-siyasi həyatındakı rolu və töhfələri haqqında danışan A.Hüseynov əminliyi ifadə etdi ki, partiya təşkilatındakı bu müsbət ənənələr bundan sonra da qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir.
A.Hüseynov 19 sentyabr 2020-ci il tarixində YAP-ın Sədr müavini – İcra Katibi Əli Əhmədovun sədrliyi ilə keçirilmiş müşavirədə rayon partiya təşkilatları qarşısında qoyulan vəzifələr haqqında ətraflı məlumat verdi və bu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıq və tövsiyələrini səsləndirdi.