Neft buruqları və əzəmətli məscidi ilə xatırlanan Bibiheybət yeni görkəmi ilə heyrətamiz turizm məkanına çevriləcək

Ölkə başçısı cənab İlham Əliyevin göstərişi və xüsusi diqqəti nəticəsində Bakının qədim kəndləri tarixi kaloriti qorunmaqla yenidən qurulur, abadlaşdırılır və Avropanın məşhur turizm məkanlarından heç də geri qalmayan yeni gözoxşayan görkəm alır.

Dünyanın ən qədim neft mərkəzlərindən biri olan Bibiheybət qəsəbəsinin adı həm müqəddəs ziyarətgah kimi, həm də son aylarda tamamilə dəyişən yeni siması, böyük bir ərazidə aparılan genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri ilə Bakının ən gözəl məkanlarından birinə çevrilir.

Tarixi Bibiheybət qəsəbəsində aparılan heyrətamiz yenidənqurma işləri və neftlə çirklənmiş Bakı buxtasında həyata keçirilən misilsiz ekoloji bərpa fəaliyyəti ilə yerindəcə tanış olmaq məqsədilə sentyabrın 26-da YAP Səbail rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndləri, ziyalılar, gənclər Bibiheybət qəsəbəsində oldular, burada görülən işlərlə yaxından tanış oldular.

Neft mədənlərinin yerləşdiyi, uzun müddət təmizlənməyən və ekoloji fəlakətə doğru gedən bu ərazilərdə dövlət başçısının bilavasitə tapşırığına əsasən qısa müddətdə silsilə ekoloji tədbirlər həyata keçirilmiş, torpaq neft tullantılarından təmizlənmiş, aparılan yenidənqurma və bərpa işləri nəticəsində ərazinin görkəmi tamamilə dəyişmişdir. Bu işlərin davamı kimi 2019-cu ildən qəsəbədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlaşdırma işləri nəticəsində yaşamaq üçün ekoloji cəhətdən təhlükəli olan, infrastruktur şəraiti zəif olan, əsasən uçub-dağılan evlərdən ibarət olan Bibiheybət qəsəbəsi sözün əsl mənasında ekoloji cənnətə və cəlbedici turizm məkanına çevrilib. Qəsəbədəki yenidənqurma və abadlıq işləri artıq yekunlaşmaq ərəfəsindədir. Qəsəbənin tarixini qorumaq, bu məkanı həm yerli, həm də xarici turistlər üçün açıq səma altında “muzey”ə çevirmək məqsədilə böyük bir ərazidə çoxsaylı yaşayış evlərinin fasadları yenilənib, əlavə eyvanlar, lokal küçə işıqlanması və talvarlar qurulub. Tarixiliyi qorumaq şərtiylə düzülən qənbər daşları, divarlarda müxtəlif rəsm əsərləri, dam örtükləri, asılqanlı dibçəklər, çəkilən yeni asfalt, Abşeron bağ elementləri ilə bəzədilmə bu tarixi məkana yeni nəfəs verməklə gözoxşayan mənzərələr yaradıb.

Qəsəbənin infrastruktunun tamamilə yenilənməsi yerli sakinlərdə yüksək məmnunluq hissi yaradıb. Yolboyu sakinlər görülən işlərdən, yenilənən su və kanalizasiya sistemindən, aparılan abadlıq işlərindən, yaradılan park və uşaq oyunu meydançalarından, həmçinin qəsəbə sakinləri və kiçik sahibkarlar üçün gələcəkdə məşğulluğu artıracaq və turizm cəlbinə töhfə olacaq yeni iş yerlərinin – tarixi əks etdirən əyləncə vasitələrinin, əl sənətkarlığı nümunələrinin hazırlanması və turistlər üçün suvenir satışı obyektlərinin yaradılmasından razılıq və minnətdarlıqla bəhs edərək əhalinin yaşayış şəraitinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Bibiheybətdən unudulmaz təəssüratlarla ayrılan Səbail rayon fəalları bildirdilər ki, ölkə başçısının diqqət və qayğısı ilə Bakının bütün qədim kəndlərində aparılan yenidənqurma və abadlıq işləri əhalidə yüksək əhval ruhiyyə və məmnunluq hissi yaradır. Şübhəsiz ki, bu istiqamətdəki məqsədyönlü fəaliyyətin və qısa müddətdə Balaxanıda, Bibiheybətdə əldə olunan heyrətamiz nəticələrin Azərbaycan turizm sektorunun inkişafında ölçüyəgəlməz töhfələri olacaqdır.