Səbail rayonundan bir qrup gənc, YAP könüllüləri Ağdam rayonunun Quzanlı kəndində oldular
06.10.2020Şanlı Azərbaycan ordusu bugünlərdə müstəqillik dövrümüzün ən şərəfli, qürurlu tarixini yazır. 10 gündür ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında igid əsgər və zabitlərimiz əsl qəhrəmanlıq, böyük fədakarlıq nümayiş etdirir, düşmənə sarsıdıcı zərbələr endirir, işğalçıları torpaqlarımızdan qovur.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək böyük sevinc və həyəcanla cəbhə bölgəsində gedən döyüşləri, rəşadətli Azərbaycan ordusunun zəfərlərini izləyir. Hər birimiz Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun yeni qələbə xəbərlərini səbirsizliklə gözləyirik.
Oktyabrın 4-də Səbail rayonundan bir qrup gənc, YAP könüllüləri Ağdam rayonunun Quzanlı kəndində oldular. Bakı şəhəri-Ağdam rayonu, kəndləri arasında yolboyu gənclər bütün vətəndaşların böyük ruh yüksəkliyi ilə Azərbaycan Ordusunun tezliklə qələbə çalacağına əmin olduqlarına, Azərbaycan xalqının, Ali Baş Komandanımızın ətrafında sıx birləşməsinə və cəbhəyanı rayonlarda, kəndlərdə, ümumiyyətlə bütün yaşayış məntəqələrində bütün vətəndaşlarımızın mərdliklə, cəsarətlə yüksək vətənpərvərlik nümayiş etdirdiklərinə şahid oldular.
Bugünlərdə xalqımızın, dövlətimizin yeni şanlı tarixi yazılır. Qarabağ Azərbaycandır! Əminik ki, Azərbaycan Ordusu yaxın günlərdə xalqımıza yeni qələbə sevincləri bəxş edəcək və Azərbaycanın işğal altında olan bütün torpaqları düşmən tapdağından azad olunacaqdır.