YAP Səbail rayon təşkilatının fəalları və könüllü gənclər növbəti dəfə cəbhə bölgəsində oldular

Oktyabrın 17-də YAP Səbail rayon təşkilatının fəalları və könüllü gənclər növbəti dəfə cəbhə bölgəsində oldular.

Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığı bu tarixi günlərdə Səbail YAP gəncləri Füzuli şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad olunması haqqında Prezident İlham Əliyevin müjdəli xəbərinin sevincini Horadiz şəhərində qeyd etdilər.

Yol boyunca gənclər kiçikdən-böyüyə bütün vətəndaşların yüksək vətənpərvərliyinə, şücaətli Azərbaycan Ordusu və Ali Baş Komandanımızla sarsılmaz həmrəyliyinə və ölkə başçısının siyasətinə olan dərin etimadına şahid oldular.

Əminliklə deyə bilərik ki, hər kəsin qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarı və hər yerdə, bütün yaşayış məntəqələrini, avtomobil və nəqliyyat vasitələrini bəzəyən Azərbaycanın və Türkiyə Cümhuriyyətinin şanlı bayraqları xalqımızın Böyük Qələbəyə olan inamının simvoluna çevrilib. Bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib və hər gün şad xəbərlərini aldığımız işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını səbirsizliklə gözləyir. Vətən torpağının hər bir qarışı və azad olunan hər bir kənd, qəsəbə, şəhər, rayon hər birimiz üçün əzizdir. İşğaldan azad olunan Azərbaycan torpaqlarında dalğalanan şanlı üçrəngli bayrağımız və səsləndirilən müqəddəs azan səsi hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirir. Biz Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna inanırıq və bilirik ki, hər gün, hər saat bizi Böyük Qələbə Gününə yaxınlaşdırır. Yaşasın müstəqil Azərbaycan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev! QARABAĞ AZƏRBAYCANDIR!!!