YAP Səbail rayon təşkilatının üzvləri Vətən torpağının azadlığı uğrunda qəhrəmanlıqla döyüşən hərbiçiləri ziyarət etdilər
19.10.2020Oktyabrın 19-da YAP Səbail rayon təşkilatının fəalları müqəddəs Vətən torpağının azadlığı uğrunda döyüşlərdə yaralanan və hazırda müalicə olunan hərbiçilər, Azərbaycan Silahlı Qüvvələrinin cəsur əsgərləri, zabitləri ilə görüşdülər.
Yaralı hərbiçilərə baş çəkən YAP üzvləri onlarla səmimi söhbət etdilər, əsgərlərimizin müalicə aldığı şəraitlə yaxından maraqlandılar. Qeyd olundu ki, Azərbaycan xalqının kiçikdən-böyüyə hər bir fərdi Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmənin xain təxribatlarının qarşısını qətiyyətlə almasını və işğal altında olan Vətən torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatları dəstəkləyir, ön cəbhədən gələn hər bir qələbə xəbəri, işğaldan azad olunan hər bir yaşayış məntəqəsi, strateji yüksəliklər haqqında məlumatlar bütün Azərbaycan xalqında yüksək fəxarət və hədsiz sevinc hissi yaradır. Vurğulandı ki, bu haqq mübarizəsində Azərbaycan xalqı Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşib. Şücaətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi hər qarış torpaq, hər bir kənd, şəhər xalqımız üçün əzizdir və hər birimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını və işğaldan azad olunmuş bütün Azərbaycan torpaqlarında şanlı üçrəngli bayrağımızın dalğalanacağı günləri səbirsizliklə gözləyirik. Azərbaycan xalqı müzəffər Ordumuza tam güvənir və cəbhədən gələn hər bir şad xəbər hər kəs tərəfindən böyük fərəh və ruh yüksəkliyi ilə qarşılanır. Ölkəmizdə mövcud olan Prezident-Xalq-Ordu birliyi Azərbaycanın möhtəşəm qələbələrinin başlıca təminatçısıdır.
Diqqətə çatdırıldı ki, Azərbaycan xalqı hər zaman qəhrəman əsgərlərimizin yanındadır və Yeni Azərbaycan Partiyasının əsgərlərimizə göstərdiyi qayğı bu diqqətin təzahürlərindəndir. Söhbət əsnasında hər bir hərbiçimiz Ordumuzun yüksək döyüş ruhu, əldə olunan zəfərlərdən fəxarətlə bəhs edərək, tezliklə sağalıb yenə cəbhə bölgəsinə getmək, cəbhə yoldaşları ilə birlikdə Vətən torpağı uğrunda döyüşmək və Azərbaycan xalqının bu müqəddəs haqq mübarizəsinə yeni töhfələr vermək arzusu ilə yaşadıqlarını qeyd etdilər. Yüksək əhval ruhiyyədə olan əsgərlərimiz əminliklə vurğuladılar ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan hər bir qarış Azərbaycan torpağını azad edəcək və şanlı bayrağımızı yeni azad olunmuş torpaqlarımızda dalğalandıracaqdır.
Ziyarətçilər yaralı hərbiçilərimizə, bütün müalicə olunan qəhrəman Azərbaycan oğullarına Allahdan şəfalar dilədilər və onlara tezliklə sağalaraq cəbhə yoldaşlarının yanına, döyüş meydanına qayıtmağı arzu etdilər.
Allah Azərbaycan Ordusunu qorusun və Azərbaycan xalqını Vətən uğrunda gedən bu haqq mübarizəsində müzəffər etsin.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! QARABAĞ AZƏRBAYCANDIR!!!