Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi

Dekabr 11-də Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq tədbirin 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyini bildirdi.

Tədbir iştirakçıları Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

K.Tahirov qeyd etdi ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir. Bu gün açılışına toplandığımız guşədə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunduğunu diqqətə çatdırmışdır.

Sonra giriş sözü ilə Mədəniyyət Nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov çıxış etdi. O bildirdi ki, bu gün Ulu Öndərin ruhu ikiqat şaddır, əvvəla ona görə ki, onun canından çox sevdiyi doğma Azərbaycanı öz tarixi Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır, bayram edir və həm də ona görə ki, bu bayram sevincini və zəfər eyforiyasını xalqımıza, dövlətimizə Ulu öndərin həyat və siyasət məktəbinin yetişdirməsi olan, onun “özü qədər inandığı” davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev  qazandırmışdır. Məncə heç də təsadüfi deyildir ki, cənab Prezidentimiz qələbə sevincini ilk olaraq Ulu Öndərimiz Heydər Əliyevlə bölüşmək üçün Fəxri Xiyabana gedərək onun abidəsinin önündə baş əyərək Atasının ən böyük vəsiyyətini yerinə yetirdiyini bildirmişdir. Bu gün biz Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasiminə toplaşmışıq. Buradakı kitablara nəzər yetirərkən Ulu Öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik. Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu kitablarla və Ulu Öndərin orada etdiyi qeydlərlə tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaqlar və bundan müsbət bir örnək götürəcəklər.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev diqqətə çatdırdı ki, Heydər Əliyev Azərbaycan xalqının son 200 ildə yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirmişdir. Ş.Hacıyev vurğuladı ki, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda formalaşmağa başlayan ordu quruculuğu hal-hazırda Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf etmişdir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanımızın rəhbərliyi altında böyük zəfər tarixi yazaraq 30 ilə yaxın müddətdə düşmən əsarətində olan Azərbaycan torpaqlarını erməni işğalından azad etmişdir.

Tədbirdə həmçinin, digər iştirakçıların da Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində xidmətləri haqqında çıxışları dinlənildi.

Sonda tədbir iştirakçıları guşədə nümayiş olunan materiallarla tanış oldular.

http://anl.az/