YAP Səbail rayon təşkilatında “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi

YAP Səbail rayon təşkilatında, Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinin memarı, görkəmli dövlət xadimi, möhtərəm Prezident və müzəffər Ali Baş Komandan İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyətinə həsr olunan “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi.

Səbail rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya veteranlarının və gənc fəalların iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, sədr müavini Mehman İsmayılov, Aparat rəhbəri dos. Zəfər Bayramov, İdarə Heyətinin üzvləri – “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Adilə xanım Abasova, Rayon Şurasının üzvləri – 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, Azərbaycan Respblikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli, fəal gənclər Bəyim Nəbiyeva Fuad Heydərli çıxış etdilər. Natiqlər, adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin mühüm tərkib elementlərini, o cümlədən Vətən müharibəsində həm döyüş meydanında, həm də siyasi arenada əzəli düşmənimiz üzərində qazanılmış inamlı, parlaq qələbəmizi təmin edən güclü, müasir ordu quruculuğunun və dinamik, dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelinin müxtəlif aspektlərini geniş təhlil etdilər.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev partiya təşkilatının çoxminli üzvləri adından Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi 24 dekabr doğum günü münasibətilə təbrik etdi və ən səmimi arzularını bildirərək ölkə başçısına möhkəm cansağlığı, sağlam uzun ömür, Azərbaycanın gələcək inkişafı naminə şərəfli fəaliyyətində yeni-yeni uğurlar, ailəsinə xoşbəxtlik, səadət arzuladı. Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun düşmən tapdağından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün, dövlət sərhədlərinin, suverenliyinin tam bərpa edilməsi münasibətilə müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, bütün xalqımızı təbrik edən Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycan xalqı möhtərəm Prezidentimizlə sözün əsl mənasında qürur duyur, fəxr edir. Bütün Türk dünyası, eləcə də Azərbaycan xalqına dost-qardaş olan dövlətlərin vətəndaşları, sülhsevər dünya ictimaiyyəti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə sevincini bölüşür. Qeyd olundu ki, 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyev döyüş meydanında, siyasi arenada, beynəlxalq informasiya mübarizəsində misilsiz uğurlara imza atdı, işğalçı Ermənistanın uydurmalarını, erməni miflərini dağıtdı, Azərbaycan xalqını məğlubiyyət, fəlakət və müsibətlərdən xilas etdi, Türk millətinin başını ucaltdı, Azərbaycan xalqının qəhrəmanlığını, məğlubedilməzliyini, qələbə əzmini, döyüşkənliyini və işğalla heç bir zaman barışmadığını bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin memarı olduğu bu tarixi qələbə nəticəsində Azərbaycan, düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməklə yanaşı, müstəqillik tarixinin yeni, möhtəşəm, şərəfli tarixini yazdı. Ş.Hacıyev vurğuladı ki, bu qələbə Prezident İlham Əliyevin rəhbəliyi ilə Azərbaycanın ötən 17 il ərzində əldə etdiyi misilsiz iqtisadi, siyasi, diplomatik uğurların, gərgin əməyin nəticəsidir. İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamıdır. İlham Əliyev Azərbaycan üçün mümkünsüz görünənləri reallaşdırdı. “Ölkəmizin hazırki iqtisadi, hərbi qüdrəti, müsbət beynəlxalq imici, dünya ictimaiyyətinin dəstəyi və əldə etdiyimiz diplomatik uğurlar olmasaydı bu münaqişənin həlli çox uzun sürə bilərdi. Lakin Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, əsl Liderə xas şəxsi keyfiyyətləri, cəsarəti, intellekti, uzaqgörənliyi, situasiyanı düzgün qiymətləndirmə, adekvat, optimal qərar qəbul etmə qabiliyyəti və Xalq-İqtidar-Ordu birliyinə arxalanması nəticəsində Azərbaycan bu gün regionun Lider ölkəsinə, yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradan güc mərkəzinə, güclü iqtisadiyyata malik qüdrətli, demokratik, müstəqil, dünyəvi dövlətə çevrilib. İlham Əliyev yeni dövrdə Türk dünyasının yeni Liderlərindən biridir. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsi dövründə dünyanın nüfuzlu telekanallarına, aparıcı informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrində ölkəmizi, xalqımızı bütün dünyaya yenidən təqdim etdi. Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında və diplomatik arenada əldə etdiyi misilsiz nailiyyətlər nəticəsində 27 il sonra məğlub dövlətdən məğrur, qalib dövlətə çevrildi. İndi isə Azərbaycan üçün tamamilə yeni, möhtəşəm inkişaf dövrü başlayır. Xalqımız düşmənin illərlə viran qoyduğu torpaqlarımızı İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə yeidən quracaq, o bölgələrimizə məxsus zəngin tarixi, mədəni, dini irsimizi bərpa edəcək, Qarabağı və ətraf rayonları cənnət məkana, beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirəcək. Azərbaycan dünyanın ən inkişaf etmiş, əhalinin yüksək rifahının təmin olunduğu ölkələrdən biri olacaq. Bu şərəfli vəzifələrin icrasında sözsüz ki, Yeni Azərbaycan Partiyasının da mühüm töhfələri olacaqdır. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkə başçısı İlham Əliyevin müsəlləh əsgəridir. Bizim yolumuz Ulu Öndər Heydər Əliyev yolu, siyasətimiz İlham Əliyev siyasətidir.” 

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil dövlətçiliyi üçün misilsiz xidmətlərindən danışaraq vurğuladı ki, Ümummilli Liderin sağlığında öz layiqli siyasi varisini və özü qədər inandığı şəxsiyyət İlham Əliyevi Azərbayan xalqına təqdim etməsi Heydər Əliyevin dahiyanə xilaskarlıq missiyalarından biridir. K.Tahirov bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə Azərbaycanın dinamik inkişafı və düşmən tapdağında olan Qarabağın və digər torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən son möhtəşəm qələbəmiz Ulu Öndər Heydər Əliyev siyasətinin növbəti təntənəsi oldu. Azərbaycan xalqı hər zaman İlham Əliyevlə, onun gördüyü işlərlə qürur duymuşdur, Vətən müharibəsindəki tarixi qələbə isə İlham Əliyevin adını görkəmli dövlət xadimi, fateh sərkərdə kimi Azərbaycan tarixinin şanlı səhifələrinə və dünya zəfər tarixinə əbədi həkk etdi. Gələcək nəsillər də Azərbaycan xalqının bu möhtəşəm Zəfəri ilə öyünəcək, Prezidentimiz, Ali Baş Komandanımızla qürur duyacaqlar.

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Adilə xanım Abasova misilsiz şanlı qələbə münasibətilə xalqımızı təbrik etdi və diqqətə çatdırdı ki, bu qələbə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz fəaliyyəti, diplomatik bacarığı, bir rəhbər, Lider kimi qətiyyəti və siyasi iradəsinin nəticəsidir. İlham Əliyevin gənc yaşlarından başlayaraq həyata keçirdiyi və uzun illərdir ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasi fəaliyyətini təhlil edən A.Abasova ölkə başçısını əlamətdar tarix, doğum günü münasibətilə təbrik etdi və İlham Əliyevə, Onun ailəsinə Azərbaycan xalqının rifahı, gələcək xoşbəxtçiliyi naminə şərəfli fəaliyyətlərində bundan sonra da yeni-yeni möhtəşəm nailiyyətlər arzuladı.

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi Ulu Öndər Heydər Əliyevin vəsiyyətini ləyaqətlə icra edərək Azərbaycan tarixinə əbədi möhrünü vuran layiqli siyasi varis, praqmatik siyasətçi, xarizmatik Lider, güclü strateq və görkəmli dövlət xadimi olan şəxsiyyət, bütün beynəlxalq təzyiqlərə, təhdidlərə mətanətlə sinə gələrək Azərbaycanın haqq mübarizəsində xalqımızı qalib edən müzəffər Ali Baş Komandan kimi xarakterizə etdi. B. Quliyev xüsusi vurğuladı ki, Vətən müharibəsində cəmiyyətimizdə misilsiz Xalq-Lider-Ordu birliyi müşahidə olundu. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsinin başlıca sirlərindən biri budur ki, 44 gün boyunca hər bir Azərbaycan əsgəri, hərbiçisi yanında qəhrəman Sərkərdənin və böyük bir xalqın olduğunu bilirdi və bundan güc alırdı. İlham Əliyev Azərbaycan tarixində son 200 ildə xalqımıza torpaqlarımızı geri qazandıran ilk sərkərdə, dövlət xadimidir. Bu gün Azərbaycan vətəndaşlarının, xalqımızın yekdil istəyi, diləyinin müzəffər, qalib Ali Baş Komandanımıza ən ali statusun təqdim olunması olduğunu diqqətə çatdıran B.Quliyev Azərbaycan tarixinə adını qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevə Azərbaycan xalqına misilsiz xidmətlərinə görə “Xalqın Qəhrəmanı” statusunun verilməsini təklif etdi.

Çıxış edən YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova bütün Azərbaycan xalqını möhtəşəm qələbə günü və əlamətdar 24 dekabr tarixi münasibətilə təbrik etdi və bildirdi ki, Azərbaycan xalqının bugünkü xoşbəxtçiliyinin ilk təməlləri 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər təyin olunduğu tarixdə atılıb. Həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqı və dövlətçiliyi üçün mümkün olan hər şeyi edən Ulu Öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirmək və xalqa eyni sədaqət və ləyaqətlə xidmət etməyin özü böyük hünər, cəsarət tələb edirdi. Bütün Azərbaycan xalqının sevimlisi, doğmasına çevrilən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev bu çətin, şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən böyük məharətlə gəldi. İlham Əliyev Prezident seçildiyi ilk gündən hər zaman sözü ilə əməli üst-üstə düşmüş, Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirmişdir. İlham Əliyev bütün çıxışlarında bu sözü əminliklə deyirdi ki, “biz Qarabağa qayıdacağıq, bizim bütün qaçqın və məcburi köçkünlərimiz öz doğma el-obalarında, əzəli torpaqlarında yaşayacaqlar.” Həqiqətən, bir çoxları üçün xəyal olan bu sözlər 2020-ci ildə Ali Baş Komandanımızın qətiyyəti, siyasəti nəticəsində reallaşdı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, döyüşkən Azərbaycan əsgəri, Azərbaycan xalqının milli birliyi, həmrəyliyi bütün dünyada fenomen oldu. Biz bir daha demək istəyirik ki, “Yaşa, cənab Prezident! Xalqımıza yaşatdığınız hədsiz sevinc, qürur, fərəh və möhtəşəm Qələbə sevinci üçün Sizə təşəkkür edirik!”

YAP Səbail Rayon Şurasının üzvü, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova çıxışında qeyd etdi ki, möhtərəm Prezidentimizin çoxşaxəli fəaliyyətini qiymətləndirmək üçün müvafiq meyarın tapılması olduqca çətin, şərəfli və məsuliyyətlidir. İlham Əliyev müasir müstəqil Azərbaycanın şərəfli tarixini formalaşdıran, Şah İsmayıl Xətaidən sonra Azərbaycan torpaqlarını xalqımıza geri qaytaran ilk Fateh sərkərdə, Cənubi Qafqazın ən güclü ordusunu yaradaraq xalqımızın ən müqəddəs hülyalarını, arzularını reallaşdıran və dünya arenasında artıq özünü təsdiqləyən görkəmli dövlət xadimidir. Yenidən qurulacaq, bərpa olunacaq doğma Qarabağımızın İlham Əliyevin şah əsəri olacağına dair əminliyini ifadə edən G.Orucova bildirdi ki, Azərbaycanın gələcək nəsilləri, gəncləri də bu şərəfli dövlətçilik irsindən nümunə götürəcəklər. G.Orucova, ölkə başçısının beynəlxalq informasiya mübarizəsində nümayiş etdirdiyi qətiyyətli mövqeyi xüsusi vurğulayaraq qeyd etdi ki, rus mediyası bu məsələdə İlham Əliyevin MQİMO məzunu olmasına diqqət çəkirlər. Lakin İlham Əliyev ilk növbədə milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycan torpaqlarının vətəndaşıdır, Ulu Öndər Heydər Əliyev akademiyasının yetirməsi və məzunudur. İlham Əliyevin Azərbaycan xalqına ləyaqətlə xidmət etməsi, dediyi bütün sözlərə, verdiyi vədlərə sadiq olması bir çox ölkə başçısı üçün örnək təşkil edir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bizim belə Liderimiz var. Biz bu bayram günündə Prezidentimizi, Ali Baş Komandanımızı təbrik edirik, Ona möhkəm cansağlığı arzu edirik və diləyirik ki, ətrafında hər zaman sədaqətli insanlar olsun.

Aparat rəhbəri dos. Zəfər Bayramov Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, çoxşaxəli ictimai-siyasi fəaliyyəti, Ona beynəlxalq arenada böyük uğurlar qazandıran diplomatik qətiyyəti haqqında geniş danışaraq bildirdi ki, Azərbaycan xalqının 2003-cü ildə verdiyi düzgün qərar 2020-ci ildə qüdrətli, güclü, məğrur Azərbaycana misilsiz qələbələr qazandırdı. Alman filosofu Fridrix Nitsşenin “Tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır” fikrini xatırladan Z.Bayramov diqqətə çatdırdı ki, Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın da şanlı, şərəfli, qürurlu tarixini yaratdılar. Z.Bayramov İlham Əliyev şəxsiyyətinin siyasi xadim və ölkə rəhbəri kimi formalaşmasının müxtəlif aspektlərini təhlil edərək qeyd etdi ki, İlham Əliyevin dövlətçilik fəaliyyəti siyasi dahilik nümunəsi kimi gələcəkdə də geniş araşdırılacaqdır.

Sədr müavini Mehman İsmayılov Azərbaycanın məhz İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti, məharətli idarəçiliyi nəticəsində dünyaya bir günəş kimi parladığını qeyd etdi. İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi nəticəsində regionumuzda reallaşan nəhəng transmilli layihələr, nəqliyyat dəhlizləri haqqında danışan M.İsmayılov bu layihələrin Azərbaycanın siyasi-iqtisadi inkişaf qarantı olduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, müzəffər Ali Baş Komandanımız, Prezidentimiz hər bir sahədə öz qalibiyyətini bütün dünyaya nümayiş etdirməyi bacarıb, Azərbaycan regionda, müxtəlif beynəlxalq təşkilatlarda söz sahibidir. Bugünkü qüdrətli, güclü, qalib Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Biz Prezidentimizlə, Ali Baş Komandanımızla fəxr edirik, Ona yorulmaz, şərəfli fəaliyyətində uğurlar arzu edirik. Allah İlham Əliyevi, Azərbaycanımızı qorusun! Amin!”

Şanlı, möhtəşəm Qələbə və doğum günü münasibətilə Prezidentimizi təbrik edən YAP Səbail Rayon Şurasının üzvü, 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova qeyd etdi ki, Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevlə, İlham Əliyevlə fəxr etmişdir. Biz hər zaman Prezidentimizə inanırdıq, bilirdik ki, verdiyi vədlər mütləq reallaşacaq. 44 günlük Vətən müharibəsi dövründə isə İlham Əliyev hər bir Azərbaycan ailəsinin doğmasına, əziz insanına çevrildi. Kiçikdən-böyüyə hər bir vətəndaşımız Ali Baş Komandanımızı daha da böyük məhəbbətlə sevdi, Onunla qürur duydu. S.Əzimova çıxışında cəmiyyət olaraq, hamılıqla şəhid ailələrinin, qazilərimizin daim diqqət mərkəzində saxlanılması məsələsinə diqqət çəkdi.

YAP Səbail Rayon Şurasının üzvü, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova Azərbaycanın Böyük Qayıdışının başlanğıcı, ilk qaranquşu olan Cocuq Mərcanlı kəndinin sakinlərinin tarixi Qələbə münasibətilə təbriklərini Konfrans iştirakçılarına çatdırdı və arzu etdi ki, gün o gün olsun ki, biz bu Qələbəmizi işğaldan azad olunan torpaqlarımızda, Cocuq Mərcanlıdan Şuşaya piyada gedərək qeyd edək.

Azərbaycan Respblikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov milli maraqlarımızı hər zaman hər şeydən üstün tutan Prezident İlham Əliyevin Azərbaycan xalqının tarixi qələbəsini reallaşdıraraq qəhrəmanlıq salnaməsi yazdığını bildirdi. Qeyd olundu ki, İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmağa və beynəlxalq hüquqa söykənərək döyüş meydanında və siyasi arenada Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oldu. E. Əhmədov vurğuladı ki, Azərbaycanın möhtəşəm Zəfər paradı eyni zamanda böyük bir siyasi məna kəsb edirdi. Azərbaycan Vətən müharibəsində bütün dünyaya XXI əsrin yeni müharibə modelini təqdim etdi. İlham Əliyevin regional Lider statusu artıq qlobal çərçivəyə yüksəlib. Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə azadlıq, Vətən müharibəsi olan İkinci Qarabağ savaşı Azərbaycanın Ali Baş Komandanının, Azərbaycan Ordusunun və əsgərinin qüdrətini həm düşmənimizə, həm də bütün dünyaya nümayiş etdirdi.

YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova çıxışında qeyd etdi ki, Ali Sərkərdəmiz, Liderimiz İlham Əliyev beynəlxalq hüquqa istinad edərək regionda erməni terrorunun, separatizmin kökünü kəsdi. Möhtərəm Prezidentimizin qılıncı qədər kəskin olan diplomatiyası Vətən müharibəsinin taleyini həll etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq bütün dünyanın təsdiq etdiyi, qəbul etdiyi və komplementar texnologiyası ilə məharətli idarəçilik örnəyi sərgiləyən Liderdir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təşəbbüsçüsü və strateji tərəfdaşı olduğu beynəlxalq iqtisadi layihələrin region və dünya üçün iqtisadi, siyasi əhəmiyyəti və ölkəmizin regionda artan rolu haqqında geniş danışan T. Kərimova Azərbaycanın parlaq gələcəyi haqqında fikirlərini bölüşdü.

YAP Səbail rayon “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev xalqımızın Vətən müharibəsindəki qələbəsini təmin edən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə Azərbaycanın qazandığı misilsiz siyasi, iqtisadi, beynəlxalq uğurlar haqqında danışdı. Xüsusi vurğulandı ki, Azərbaycan İlham Əliyev siyasətinin qətiyyəti və məharəti nəticəsində 44 gün ərzində ermənilər tərəfindən 200 ildir ki, xalqımıza qarşı aparılan faşist, işağlçı siyasətinə qalib gəldi. İlham Əliyev hər bir azərbaycanlının fəxridir, çünki Ali Baş Komandanımız Azərbaycan xalqının imzasını millətlərin imzası arasına əbədi olaraq daxil etdi.

YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli və gənc fəal Bəyim Nəbiyeva Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarına xidmət edən daxili və xarici siyasətinin müxtəlif tərkib elementləri haqqında danışdılar. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, xalqımızın qazandığı şanlı Qələbə münasibətilə keçirdikləri yüksək fəxarət, qürur, sevinc hisslərini ifadə edən gənclər müharibə günlərində Səbail rayon gənclərinin fəaliyyəti, ön cəbhəyə təşkil olunan səfərlər, əsgərlərlə keçirilən görüşlər, əsgər ailələrinə, yaralı hərbiçilərə göstərilən diqqət, qayğı, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Səbail rayon Şəhidlərinin ailələri ilə görüşlər, qazilərin evlərinə təşkil olunan ziyarətlər haqqında məlumat verdilər. Qeyd olundu ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin qalibiyyət salnaməsi gələcək nəsillər tərəfindən də öyrəniləcək, araşdırılacaq və Azərbaycan tarixinin ən şanlı, şərəfli səhifələri kimi xalqımızın əbədi yaddaşına həkk olunacaqdır.

Bütün natiqlər və Konfrans iştirakçıları Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə “Xalqın Qəhrəmanı” Fəxri adının verilməsi təklifini yekdilliklə dəstəklədilər.

”Yeni Azərbaycan” qəzeti
”Səs” qəzeti

http://yap.org.az/
https://azertag.az/
http://ikisahil.az/
https://sia.az/
http://yeniazerbaycan.com/