Səbail rayonunda Şəhid Nağıyev Əli Mehman oğlunun əziz xatirəsi ehtiramla yad olunur
25.12.2020Azərbaycan torpaqlarının mənfur düşmən işğalından azad olunması uğrunda gedən Vətən müharibəsində şanlı döyüş yolu keçərək Laçın istiqamətindəki döyüşlərdə qəhrəmancasına Şəhadət zirvəsinə ucalan Şəhid Nağıyev Əli Mehman oğlunun bu gün anadan olduğu gündür.
Şəhid Nağıyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Sadə və zəhmətkeş ailənin oğlu idi. Çox utancaq və mədəni biri idi Əli. Bu sakit təbiətli Vətən övladı İkinci Qarabağ müharibəsi başlayan kimi bir an belə büdrəmədən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak etmiş və oktyabrın 22-də Laçın istiqamətindəki döyüşlərdə Şəhadət zirvəsinə ucalmışdır. Əsgər Nağıyev Əli Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimiz subay idi.
Bu gün Səbail rayonunda Şəhidimiz Əlinin əziz xatirəsi ehtiramla yad olunur. YAP Səbail rayon təşkilatının gəncləri Şəhidimizin doğum günündə məzarını ziyarət etdilər, qəhrəmanımızın ruhu qarşısında bir daha dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Gənclər Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən və indi yanaşı uyuyan qəhrəmanlarımızın – Səbail rayonunun bütün Şəhidlərinin məzarlarına güllər düzdülər, əbədi xatirələrini bir daha məzarları başında yad etdilər. Şəhadətiniz mübarək, Vətənimizin qəhrəman oğulları! Allah bizi Sizlərin ruhuna layiq etsin.