YAP Səbail rayon təşkilatında 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

YAP Səbail rayon təşkilatında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə videoformatda Rayon Şurası və İdarə Heyətinin geniş iclası keçirildi. İclasda əlamətdar 31 dekabr gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti haqqında çıxışlar dinlənildi, rayon partiya təşkilatı tərəfindən 2020-ci ildə görülmüş işlərin nəticələri müzakirə edildi və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edildi.

Rayon Şurası və İdarə Heyəti üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin və partiya fəallarının iştirak etdiyi iclasda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, “2 N-li” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu 50 nömrəli orta məktəbin direktoru Sədaqət Həsənova və “3 saylı Vərəm dispanseri” ərazi ilk partiya təşkilatının üzvü Günel Hacıyeva çıxış etdilər.

Natiqlər “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün tarixindən və bu önəmli tarixin əbədiləşdirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs etdilər.

İclasda YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti haqqında məlumat verildi. Qeyd olundu ki, 2020-ci ildə Səbail rayonu ərazisində VI çağırış Milli Məclis seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla keçirilmiş, koronavirus COVID-19 pandemiyası ilə əlaqədar respublika ərazisində elan olunmuş xüsusi karantin rejimində aprel ayından başlayaraq bugünədək YAP Səbail rayon təşkilatı tərəfindən, YAP könüllü gəncləri, Qadınlar Şurasının üzvləri və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) iştirakı ilə rayon ərazisində ümumilikdə 250-dən çox aztəminatlı ailəyə, o cümlədən tənha ahıllara, yataq xəstələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə, partiya veteranlarına zəruri ərzaq, dərman, tibbi-gigiyenik vasitələrdən ibarət yardımlar çatdırılmış, həmçinin müxtəlif sosial xidmətlər göstərilmişdir. Vətən müharibəsi günlərində rayon partiya təşkilatı və ərazi ilk partiya təşkilatları tərəfindən ön cəbhəyə dəfələrlə səfərlər təşkil olunmuş, əsgərlərlə görüşlər keçirilmiş, əsgər ailələrinə, yaralı hərbiçilərə diqqət, qayğı göstərilmiş, “Əsgərə məktub!” layihəsi icra olunmuş, Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Səbail rayonu Şəhidlərinin ailələrinə və müharibə qazilərinin evlərinə ziyarətlər təşkil olunmuş, tarixi qələbə münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsilmiş, qurban payları rayon ərazisində 200-dən çox aztəminatlı ailəyə çatdırılmış, müharibə günlərində və sonrasında mətbuatda çoxsaylı məqalələr, yazılar dərc olunmuşdur.

Bütün çıxışlarda Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun və Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsi xüsusi qeyd olundu. Natiqlər Vətən torpaqlarının azadlığı uğrunda Şəhadət zirvəsinə ucalmış bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər və qazilərimizə şəfalar dilədilər.