“Səs” qəzeti mübarizliyini, cəsarətini ən çətin dövrlərdə nümayiş etdirib – TƏBRİK

IMG_9359Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

“SƏS” QƏZETİ MÜBARİZLİYİNİ, CƏSARƏTİNİ ƏN ÇƏTİN DÖVRLƏRDƏ NÜMAYİŞ ETDİRİB – TƏBRİK

Hörmətli Bəhruz müəllim!

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının çoxminli üzvləri və şəxsən öz adımdan “Səs” qəzetinin təsis olunmasının 30 illik yubileyi münasibətilə Siz başda olmaqla dəyərli kollektivinizin hər bir üzvünü səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

“Səs” qəzeti müstəqil Azərbaycan dövlətçiliyi və xalqımız üçün ən taleyüklü, mürəkkəb dövrdə yaranmış və şərəfli inkişaf yolu keçmişdir. Bütün fəaliyyət dövrü ərzində xalqımızın milli-mənəvi, tarixi və mədəni dəyərlərinin carçısı olan bu mətbu orqan ölkəmizdə informasiya cəmiyyətinin formalaşması və inkişafına misilsiz töhfələr vermiş, Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin mütərəqqi siyasətinin, qabaqcıl ictimai ideyaların təbliğində və məlumatların geniş oxucu kütləsinə hər zaman operativ, obyektiv və qərəzsiz çatdırılmasında yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan “Səs” qəzeti mübarizliyini, cəsarətini, yüksək milli ruhunu ən çətin dövrlərdə nümayiş etdirən nümunəvi kütləvi informasiya vasitəsi kimi müstəqillik tariximizə daxil olmuş, özünün layiqli və prinsipial mövqeyi, peşəkarlığı və əvəzsiz xidmətləri ilə respublika ictimaiyyətinin daimi yaddaşına həkk olunmuş, geniş oxucu auditoriyasının böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olaraq “Səs” qəzeti bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin və xalqımızın milli maraqlarının, partiyamızın çoxşaxəli fəaliyyətinin geniş təbliğatçısı olmuşdur.

YAP-ın “Qızıl Fondu” hesab olunan “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciətinin və xalqımızın Ümummilli Liderinin həmin müraciətə Azərbaycanın qurtuluş konsepsiyasını təşkil edən proqramxarakterli tarixi cavabının son dərəcə mürəkkəb və ziddiyyətli dövrdə məhz “Səs” qəzetində dərc olunması qəzetin inkişaf tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Azərbaycan mətbuatı və jurnalistika tarixinə əbədi həkk olunan bu şərəfli və tarixi missiya “Səs” qəzeti kollektivinin cəsarətinin, qorxmazlığının və fədakarlığının ən bariz nümunəsi olaraq cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

“Səs” qəzetinin yubileyi çox əlamətdar günlərə, tariximizə qızıl hərflərlə yazılan möhtəşəm Qarabağ Zəfəri dövrünə təsadüf edir. 44 günlük Vətən müharibəsi günlərində və möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbəmizdə “Səs” qəzeti daima Prezidentimizin və Ordumuzun yanında olmuş, informasiya cəbhəsində özünəməxsus yerini və əvəzsiz töhfələrini bir daha göstərmişdir. Əminik ki, “Səs” qəzeti fəaliyətini bundan sonra da eyni yüksək vətənpərvərlik, azərbaycançılıq, prinsipiallıq və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda davam etdirəcəkdir.

Hörmətli Bəhruz müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivin hər bir üzvünü “Səs” qəzetinin 30 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə şərəfli, məsuliyyətli və yorulmaz fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Dərin hörmətlə,
Professor Şəmsəddin Hacıyev
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri

 

https://sia.az/

”Səs” qəzeti