YAP Səbail rayon “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə Heyətinin videoformatda iclası keçirildi
12.01.2021Yanvarın 11-də YAP Səbail rayon “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə Heyətinin növbəti iclası videoformatda keçirildi. İclasda ərazi ilk partiya təşkilatında (İPT) ötən dövr ərzində görülmüş işlər haqqında hesabat dinlənildi, İPT-nin İdarə heyətinin yeni tərkibi, sədri və müavinləri seçildi, eləcə də qarşıda duran vəzifələr müzakirə olundu.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarova iclası giriş sözü ilə açıq elan etdi və yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə müstəqil Azərbaycanın ən müasir tarixinə şanlı Zəfər ili kimi əbədi həkk olunan 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ölkə başçısının proqram xarakterli nitqində qeyd olunan məsələlər və işğaldan azad olunan torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində qarşıda duran vəzifələr haqqında danışdı. S.Qafarova qeyd etdi ki, Ali Baş Komandanımızın məharətli rəhbərliyi nəticəsində qazanılmış möhtəşəm Qarabağ qələbəsi ilə ölkəmiz öz siyasi, iqtisadi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. S.Qafarova müasir müstəqil Azərbaycanda bugünədək əldə olunmuş misilsiz uğurlarda Yeni Azərbaycan Partiyasının rolunu və töhfələrini xüsusi vurğulayaraq partiya sıralarında cəmləşmiş vətənpərvər gənclərə tövsiyələrini bildirdi və “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının gələcək fəaliyyətinə uğurlar arzuladı.
Yeni Azərbaycan Partiyasının inkişaf və fəaliyyət dövrünü “qələbələr dövrü” kimi xarakterizə edən Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri, “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının sədri vəzifəsini icra edən Adil Vəliyev vizual təqdimat formatında ötən dövr ərzində İPT-də görülmüş işlər haqqında məlumat verdi və İPT-nin fəaliyyətinin səmərəliliyinin daha da yüksəlməsi istiqamətində bir neçə təkliflə çıxış etdi.
YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev şəxsiyyəti ətrafında yaranan partiya olduğunu vurğulayaraq bildirdi ki, partiya sıralarında təmsil olunan və müstəqil dövlətçiliyimizə bağlı insanlar Azərbaycanın gələcəkdə daha da qüdrətlənməsi üçün ümumxalq işinə töhfələr verməyə davam edəcəklər.
Müasir Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçiliyimiz üçün ən taleyüklü məqamlarda yerinə yetirdiyi xilaskarlıq missiyaları və Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolu haqqında danışan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, YAP üzvləri hər zaman partiyamızın ilk Sədri və onun layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yanında olmuş, bütün dövrlərdə ölkəmizin ictimai-siyasi həyatının istisnasız olaraq bütün sahələrinin inkişafında yaxından iştirak etmişlər. Ş.Hacıyev ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir çağırışlara uyğun tamamilə yeni keyfiyyət müstəvisində dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin ildən-ilə yüksələn iqtisadi, hərbi qüdrəti, siyasi nüfuzu, müsbət beynəlxalq imici və diplomatik uğurlarına diqqət çəkərək vurğuladı ki, Azərbaycan bu gün dünyanın modern və dinamik inkişaf edən, ən əsası isə müstəqil siyasət yürüdən azsaylı dövlətlərindən biridir. “Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı, möhtəşəm Qarabağ Zəfəri Azərbaycan dövlətinin gücünü, siyasi iradəsini və sarsılmaz Xalq-İqtidar-Ordu birliyini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız və qəhrəman Ordumuz döyüş meydanında XXI əsrin müasir müharibə modelini ortaya qoyaraq “məğlubedilməz erməni ordusunu” darmadağın etdi, illərlə formalaşdırılmış erməni miflərini, onların yalan və iftiralarını ifşa etdi, Azərbaycan öz suverenitetini, ərazi bütövlüyünü, dövlət sərhədlərini bərpa edərək bu coğrafiyada yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratdı. İlham Əliyev informasiya mübarizəsi cəbhəsində və diplomatik arenada siyasi nüfuzunu, sözünün qüdrətini, zəka və Liderlik məharətini göstərərək ölkəmizin güc və söz sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qalib dövlətin vətəndaşları kimi möhtərəm Prezidentimizlə fəxr edir, qürur duyur və Onun ətrafında sözün əsl mənasında dəmir yumruq kimi birləşib.”
YAP Səbail rayon təşkilatının qeydiyyatında olan ümumilikdə 121 ərazi ilk partiya təşkilatları arasında intellektual potensialı, məsuliyyəti və səliqə-səhmanı ilə xüsusilə seçilən “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni seçiləcək tərkibinə gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzu edən Ş.Hacıyev əminliyini bildirdi ki, İPT-nın üzvləri bundan sonra da nümunəvi fəaliyyətlərini eyni məsuliyyətlə davam etdirəcək və ölkəmizin zəngin ictimai-siyasi həyatına əvəzsiz töhfələrini verəcəklər.
Çıxış edən “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə heyətinin üzvü, Milli Məclisin deputatı prof. Eldar İbrahimov müstəqilliyin ilk illərində Azərbaycanda yaranmış mürəkkəb və acınacaqlı ictimai-siyasi vəziyyət, ölkəni bürüyən siyasi, iqtisadi, sosial, mədəni böhran, Azərbaycanın 91 nəfər ziyalısının Heydər Əliyevə tarixi müraciəti və Ulu Öndərin bu müraciətdən sonra Yeni Azərbaycan Partiyasını yaradaraq tamamilə demokratik yollarla hakimiyyətə gəlişindən sonra Azərbaycan xalqının və dövlətçiliyinin tarixində baş verən qurtuluş və möhtəşəm intibah salnaməsi haqqında danışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Qarabağ Zəfəri münasibətilə bütün xalqımızı təbrik edən E.İbrahimov Azərbaycanın yeni və möhtəşəm inkişaf dövrünə qədəm qoyduğunu bildirdi və YAP sıralarında cəmləşən vətənpərvər, dövlətinə, xalqına bağlı insanları gələcəkdə gözləyən məsuliyyətli və şərəfli vəzifələr haqqında geniş bəhs etdi. E.İbrahimov “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni seçiləcək tərkibinə uğurlar arzuladı.
“2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Nizami Səfərov İPT-nin ötən dövr ərzində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında danışaraq Azərbaycanın gələcək sosial-iqtisadi inkişafında gənclərin rolunu xüsusi vurğuladı.
Müzakirələr zamanı “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab olundu. Daha sonra səsvermə keçirildi və İPT-nin 25 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi seçildi. Səsləndirilən təkliflər əsasında Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev yekdilliklə “2 №-li” (Azərbaycan Respublikası Milli Məclisi) ərazi ilk partiya təşkilatının yeni sədri seçildi. Sədrin üç müavini təkliflər əsasında seçildi və iclasa yekun vuruldu.
‘‘Yeni Azərbaycan” qəzeti
‘‘Səs” qəzeti
‘‘İki Sahil” qəzeti
https://www.meclis.gov.az/
http://yap.org.az/
https://azertag.az/
http://yeniazerbaycan.com/