Səbail rayonunda Vətən müharibəsi Şəhidlərinin Xatirə Abidəsinin açılışı oldu

Səbail rayonunun Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları və onların xatirəsinə inşa olunan abidə lövhəsi Səbail Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyəti nümayəndələri və Şəhid ailələri tərəfindən ziyarət olundu.

İlk olaraq Vətən müharibəsində həlak olmuş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xatirə lövhəsinin qarşısında Şəhid ailələrinin üzvləri ilə görüşən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq.

Daha sonra Səbail rayonunun Vətən müharibəsində şəhid olan qəhrəman oğulların məzarları ziyarət olundu.

Tədbirdə çıxış edən Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Görüş zamanı qeyd olundu ki, Vətən Müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub və məzarlığın giriş hissəsində xüsusi hazırlanmış mərmər lövhədə onların adları həkk olunmuş abidə quraşdırılıb. Bununla yanaşı, məzarların ətrafında abadlıq işləri aparılıb. Eyni zamanda, qəbiristanlığa gedən yola yeni asfalt örtüyü salınıb.

Daha sonra Badamdar qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış memorial kompleks ziyarət olundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ruhları şad olsun!

http://sabail-ih.gov.az/
https://www.apa.tv/

VİDEO