YAP Səbail rayon “Maliyyəçilər” (Maliyyə-iqtisad kolleci) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi

Fevralın 15-də YAP Səbail rayon “Maliyyəçilər” (Maliyyə-iqtisad kolleci) ərazi ilk partiya təşkilatında (İPT) İdarə Heyətinin iclası keçirildi. İclasda İPT-nin İdarə heyətinin yeni tərkibi, sədri və sədr müavinləri seçildi.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının yeni seçiləcək İdarə Heyətinin üzvlərini təbrik etdi və onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Maliyyə-iqtisad kollecinin şərəfli inkişaf yolu keçdiyini və Azərbaycan təhsil sisteminin inkişafında mühüm töhfələri olduğunu qeyd edən Ş.Hacıyev əminliyi bildirdi ki, hər zaman nümunəvi fəaliyyəti ilə seçilən “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının üzvləri bundan sonra da partiya tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Azərbaycanın möhtəşəm tarixi qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin bölgəmizdə və yaxın coğrafiyada yaratdığı yeni siyasi reallıqlar və geostrateji mənzərə haqqında geniş danışan Ş.Hacıyev xüsusi qeyd etdi ki, 2020-ci il bütün dünya üçün pandemiyanın fəsadları və iqtisadi tənəzzül ili kimi xatırlansa da, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə əbədi həkk olunan təkrarsız il oldu. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycanın qəhrəman əsgər və zabitləri döyüş meydanında böyük şücaət göstərdilər və xalqımızın əzəli düşmənini darmadağın etdilər. Azərbaycan Şanlı Qarabağ Zəfəri ilə dünyaya tamamilə yeni müharibə modeli, müharibə fəlsəfəsi təqdim etdi. Qarabağdakı qələbə ölkəmizin müsbət beynəlxalq nüfuzunu daha da yüksəltdi, Azərbaycan bölgəmizin lider ölkəsi olmaqla yanaşı, həm də dünyada söz sahibi olan, müstəqil siyasət yürüdən dövlət kimi özünü növbəti dəfə təsdiq etdi. 44 günlük müharibə dövründə ölkə başçısı İlham Əliyevin apardığı cəsarətli, düşünülmüş siyasət nəticəsində dünya ictimaiyyəti üçün transmilli erməniçiliyin yalan və uydurmaları ifşa olundu və bütün erməni mifləri puç oldu. Müharibə günlərində Azərbaycan xalqı Prezidentimizin ətrafında daha da sıx birləşək sözün əsl mənasında düşmənin başını əzən “dəmir yumruğa” çevrildi. Azərbaycan üçün tamamilə yeni möhtəşəm inkişaf və yenidənqurma, işğal nəticəsində viran qalmış Azərbaycan torpaqlarının dirçəldilməsi dövrünün və Böyük Qayıdışın başladığını diqqətə çatdıran Ş.Hacıyev yeni dövrdə Yeni Azərbaycan Partiyası üzvlərinin, xüsusilə gənclərin vəzifələri haqqında danışdı və gənclərə tövsiyələrini bildirdi.

Maliyyə-iqtisad kollecinin direktoru dos. Oruc Məmmədov kollecin professor-müəllim və tələbə heyətinin daim Ulu Öndər Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan xalqının mənafelərinə xidmət edən siyasətini cani könüldən dəstəklədiyini xüsusi qeyd edərək kollecdə yaradılmış müsbət siyasi ənənələrin bundan sonra da eyni məsuliyyətlə davam etdiriləcəyinə dair əminliyini ifadə etdi.

YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov kollecin professor-müəllim heyətinə gələcək elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu etdi və iclas iştirakçılarına Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolu haqqında məlumat verdi. YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi, mədəni, sosial fəaliyyəti haqqında danışan Z.Bayramov qeyd etdi ki, ötən il pandemiya ilə əlaqədar yaranmış məhdudiyyət və çətinliklərə baxmayaraq, YAP Səbail rayon təşkilatı bütün istiqamətlər üzrə fəaliyyətini davam etdirmiş və istər pandemiya ilə mübarizədə, istərsə də Vətən müharibəsi günlərində çoxsaylı sosial aksiyalar həyata keçirmişdir. “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatında və rayon partiya təşkilatının bütün işlərində yaxından iştirak etdiyini bildirən Aparat rəhbəri “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının nümunəvi fəaliyyətini bundan sonra da davam etdirəcəyinə dair əminliyi ifadə etdi.

İclasda həmçinin “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri Alı Əliyev Nəzakət Quliyeva çıxış etdilər və Maliyyə-iqtisad kollecində rəhbərlik səviyyəsində partiya işinə göstərilən yüksək diqqət və məsuliyyət haqqında danışdılar. Qeyd olundu ki, Vətən müharibəsində kollecin məzunları arasında iki Şəhid, iki qazi və altı müharibə iştirakçısı olmuşdur. Kollecin kollektivi bütün Şəhid, qazi və əsgər ailələrini daima xüsusi diqqət və qayğı mərkəzində saxlayır.

Müzakirələr və fikir mübadiləsindən sonra səsləndirilən təkliflər əsasında “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi seçildi. Keçirilən səsvermə nəticəsində kollecin direktoru dos. Oruc Məmmədov yekdilliklə “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının yeni sədri seçildi. Sonra İPT-nin sədr müavinləri seçildi və iclasa yekun vuruldu.