Bəyim Nəbiyeva: “Qarabağ bölgəsi strateji əhəmiyyətli logistika və ticarət qovşağına çevriləcək”
17.02.2021Bəyim Nəbiyeva
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi
QARABAĞ BÖLGƏSİ STRATEJİ ƏHƏMİYYƏTLİ LOGİSTİKA VƏ TİCARƏT QOVŞAĞINA ÇEVRİLƏCƏK
Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olmaları xalqımızın 30 ilə yaxındır ki, həsrətində olduğu müqəddəs Vətən torpağına, Qarabağa Böyük Qayıdışının ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər işğaldan azad olunmuş torpaqlarımızda, Azərbaycan bayrağının qaldırılmasının, bu torpaqlarda uzun illər sonra azan səsinin, himnimizin səsləndirilməsinin qürurunu yaşayırdıqsa, ölkə başçısının budəfəki səfərində ilkin infrastruktur layihələrinin açılışının reallaşdırılması və təməlqoyma mərasimlərinin keçirilməsinin şahidi olduq. Dövlətimizin başçısı yolboyu kənd və şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını, viran qoyulduğunu, düşmənin bu ərazilərdə canlı təbiətə böyük ziyan vurduqlarını bütün dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Müzəffər Ali Baş Komandanımızın işğaldan azad olunan Laçın rayonunda Şanlı Azərbaycan bayrağını qaldırması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması hər bir azərbaycanlının qəlbini riqqətə gətirən qürurverici məqamlardan idi.
Azərbaycanın işğaldan azad edilən Qarabağ regionunun coğrafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu amil Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi Azərbaycanın iqtisadi və siyasi nüfuzunu daha da artıracaq. Məlumdur ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Füzuli rayonunda olarkən dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olacaq bu dəmir yolu xəttinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki bu nəqliyyat infrastrukturunun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük əhəmiyyəti var. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq. Bununla da Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq. Ən önəmlisi isə, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Həmçinin, Prezident İlham Əliyev səfər çərçivəsində Laçın rayonunda Həkəri çayı üzərində 8 meqavat gücündə olan Güləbird Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. Dövlətimizin başçısı bildirdi ki, sonrakı mərhələdə Laçında 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulub bərpa olunacaq. Qeyd edildi ki, Güləbird stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq və 120 meqavat generasiya gücü olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları da öz torpaqlarına qayıdacaq azərbaycanlıların istifadəsinə veriləcək. Laçın və Kəlbəcərdə bərpa ediləcək stansiyaların ümumi gücü 120 meqavata çatdırılacaq. Prezidentin göstərişinə əsasən azad edilmiş torpaqlarda bərpa olunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsinə də artıq başlanılıb. Həyata keçirilən və nəzərdə tutulan tədbirlər Qarabağın iqtisadi resurs potensialının Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının, azərbaycanlıların isə Qarabağa tarixi qayıdışının müjdəsi deməkdir. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
Bununla yanaşı, dövlətimizin başçısı Laçın rayonunun Güləbird kəndində yenidən qurulan SES-nın açılışındakı çıxışında bu ərazilərdə abad kənd və şəhərlərin salınacağını, Qarabağın “yaşıl enerji” zonasına çevriləcəyini bildirdi. Artıq Zəngilan rayonunda “ağıllı kənd” pilot layihəsi hazırlanıb. Bu layihə Zəngilan rayonunun Birinci Ağalı kəndində tətbiq olunacaq “ağıllı kənd” layihəsi modelinə bənzər olmaqla, 5 əsas komponent üzrə həyata keçiriləcək. Yəni, yeni bərpa layihələri yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu prinsiplər isə gələcək bərpa işlərində özünəməxsusluğu ilə seçiləcək. Bu, o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma ilə paralel olaraq, “ağıllı kənd təsərrüfatı” modeli üzrə yeni iş yerləri açılmaqla, əhalinin məşğulluğu da təmin ediləcək. Eyni zamanda, sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri həyata keçirməyə imkan verəcək. Həmçinin məskunlaşma, iş yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunların “yaşıl enerji” təchizatı prinsipi ilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açacaq.
Xüsusilə qeyd etmək lazımdır ki, müharibənin başa çatmasından cəmi 3 ay keçməsinə baxmayaraq, qısa müddətdə xeyli iş görülüb. Görülən işlər, həyata keçirilən layihələr dövlətimizin gücünü göstərən amillərdəndir. Bütün bunlar onu deməyə əsas verir ki, cəmi 44 gün ərzində ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlara böyük qayıdışı qısa zamanda təmin edəcək. Şübhəsiz ki, Azərbaycan hazırda heç vaxt olmadığı qədər güclü dövlətdir və heç bir qüvvə onu sarsıda bilməz. Azərbaycanı növbəti təxribatlar və müharibə ilə hədələməyə çalışanlar “dəmir yumruğun” yerində olduğunu unutmamalıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur”.
Beləliklə bütün bunlar göstərir ki, Qarabağ regionu da daxil olmaqla Azərbaycanda müasir, mütərəqqi sənaye və aqrar istehsalla yanaşı, çox əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək imkanları daha da artıb. Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, Qarabağ bölgəsində də logistika və ticarət mərkəzlərinin yaradılması ilə bölgənin və bütünlüklə ölkənin ictimai həyatının bütün sahələrinin cəlbediciliyini artıracaqdır. Dövlətimizin başçısı qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Vətən müharibəsində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamında dediyi kimi, Azərbaycan bütün dünyaya bir günəş kimi parladı və bu günəş əbədi olaraq parlamağa davam edəcəkdir.
http://yeniazerbaycan.com/
http://atributinfo.az/
http://reportyor.info/