YAP Səbail rayon “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
25.02.2021Fevralın 25-də YAP Səbail rayon “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. İnstitutun və tabeliyində olan qurumların əməkdaşlarının iştirak etdiyi tədbir onlayn formatda baş tutdu. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək Xocalı soyqırımının bütün dünyada tanıdılması məqsədilə 29 il ərzində görülmüş işlər barədə məlumat verdi. R. Əzizov Azərbaycan Respublikasının diaspor təşkilatları, həmçinin xaricdə yaşayan və təhsil alan gənclərimiz tərəfindən həyata keçirilən təbliğat işlərinin getdikcə təkmilləşməsi və uğurlu nəticələrə nail olmasının əhəmiyyətini vurğuladı. O, Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım aktı olaraq tanınması üçün gələcəyə yönəlik daha geniş fəaliyyətin zəruriliyi və bu istiqamətdə Təhsil İnstitutunun üzərinə düşən vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırdı.
İnstitutun Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri, YAP Səbail rayon “Təhsil tədqiqatçıları” ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev Xocalının tarixi və Qarabağda mövqeyi, Sovet hakimiyyəti illərində həyata keçirilmiş anti-Azərbaycan siyasəti və nəticədə baş vermiş soyqırım aktı haqqında məruzə ilə çıxış etdi. Xocalı soyqırımının tarixi və faktları haqqında geniş məlumat verən P. Əliyev gələcək nəsillərin də milli ruhda formalaşması və qan yaddaşımızı unutmaması üçün bu faciənin dəhşətli nəticələri barədə təbliğat işlərinin vacibliyini qeyd etdi.
Onlayn görüşdə tədbirin moderatoru, Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov və Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov çıxış edərək Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayət olduğunu bir daha diqqətə çatdırdılar.