Vətən müharibəsində Şəhadət zirvəsinə ucalan Səbail rayonunun Şəhidi Teymurov Vüsal Zakir oğlunun əziz xatirəsi ehtiramla yad olunur
04.03.2021Martın 4-ü, Azərbaycanın möhtəşəm tarixi Qarabağ Zəfəri ilə yekunlaşan Vətən müharibəsinə könüllü yollanan və 44 gün ərzində şanlı döyüş yolu keçərək Şuşanın işğaldan azad olunması uğrunda qəhrəmancasına Şəhid olan Teymurov Vüsal Zakir oğlunun anadan olduğu gündür.
Şəhid Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4-də Bakı şəhərində anadan olmuşdur. O, nizam-intizamı, təlim-tərbiyəsi, ətrafındakılara olan səmimi rəftarı ilə hələ uşaq yaşlarında hamının hörmətini qazanmışdı. Təkcə ailəsində yox, hər yerdə onun xətri əziz tutulurdu. Vətən torpağının azadlığı uğrunda döyüşlərə qatılan ilk könüllülərdən idi Vüsal. Oktyabrın 5-də könüllü olaraq döyüşə getmişdi. Bacısı ilə danışanda hər dəfəsində belə deyərdi: “Qardaşın dastan yazacaq. Mənimlə fəxr edəcəksiniz. Şəhid olsam başınızı dik tutarsınız”. Və söz verdiyi dastanı qanı ilə yazdı. Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə böyük şücaətlə iştirak edən Vüsal bir çox yüksəkliklərin alınmasında, Daşaltı uğrunda gedən döyüşlərdə böyük igidliyə imza atdı, yaralı və Şəhid olan silah yoldaşlarını dəfələrlə döyüş meydanından çıxardı. Şuşa uğrunda döyüşlərdə sona qədər iştirak etdi və noyabrın 8-də qəhrəmancasına Şəhid oldu. Qəhrəmanımız Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbail rayonunda Şəhidimiz Vüsalın əziz xatirəsi ehtiramla yad olunur. YAP Səbail rayon təşkilatının gəncləri və “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının üzvləri Şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət etdilər, Vətənin igid oğlunun ruhu qarşısında bir daha dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Gənclər Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən və indi yanaşı uyuyan qəhrəmanlarımızın – Səbail rayonunun bütün Şəhidlərinin məzarlarına güllər düzdülər, əbədi xatirələrini bir daha məzarları başında yad etdilər.
Şəhidimiz Vüsal Teymurovun nurlu simasında, bu gün doğulan bütün Şəhidlərimizi rəhmət və sevgiylə bir daha yad edirik. Ruhları şad, məkanları cənnət olsun. Allah bizi onların əziz ruhuna layiq etsin. Amin! Qarabağ Azərbaycandır!