Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri təyin edildi

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

1993-cü ildə YAP-ın, 1999-cu ildə YAP Siyasi Şurasının üzvü seçilib.

Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, 3-cü dərəcə dövlət müşaviridir.

Evlidir, üç övladı var.

YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından Tahir müəllimi yeni təyinat münasibətilə təbrik edir, ictimai-siyasi fəaliyyətində uğurlar arzu edirik.