Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir

Ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 10 dekabr 2020-ci il tarixində Bakının Azadlıq Meydanında keçirilən və Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinə həsr olunan Zəfər paradındakı tarixi nitqində qeyd etdi: “Biz uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq. Böyük iş aparılmışdır. Və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi.”

Dövlət başçısı vurğuladı ki, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində biz iqtisadiyyatımızı gücləndirirdik. Biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə biruzə verirdi”.

Hər bir azərbaycanlının qəlbində fəxarət hissi yaradan bu tarixi nitqdən daha bir sitat: “Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq, norma və prinsipləri kobudcasına surətdə pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi.

Bundan əlavə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında – müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq! Belə də oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Hər gün bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək.”

Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm və misilsiz Qarabağ Zəfəri Azərbaycanın müstəqillik tarixinə, hətta çoxəsrlik tarixinə ən parlaq qələbə və şərəf dastanı kimi əbədi həkk olundu. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın İlham Əliyev!