YAP Səbail rayon təşkilatının üzvləri Vətən müharibəsi Şəhidi Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini Şəhidimizin tabor komandiri ilə birlikdə ziyarət etdilər
16.03.2021Martın 16-da YAP Səbail rayon təşkilatının üzvləri və gənclər Novruz bayramı ərəfəsində və İlaxır çərşənbəsi günü Səbail rayonunun Vətən müharibəsi Şəhidi Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini Şəhidimizin tabor komandiri Şahin Quliyevlə birlikdə ziyarət etdilər.
Şəhidimiz Nağıyev Əli Mehman oğlu ilə bağlı xatirələrini ailə üzvləri və YAP fəalları ilə bölüşən komandir Ş.Quliyev qəhrəman Şəhidimizin döyüş yoluna bir daha nəzər saldı, Vətən müharibəsinin hər günündə Şanlı tarix yazan Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığı, şücaəti, fədakarlığı və Vətənə, torpağa bağlılığı haqqında geniş danışdı. Təkrarolunmaz təəssüratlarla gənclərin yaddaşına həkk olunan bu ziyarət və söhbət zamanı Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən və Şəhadət zirvəsinə ucalan Şəhidimiz Əlinin əziz xatirəsi bir daha yad olundu, ruhuna dualar oxundu.
Şəhidimizin ailəsinə Novruz sovqatı və maddi yardım təqdim olundu.
YAP Səbail rayon təşkilatının gəncləri Vətən müharibəsində böyük şücaətlə döyüşən, Laçın və Şuşa daxil olmaqla bir çox rayon və şəhərlərimizin işğaldan azad olunmasında iştirak edən və döyüşlərdə xüsusi fərqləndiyinə görə 5 medalla təltif olunan Vətən müharibəsi iştirakçısı tabor komandiri Şahin Quliyevlə birlikdə Badamdar məzarlığında Səbail rayonu Şəhidlərinin məzarlarını ziyarət etdilər, bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, məğrur, qalib Azərbaycan Ordusu ilə, qəhrəman Azərbaycan əsgər və zabitləri ilə qürur duyur, Şəhidlərimizin əbədiyaşar xatirəsini ehtiramla yad edir və qazilərimizə Allahdan şəfalar diləyirik.