YAP Səbail rayon təşkilatının fəalları Şabran rayonunun Zeyvə kəndində dəfn olunan Vətən müharibəsinin Şəhidi Həsənov Vüsal Ariz oğlunun məzarını ailə üzvləri ilə birlikdə ziyarət etdilər
20.03.2021Martın 19-da YAP Səbail rayon təşkilatının fəalları Səbail rayonunun Vətən müharibəsinin Şəhidi Həsənov Vüsal Ariz oğlunun məzarını dəfn olunduğu Şabran rayonunun Zeyvə kəndində Şəhidin ailə üzvləri ilə birlikdə ziyarət etdilər.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qızğın döyüşlərə qatılan Həsənov Vüsal Ariz oğlu oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
YAP Səbail rayon təşkilatının aparat əməkdaşları, “Pedaqoqlar” (Azərbaycan Dövlət Pedaqoji Universiteti) ərazi ilk partiya təşkilatının sədr müavini Sultanəli Qurbanov və fəal gənclər Vətən müharibəsi Şəhidinin məzarı üzərinə güllər düzdülər, ruhuna dualar oxudular, Şəhidin Vətənə əmanət olan anası və qardaşına bir daha yüksək hörmət və ehtiramlarını bildirdilər.
Şəhidimizin məzarı ətrafında şam ağacları əkildi.
Sonra Zeyvə kənd məzarlığında dəfn olunan 2016-cı il Aprel döyüşləri Şəhidi kiçik gizir Abidov Babək Vəfadar oğlunun məzarı ziyarət olundu, Şəhidin anasına başsağlığı verildi.
Partiya fəalları Şabran rayonunun Zeyvə kəndində Şəhid Həsənov Vüsal Ariz oğlunun ailə üzvləri və yaxınları ilə görüşdülər, ailəyə başsağlığı verdilər. Müqəddəs Vətən torpaqları uğrunda döyüşən və İslam dinində ən uca məqam olan Şəhadət zirvəsinə yüksələn qəhrəman Şəhidimizin əziz və əbədiyaşar xatirəsi bir daha ehtiramla yad olundu. Vurğulandı ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən Şəhidlərimizin qanı yerdə qalmadı, 44 günlük Vətən müharibəsi ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şanlı Qarabağ Zəfəri, torpaqlarımızın işğaldan azad olunması və mənfur erməni qəsbkarlarının öz layiqli cəzalarını alması ilə yekunlaşdı. Şəhidlərimiz şücaətləri, fədakarlıqları və qanları ilə nəsillərin əbədi yaddaşına həkk olunan tarixi qəhrəmanlıq dastanı yazdılar. Azərbaycan xalqı torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır, bundan sonra da qəhrəmanlarımızın Vətən qarşısındakı müqəddəs xidmətlərini dərin minnətdarlıqla yaşadacaqdır.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən yüksək diqqət və qayğıdan danışdılar, buna görə dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər, Səbail rayonundakı Şəhid ailələrini daima xüsusi diqqət mərkəzində saxlayan YAP Səbail rayon təşkilatına, Şəhid ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.