Səbail rayonunun Vətən müharibəsi Şəhidi Qurbanov Murad Asif oğlunun əziz xatirəsi ehtiramla yad olunur

23 mart Vətən müharibəsinə könüllü olaraq yollanan, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin ilk günlərindən Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazisində ön cəbhədə şücaətlə vuruşan və Hadrut istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid olan Qurbanov Murad Asif oğlunun anadan olduğu gündür.

Şəhid Qurbanov Murad Asif oğlu 1996-cı il martın 23-də Salyan rayonunda anadan olmuşdur. Bu gün 25 yaşı tamam olacaqdı. Uşaqlıqdan qoçaqlığı, dəcəlliyi və yaxınlarına, dostlarına qayğıkeşliyi ilə seçilən Murad doğmalarının, bütün məhəllənin qürur, sevinc mənbəyi idi. 2016-cı il Aprel döyüşlərində iştirak etmiş, böyük şücaətlər göstərmiş və igidliyə görə Təşəkkürnamələrlə təltif olunmuşdu. Vətən müharibəsinə könüllü olaraq getmişdi, cəbhəyə yollanmaq üçün adını anasından, ailəsindən gizli Hərbi Səfərbərlik Xidmətinə yazdırmışdı. Vətən uğrunda döyüşmək, torpağımıza göz dikib xalqımızın qanını qəltan edən əzəli düşmənimizdən Xocalının qisasını almaq üçün yanıb-tutuşurdu Murad. Nişanlı idi, xeyir işi üçün geyinmək nəsib olmayan toy kostyumuna qədər hər şey hazır idi. Murad Vətənini seçdi, Vətənimizin ona ehtiyacı olduğu anda anasını, bacısını, dayısı ilə nəfəs alan azyaşlı bacısı uşaqlarını və nişanlısını geridə qoyub Vətən uğrunda döyüşlərə qatıldı. Cəbhə yoldaşları danışır ki, Murad cəsarəti, yorulmazlığı, fədakarlığı və qələbə ruhu ilə hamıdan seçilirdi. Tez-tez önə, kəşfiyyata gedən, yemək və su çatışmazlığı olan məqamlarda döyüş yoldaşları üçün təhlükəli şəraitdə uzaq məsafədə olan kəndlərdən dəfələrlə ərzaq təmin edən, döyüş meydanından yaralılarımızı, Şəhidlərimizi çıxaran, düşməndən qisasımızı layiqincə alaraq işğalçıların başına od ələyən Murad oktyabrın 11-də Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Muraddan anasına və bacısına şərəfli ad, göstərdiyi igidlik, mərdlik, çox sevdiyi gümüş qolbağı və aldığı, lakin geyinə bilmədiyi toy kostyumu xatirə qalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Səbail rayonunda Şəhidimiz Muradın əziz xatirəsi ehtiramla yad olunur. Səbail rayonu ictimaiyyətinin nümayəndələri, RİH-nin başçısı, YAP Səbail rayon təşkilatının üzvləri, gənclər Şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət etdilər, qəhrəmanımızın ruhuna dualar oxudular, ailə üzvlərinə bir daha dərin hörmət və ehtiramlarını ifadə etdilər.

Şəhidimiz Murad Qurbanovun nurlu simasında, bu gün dünyaya gələn bütün Şəhidlərimizi rəhmət və sevgiylə bir daha yad edirik.

Cənnətdəki ilk doğum günün mübarək olsun, Murad! Biz bugünümüzü, bugünkü firavanlığımızı, Azərbaycan xalqının möhtəşəm Qarabağ Zəfərini, Vətənimizin ərazi bütövlüyünün bərpasını, torpaqlarımızın işğaldan azad olunmasını, Şanlı Qələbəmizdən doğan ümumxalq fəxarət və qürur hissini sənin kimi mərd, igid Vətən oğullarına borcluyuq. Ruhun şad olsun, Şəhid qardaşımız! Qarabağ Azərbaycandır!