24 mart – Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəsinə ucalan Cavidan Nizami oğlu İbrahimlinin anadan olduğu gündür

24 mart 44 günlük Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəsinə ucalan Cavidan Nizami oğlu İbrahimlinin anadan olduğu gündür. Yaşasaydı bu gün 21 yaşı tamam olacaqdı.

Səbail rayonunda martın 24-də Şəhidimiz Cavidan İbrahimlinin əziz xatirəsi bir daha ehtiramla yad olundu. YAP Səbail rayon təşkilatının nümayəndələri Şəhidimizin məzarını ziyarət etdilər, ruhuna dualar oxudular. Sonra Şəhidin ailə üzvləri evlərində ziyarət olundu, yaxınlarına başsağlığı verildi. Cavidanın məktəbli yoldaşlarının da iştirak etdiyi görüşdə Qəhrəman Şəhidimizin döyüş yolu və onunla bağlı xatirələr bir daha yaddaşlarda canlandırıldı, 44 günlük Vətən müharibəsində ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şanlı Qələbəsi və tarixi Qarabağ Zəfəri haqqında fəxarətlə bəhs edildi.

Şəhid İbrahimli Cavidan Nizami oğlu 24 mart 2000-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində anadan olmuşdur. Onun soykökü Ağdamdan, Ətyeməzli kəndindəndır. Səbail rayonu 236 saylı tam orta məktəbin məzunudur. 2019-cu ildə hərbi xidmətini başa vurmuşdur. İbrahimovlar ailəsinin 3 övladının ən kiçiyi olan Cavidan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü yollanmışdı. Sanitar-feldşer kimi döyüşlərə qatılan əsgər Cavidan İbrahimli cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə neçə-neçə yaralı əsgər və zabitlərimizin həyatını xilas edib. Döyüşlərdə göstərdiyi xüsusi fəallığa görə dəfələrlə komandir heyətinin təşəkkürnamələri ilə təltif olunub. Onun sonuncu döyüşü oktyabrın 24-də Cəbrayıl-Qubadlı istiqamətində olub. Həmin gün Cavidan ağır yaralanmış komandirini döyüş meydanından çıxarıb onun həyatını xilas etsə də, özünü xain düşmənin snayper gülləsindən qoruya bilmədi və qəhrəmancasına Şəhid oldu.

Cavidan Vətənini çox sevən, onun yolunda hər zaman canından keçməyə hazır olan elinə-obasına, soyuna bağlı övlad idi. Cəbhəyə yollanarkən anasına “bizi anamız, Ana Vətən çağırır” demişdi. Anasına həmişə “Ağdama səni özüm aparacağam” deyirdi. Əminik ki, Vətən torpaqlarının, Ağdam şəhərinin işğaldan azad olunması ilə Şəhid qardaşımızın ruhu rahatlığına qovuşub. Qəhrəman Şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Cavidanın şəhadətinin 50-ci günündə, dekabr ayının 12-də atası Nizami İbrahimov oğlunun həsrətinə dözməyib dünyasını dəyişib. Məkanları cənnət olsun. Nur içində yatsınlar. Ruhun şad, Cənnətdəki ilk doğum günün mübarək olsun, igid Cavidan! Xalqımız Vətən torpağına olan hədsiz sevgini və şərəfli xidmətini əbədi yaşadacaqdır. QARABAĞ AZƏRBAYCANDIR!