YAP Səbail rayon təşkilatında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirildi

Martın 30-da YAP Səbail rayon təşkilatında rayon ictimaiyyəti nümayəndələri, tarixçi alimlər, gənclər və partiya fəallarının iştirakı ilə 1918-ci il hadisələrinə, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirildi.

İlk öncə, əzəli düşmənlərimiz olan ermənilər və onların havadarları tərəfindən zaman-zaman Azərbaycan xalqına, türk millətinə qarşı törədilən soyqırım aktlarında həlak olmuş bütün soydaşlarımızın əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Anım tədbirində YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, tarixçi alimlər – Azərbaycan Dövlət İqtisad Univeristetinin professoru Hidayət Cəfərov Azərbaycan Dövlət Pedaqoji Univeristetinin professoru Xaqani Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova və Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri, 2 №-li ərazi təşkilatının sədri Adil Vəliyev çıxış etdilər.

103 il əvvəl, 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş, xüsusi qəddarlığı və amansızlığı ilə seçilən soyqırım cinayətinə ilk dəfə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən adekvat siyasi qiymət verildiyini xüsusi vurğulayan prof. Şəmsəddin Hacıyev qeyd etdi ki, məhz bu tarixdən etibarən 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi anılır, yalnız azərbaycanlılara, müsəlman-türk dünyasına qarşı deyil, həm də bütünlükdə insanlığa qarşı törədilən bu dəhşətli cinayətin qurbanların əziz xatirəsi yad olunur. Bu tarix Azərbaycan xalqı üçün nə qədər kədərli və hüznlü gün olsa da, xalqımız, türk milləti bu faciəvi hadisədən mühüm dərslər götürmüşdür. Azərbaycanda və ümumiyyətlə bu regionda 1918-ci ildə mövcud olan tarixi mənzərə, eləcə də 31 mart soyqırımının səbəbləri və əsas icraçıları haqqında geniş məlumat verən Ş.Hacıyev bildirdi ki, Bakıda, Bakı quberniyası ətrafında, Azərbaycanın müxtəlif bölglərində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda, Qubada və s. etnik zəmində yerli türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik silahlı qüvvələri tərəfindən törədilən qanlı cinayətlərin tarixi kökləri üç əsr öncəyə, dünyaya hökmranlıq iddiasında olan böyük dövlətlərin, xüsusilə Rusiya İmperiyasının Qafqaz bölgəsinə dair siyasi planlarında üzə çıxır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanın yerləşdiyi coğrafiya, onun geosiyasi mövqeyi və təbii sərvətləri, xüsusilə zəngin neft yataqları tarixən böyük güclərin maraq dairəsinə daxil olmuş və onların bu bölgəni ələ keçirmək, Türk dünyasını bir-birindən ayırmaq, parçalamaq və bu torpaqlarda süni erməni dövləti yaratmaq kimi mənfur niyyətləri olmuşdur. Məhz, bu səbəblə Türk-müsəlman əhalisinə qarşı bu regionda törədilən qanlı qətliamların qarşısının alınmasında minlərlə azərbaycanlı əsgərinin də iştirak etdiyi Qafqaz İslam Ordusunun və Nuru Paşanın tarixi xidmətlərini xüsusi qeyd edən Ş.Hacıyev vurğuladı ki, bu Ordu olmasaydı bəlkə də, qırğınların miqyası 2-3 dəfə daha çox olardı.

Təəssüf ki, erməni vandalizminə havadarlıq edən böyük güclər XXI əsrin astanasında, 1992-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətinə və vəhşiliyinə də rəvac verdi. Dünyanın, beynəlxalq iqtisadi və siyasi münasibətlərin tamamilə fərqli keyfiyyət müstəvisində inkişaf etdiyi bir dövrdə dünya ictimaiyyətinin gözü qarşısında dinc, yalın insanalara qarşı dəhşətli cinayət – Xocalı qətliamı törədildi. Zaman-zaman Azərbaycan xalqına qarşı törədilən bütün bu cinayətlər – etnik təmizləmə, deportasiya və soyqırımlar ört-basdır edilirdi, təhrif olunurdu. Qeyd olundu ki, yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bütün bu qanlı faciələrə layiqli siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının qan yaddaşı olan bu faciələr haqqında həqiqətlərin və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində mühüm nəticələr əldə olundu. Ş.Hacıyev bildirdi ki, “Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə nəticəsində biz bu il ilk dəfədir ki, qalib dövlətin vətəndaşları kimi 31 mart anım gününü qeyd edirik. Vətən müharibəsi regionumuzda tamamilə yeni münasibətlər sistemi, qlobal xarakter daşıyan yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlar dünya ölkələrinin əksəriyyəti və qonşu dövlətlər tərəfindən də qəbul olunur. Azərbaycanın qüdrətli Prezidenti, müzəffər Ali Baş Komandanı, rəşadətli Ordusu, Vətəninə, tarixinə, milli-mənəvi dəyərlərinə bağlı olan gəncləri var. Azərbaycan xalqı öz Lideri ətrafında bir yumruq kimi birləşib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını fəda edən bütün Şəhidlərimizin, xalqımıza qarşı müxtəlif dövrlərdə mənfur düşmənlərimiz tərəfindən törədilən soyqırımlara məruz qalan bütün soydaşlarımızın ruhları bu gün şaddır. Biz onların qisasını, intiqamını artıqlaması ilə aldıq, Azərbaycan torpaqları düşmən tapdağından təmizləndi. Bu gün, işğaldan azad olunmuş ərazilərdə sürətli yenidənqurma, bərpa işləri aparılır. O ərazilərin resurs potensialı tezliklə iqtisadi dövriyyəyə cəlb olunacaq və Azərbaycan daha sürətlə, dinamik və davamlı inkişaf edəcəkdir. Əminik ki, müasir müstəqil Azərbaycanın gələcəyi parlaqdır və çox etibarlı əllərdədir.”

Prof. Hidayət Cəfərov 31 mart – azərbaycanlıların soyqırımı gününün xalqımızın çoxəsrlik tarixində faciəvi, eyni zamanda cəsarətli mübarizə nümunəsi kimi qiymətləndirərək bildirdi ki, 103 il əvvəl Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən törədilən bu dəhşətli qırğınlar tarixçilər tərəfindən Şərqdə Kərbala müsibəti ilə müqayisə olunur. Bu hadisələrin tarixi köklərinə nəzər salan tarixçi alim ermənilərin Cənubi Qafqaza köçürülməsi, hətta Osmanlı İmperiyası dövründə yunanların və digər xalqların ermənilərdən daima Türklərə qarşı bir maşa kimi istifadə etməsi, I və II Rus-İran, Rus-türk müharibələrindən sonra bölgədəki geosiyasi dəyişikliklər və ermənilərin hər fürsətdən istifadə edərək yerli müsəlman-türk əhalisinə qarşı xüsusi nifrət və qəddarlıqla törətdikləri cinayətlər haqqında geniş məlumat verdi. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il qırğınlarını araşdırmaq istiqamətində fəaliyyəti, yaradılan komissiya və toplanılan tarixi sənədlər, materiallar haqqında danışan H.Cəfərov qeyd etdi ki, Sovet İttifaqı sonralar bu faciəni sinfi mübarizə kimi qələmə verməyə çalışsa da, Ulu Öndər tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində isə ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev bütün erməni yalanları, miflərini bir daha ifşa edərək əzəli düşməniz üzərində möhtəşəm qələbə qazandı və xalqımızın başına gətirilən bütün faciələrin icraçıları olan ermənilər bu qətliamlara görə layiqli cəzalarını aldılar.

Prof. Xaqani Məmmədov 1918-ci il Mart qırğınlarını, azərbaycanlılara qarşı törədilən soyqırımı xronoloji ardıcıllıq və tarixi faktlarla təhlil etdi, daşnak-bolşevik ittifaqının bölgədə yaratdığı faciəvi nəticələr, yerli müsəlman-türk əhalisinə qarşı törədilən dəhşətli qətliamlar haqqında xarici ölkə arxivlərində saxlanılan sənədlər, faktlar haqqında ətraflı məlumatlar verdi. Bildirildi ki, xalqımız bu hadisələrdən layiqli tarixi dərslər çıxarmalı, bu qətliamların səbəbkarlarını, icraçılarını və erməni havadarlarını yaxşı tanımalı, faciə qurbanlarının əziz xatirəsini əbədi yaşatmalıdır.

Prof. Elçin Əhmədov ermənilərin Qafqaza və əzəli Azərbaycan torpaqlarına köçürülməsi haqqında danışaraq bildirdi ki, erməni millətçiləri yerli azərbaycan, türk-müsəlman əhalisinə qarşı dəfələrlə etnik zəmində qətliamlar törətmiş, bu insanlıq cinayətlərini təkbaşına yox, havadarları ilə birlikdə icra etmişlər. Beynəlxalq təşkilatlar bu gün də erməni vandalizmi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən qəsdən məhv olunmağa çalışılan tarixi, mədəni, dini irsimizə qarşı törədilən barbar hərəkətlər, hərbi cinayətlər haqqında susur. Erməni cəmiyyətinin faşist ideologiyası bu gün də davam edir və Azərbaycan xalqı bu məkrli qonşusuna qarşı daima ayıq-sayıq olmalıdır.

Tarixçi alimlərin iştirakı ilə sual-cavab formatında maraqlı və geniş fikir mübadiləsindən sonra tədbirə yekun vuruldu.

https://azertag.az/
http://yap.org.az/
https://sia.az/
http://yeniazerbaycan.com/
http://ikisahil.az/