Daha bir Şəhidin məzarı və məzarının ətrafı abadlaşdırıldı
02.04.2021Aprelin 2-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə Salahov Elvin Sabir oğlunun məzarını ziyarət etdilər.
Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şəhidin xatirəsi sonsuz ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirdi ki: “Bu gün ölkəmizdə şəhidlərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Onların adı, xatirələri əbədiləşdirilir. Şəhid ailələrinə dövlətimizin dəstəyi və yardımı getdikcə daha da artır. Bütün bu işlər, daim genişlənən sosial müdafiə proqramları ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısının təzahürüdür. Bu gün biz əminliklə deyə bilərik ki, şəhid ailələri dövlətimizin qayğısını hər an öz üzərlərində hiss edirlər. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu, həmişə belə olacaqdır”.
Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən danışdı. Ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıldığını vurğulayan RİH başçısı bu siyasətin davamlı xarakter daşıdığını qeyd etdi.
YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhid olan bütün Vətən oğullarına Allahdan rəhmət dilədi və 44 günlük Vətən müharibəsində ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qarabağ Zəfərindən fəxarətlə bəhs etdi. Qəhrəman Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən Ş.Hacıyev Səbail rayonu ərazisində Şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Vurğulandı ki, Şəhidlərimizin dəfn günündən etibarən bütün Şəhid ailələrinə RİH və YAP Səbail rayon təşkilatı tərəfindən xüsusi diqqət və qayğı var, həmçinin Səbail rayonunun qaziləri mütəmadi ziyarət olunur. Yeni Azərbaycan Partiyasının “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə qayğı” davamlı aksiyası çərçivəsində Səbail rayonunun Şəhid və qazi ailələrinin gündəlik qayğıları daima diqqət mərkəzindədir.
Sonra Ziyarətçilər Şəhidin məzarının ətrafında aparılan abadlıq işləri ilə tanış oldular. Qeyd olundu ki, Şəhidin xatirəsini əbədiləşdirən məzarüstü abidələri inşa olunmuş, xiyabanın ərazisində olan çatışmazlıqlar aradan qaldırılmış, məzarın ətrafında abadlıq işləri görülmüş, eyni zamanda qəbirstanlığa gedən yola yeni asfalt örtüyü salınmışdır.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.