Aprel döyüşlərində Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirildi

2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin beşinci ildönümü münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən Akademik Abbasqulu Abbaszadə küçəsində və rayon partiya təşkilatının qərargahı qarşısında ağacəkmə aksiyası keçirildi.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak etdilər.

Ağacəkmə aksiyası çərçivəsində yolboyu və rayon partiya təşkilatının qərargahı önünə 150-dən çox ağac, o cümlədən Aprel döyüşlərində qəhrəmancasına həlak olan Şəhidlərimizin xatirəsinə 88 ədəd Eldar şamı əkildi. Tədbirdə Aprel döyüşləri və Vətən müharibəsi Şəhidlərinin əbədiyaşar xatirəsi ehtiramla anıldı.

Aksiya ilə bağlı müsahibə verən Ş.Hacıyev AZƏRTAC-a bildirdi ki: “Aprel döyüşləri 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizin ilk müjdəçisi idi. 2016-cı ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində 2000 hektardan çox ərazi işğalçılardan təmizləndi, Talış kəndi ətrafındakı bir çox strateji əhəmiyyətli yüksəkliklər, o cümlədən Lələtəpə və Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olundu, Ağdərə-Madagiz istiqamətində yollara nəzarət təmin olundu, illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdıldı, Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən ifşa olundu, Azərbaycan ordusunun döyüş qabiliyyəti və qələbə ruhu, ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi öz təsdiqini tapdı. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, tarixi ədalət bərpa olundu. Bu il uzun illərdən sonra ilk dəfədir ki, biz Aprel döyüşlərinin ildönümü məğrur, qalib xalq kimi qeyd edirik. 2016-cı il Aprel döyüşləri, 2020-ci il Tovuz İyul döyüşləri və ən nəhayət Vətən müharibəsi Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu, xalqımızın gücünü, qələbə ruhunu və haqq mübarizəsindəki dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin “dəmir yumruğu” düşmənə elə bir zərbə endirdi ki, onlar bir daha Azərbaycan torpaqlarına baxmağa belə cəsarət etməyəcəklər. Biz Prezidentimizlə fəxr edir, Azərbaycan Ordusu ilə qürur duyur, Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz hər zaman onların əziz xatirəsini yad edirik. Rayonumuzdakı şəhid ailələri, qazilərimiz daim xüsusi diqqətimizdədir. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda Şəhid olan Vətənimizin bütün qəhrəman övladlarına bir daha Allahdan rəhmət diləyirik.”

https://azertag.az/