Urfan Muradlı: “Tarixi torpağımız olan Zəngəzur dəhlizi regionda həm də siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq”
26.04.2021Muradlı Urfan Elşən oğlu
Qərbi Kaspi Universitetinin YAP Gənclər Birliyinin sədr müavini
TARİXİ TORPAĞIMIZ OLAN ZƏNGƏZUR DƏHLİZİ REGİONDA HƏM DƏ SİYASİ-COĞRAFİ ƏDALƏTİN ZƏFƏRİNƏ YOL AÇACAQ
Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır. Şübhəsiz ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Üçtərəfli Bəyanatın 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması əməkdaşlıq və nəqliyyat baxımından Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədlər arasında ən mühüm element hesab olunur. Bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Eyni zamanda, bu dəhliz, Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək: Ulu Öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir. Artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz, belə ki, tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır. Habelə tranzit olaraq bu dəhlizin təmin edəcəyi logistik imkanlar həm də Ermənistanın xeyrinə olacaq. Həmçinin Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Heç şübhəsiz ki, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı çıxışı Avrasiya geosiyasi məkanı üzrə ünvanlanmış mühüm tarixi-siyasi mesaj idi.
Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməklə bir tərəfdən dünyada ədalətin bərpa olunmasına, digər tərəfdən isə dövlətlərarası və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların zəruriliyini ortaya qoydu. Tarixi torpağımız olan Zəngəzur dəhlizi regionda həm də siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq. Doğrudan da bu dəhlizin tərəqqiyə gedən yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsinə də dəlalət edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının nitqində yer alan digər məqam – Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir” fikirləri perspektivlərin aydın mənzərəsini yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən müddət ərzində qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib. Cənab Prezident Türk Şurasının qeyri-formal Zirvə görüşündə bu günümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd etdi ki, Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq. Verilən hər bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Bununla bir daha bəyan etdi ki, dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən bilməlidirlər. Zəngəzur dəhlizi Azərbaycanın maraqlarına tam şəkildə cavab verən bir məsələdir. Bu dəhlizin açılması Azərbaycanın Türkiyə və türk dünyası ilə qovuşması, iqtisadi fayda deməkdir. Zəngəzur dəhlizi həm də mədəni, mənəvi, tarixi bağlarımızın genişlənməsinə, daha da möhkəmlənməsinə vəsilə olacaq. Zəngəzurun bir vaxtlar Ermənistana verilməsi böyük ədalətsizlik və ölkəmizə qarşı qərəzli münasibətin təzahürü idi. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Bu ərazinin Ermənistana verilməsi ilə Azərbaycan coğrafi baxımdan iki yerə bölündü. Həmçinin böyük türk dünyası iki yerə ayrıldı. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Həqiqətən də 1800-cü illərin əvvəllərinə qədər Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə olmayıb, heç bir nəfər də erməni yaşamayıb. Göründüyü kimi, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə xarici ölkələrdən köçüb gələnlərdən ibarətdir. Eləcə də, Zəngəzur dəhlizinin açılması həm də azərbaycanlıların tarixi torpaqlarına qayıtması deməkdir.
Beləliklə, göründüyü kimi, yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.