Fuad Heydər: “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”

Fuad Heyder - fotoFuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

AZƏRBAYCAN XALQI 101 İL BUNDAN ƏVVƏL BİZİM ƏLİMİZDƏN ALINMIŞ ZƏNGƏZURA QAYIDACAQDIR

44 günlük Şanlı Vətən Müharibəsində ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu 27 ildir ki, düşmən tapdağı altında olan  torpaqlarımızı işğaldan azad etdi.  Post-müharibə dövründə  qarşımızda bir sıra məsələlər dayanmaqdadır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə əsaslı bərpa işlərinin infranstruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat əlaqələrinin bərpası və yeni yolların çəkilməsidir. Aydın məsələdir ki, Azərbaycanın qədim torpaqlarından olan Zəngəzur da öz sahibinə geri veriləcək. Zəngəzur düz 101 ildir ki, öz doğma parçasından zorla ayrılıb. Artıq hər kəsə məlumdur ki,  2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında İmzalanmış üçtərəfli bəyanat regiondakı ölkələrin əməkdaşlığı üçün geniş imkanlar yaradır. Üçtərəfli Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir, uzun müddət blokadada olan Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizi ilə yaranmış vəziyyətdən qurtara bilir və Zəngəzurun qapılarını böyük Türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması, imzalanan bəyanatın ən mühim elementi olaraq  bir çox ölkələrin maraqlarına xidmət edəcək. Hətta, Zəngəzur dəhlizi Çindən Qərbə doğru yeni nəqliyyat qapısının açılması deməkdir. Çindən daşınan yüklər ölkəmizdən keçərək Zəngəzur dəhlizi ilə Avropaya çıxış əldə edəcək. İllərdir hər bir ölkə vətəndaşının  gözlədiyi, hətta Ulu Öndər Heydər Əliyevin tikintisini başlatdığı, lakin tamamlana bilməyən Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən yenidən başlamaqdadır. Həmçinin Zəngəzur dəhlizinin açılması, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait yaradır. Zəngəzur dəhlizi  region dövlətləri ilə yanaşı Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq.  Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı  Avrasiya geosiyasi məkanı üzrə ünvanlamış olduğu mühim tarixi-siyasi mesajı məhz bütün bunlarla bağlı idi. 44 günlük  Vətən müharibəsi ilə ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək dünya üçün ədalətin bərpa olunması ilə yanaşı  dövlətlərarası və xalqlararası beynəlxalq mədəni əlaqələrin genişlənməsinə dair yeni çağırışların və reallıqların mümkünlüyünü ortaya qoydu. Qədim torpaqlarımızdan biri olan Zəngəzur regionda tarixi və siyasi-coğrafi ədalətin zəfərinə yol açacaq.  Prezident İlham Əliyevin bildirdiyi kimi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Azərbaycan  yalnız öz daxilində deyil, regionda və dünyada təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının nitqində yer alan digər məqam – Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir” fikirləri buna bariz sübutdur. Cənab Prezident Türk Şurasının qeyri-formal Zirvə görüşündə bu günümüzün reallıqlarına söykənərək bu fikri böyük əminliklə qeyd edib: “Zəngəzur Türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq”. Zəngəzur dəhlizi nəinki ölkəmizin, Ermənistanın da xeyrinə  olan məsələdir.  Bu dəhlizin açılması Azərbaycanın Türkiyə və Türk dünyası ilə qovuşması, iqtisadi baxımdan bir növ dirçəliş deməkdir. Zəngəzurun bir vaxtlar Ermənistana verilməsi ölkəmizə qarşı böyük ədalətsizlik idi. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun Ermənistana verilməsi ölkəmizi parçalamaqla yanaşı dərin və sağalmaz yaraya səbəb oldu. O dövrdə əzəli Azərbaycan torpağı olan Zəngəzura məskunlaşdırılan  ermənilərin əksəriyyəti vaxtilə xarici ölkələrdən köçüb gələnlərdən ibarətdir.

Bu bölgəyə köçmə olan ermənilərin bu torpaqlara yad münasibətinin ən bariz nümunəsi viran qoyulmuş və xarabalığa çevrilmiş Azərbaycanın işğaldan azad olunmuş əraziləridir.Azərbaycan xalqı işğaldan azad olunmuş bütün torpaqlarımızı yenidən quracaq o ərazilərdəki tarixi, dini və mədəni irsimizi bərpa edəcək, bir sözlə işğaldan azad olunmuş bölgələrimiz cənnət məkana çevriləcəkdir. Əminik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tarixi nitqində qeyd etdiyi kimi Zəngəzurunda taleyi bu cür olacaq.

Beləliklə deyə bilərik ki, Azərbaycanın tarixində yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi  üçün daha əlverişli imkanlar yaradacaq.