Kamran Quliyev: “Siyasi partiyaların birgə bəyanatı “İki dövlət bir millət” prinsipinin təcəssümüdür”

WhatsApp Image 2021-04-27 at 5.59.20 PMQuliyev Kamran Kazım oğlu
Qərbi Kaspi Universitetinin Media Mərkəzinin əməkdaşı

SİYASİ PARTİYALARIN BİRGƏ BƏYANATI “İKİ DÖVLƏT BİR MİLLƏT” PRİNSİPİNİN TƏCƏSSÜMÜDÜR

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi gerçəkliklərdən tamamilə uzaqdır. 1915-ci il hadisələrini bu şəkildə dəyərləndirmək, ermənilərə qarşı guya hansısa soyqırımın həyata keçirildiyini iddia etmək tarixi həqiqətləri kobud şəkildə təhrif etməkdir. Çünki 1915-ci il olaylarının mahiyyəti bütün dünya, o cümlədən ABŞ üçün kifayət qədər aydındır. Hamıya məlumdur ki, 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı hər hansı zorakılıq, təzyiq və soyqırımı törədilməyib. Əksinə, ermənilər türklərə, azərbaycanlılara qarşı 1915-1918-ci illərdə soyqırımı həyata keçirərək minlərlə günahsız mülki vətəndaşı amansızcasına, ağır işgəncələrlə qətlə yetiriblər. ABŞ-ın dövlət başçısının tarixi həqiqətləri danaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirməsi isə bu ölkədə erməni diaspor təşkilatlarının təzyiqi kimi dəyərləndirilməlidir. Şübhəsiz, bu bəyanatın arxasında ABŞ-ın həm də öz maraqları və gələcəyə yönəlmiş planları dayanır.

Hadisələri araşdırmaq üçün tarixə nəzər salsaq, görərik ki, ermənilərin iddia etdiyi “erməni soyqırımı” əslində baş verməyib. Bunun sübutu Ermənistanın Türkiyənin təklif etdiyi həmin dövr hadisələrini araşdırmaq üçün birgə komissiyanın yaradılması təklifindən imtina etməsidir. Türkiyə dəfələrlə arxivləri açmağa hazır olduğunu bildirib. Amma Ermənistanın bundan nə üçün boyun qaçırması heç kimə sirr deyil. Ümumiyyətlə, məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır. Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə zaman-zaman əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. Həmçinin ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili standartlar siyasətinin təcəssümüdür. Ölkələr və xalqlar arasında dözümsüzlüyü təlqin edən, nifaq salan, qarşıdurma yaradan belə yanaşmalar ayrı-ayrı regionların, ümumilikdə bəşəriyyətin sülhpərvər inkişafına təhdid törədir.

Azərbaycan hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğunu göstərib. Bu baxımdan, hazırda Türkiyəyə yönəlmiş təzyiqlərə ölkəmizdə sərt reaksiya verilməsi, qardaş türk xalqı ilə həmrəylik nümayiş etdirilməsi tamamilə məntiqli və anlaşılandır. Çünki ABŞ erməni yalanını müdafiə etməklə, Türkiyəni heç vaxt törətmədiyi cinayətdə ittiham etməklə, eyni zamanda, bütün türk dünyasının qınağına səbəb olub. Odur ki, qardaş ölkənin mənafeyinə zidd hər hansı addım, həm də Azərbaycana və bütün türk dünyasına zərbə vurmaq deməkdir. Məhz buna görə də Baydenin məlum bəyanatından sonra Azərbaycanda ziyalılar, deputatlar, ictimai-siyasi xadimlər, QHT-lər Türkiyəyə dəstək xarakterli bəyanatlar verərək ABŞ prezidentinin ermənipərəst mövqeyini pisləyib, bunu tarixin təhrif olunması kimi qiymətləndiriblər. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür.

Beləliklə, qondarma “erməni soyqırımı” iddialarının tarixi, hüquqi əsasları yoxdur. Əsl soyqırımını isə, qeyd edilən kimi, məhz ermənilər törədiblər. ABŞ Prezidenti Co Baydenin bəhs olunan bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməsi isə tarixin saxtalaşdırılması, ondan siyasi məqsədlər üçün istifadə etmək cəhdi kimi qəbuledilməzdir. Ona görə də bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və şiddətlə qınanılmalıdır. Tarixi hadisələrlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da, ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar. Bundan sonra da Azərbaycan və Türkiyə erməni saxtakarlığına, yalanlarına qarşı daim birgə mübarizə aparacaqdır.