Əfəndi İbrahimli: “Məğlub Ermənistan xaos və anarxiya məkanı kimi…”
27.04.2021Əfəndi İbrahimli
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü
MƏĞLUB ERMƏNİSTAN XAOS VƏ ANARXİYA MƏKANI KİMİ…
Azərbaycanın Ermənistanı həm döyüş meydanında, həm də siyasi-diplomatik arenada darmadağın etməsi məğlub ölkədə daxili böhranı daha da dərinləşdirib. Bütün dünyanın gözü qarşısında rəzil duruma düşən Ermənistanda bu gün xaos və tənəzzül hökm sürür. Bu ölkənin uçurumun astanasında olduğunu öz iqtisadçıları və siyasi analitikləri də etiraf edirlər.
Ümumiyyətlə, fasiləsiz davam edən və işğalçı dövlətin, demək olar ki, bütün regionlarını əhatə edən etiraz aksiyalarında narazı kütlə Nikol Paşinyanı istefaya çağırır. Müxalifət isə əhalini etirazları səngitməməyə, aksiyaları davam etdirməyə səsləyir. Nikol Paşinyan da öz növbəsində hakimiyyəti güc sturukturlarının köməyi ilə əlində saxlamaq niyyətindədir.
Ekspertlər qeyd edirlər ki, siyasi proseslərin gedişatı Paşinyanın növbədənkənar seçki oyununun ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirməyə doğru apardığını göstərir. Daha dəqiq desək, vurğulanır ki, Paşinyanın öz hakimiyyətini qorumaq üçün hazırladığı növbədənkənar seçki planı ölkədəki böhranı daha da dərinləşdirəcək. Təbii ki, bu böhranın fəsadları gələcəkdə daha bariz formada özünü göstərəcək.
Bütövlükdə, mütəxəssislərin qeyd etdikləri kimi, Ermənistan böhran və tənəzzüldən xilas olmaq istəyirsə, revanşist iddialardan əl çəkməli, mövcud reallıqlarla barışmalı və yaranmış yeni əməkdaşlıq imkanlarından faydalanmalıdır.