YAP Səbail rayon təşkilatında Şəhid ailələri ilə görüş keçirildi
28.04.2021Aprelin 23-də koronavirus COVID-19 pandemiyasının xüsusi karantin rejiminin tələblərinə və qaydalarına uyğun olaraq YAP Səbail rayon təşkilatının qərargahında Şəhid ailələrinin üzvləri ilə görüş keçirildi. Görüşdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Səbail rayonu 6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova və 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarova iştirak etdilər.
İlk öncə, Azərbaycanın ərazi bütövlüyü və düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək həlak olan Şəhidlərimizin əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər və Şəhid, qazi ailələrinin daim xüsusi diqqətdə saxlanılması haqqında danışan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, YAP üzvləri, partiya fəalları, gənclər Səbail rayonu ərazisində yaşayan Şəhid ailələrini mütəmadi ziyarət edir, onların gündəlik qayğıları ilə maraqlanır, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görürlər.
Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Şanlı qəhrəmanlıq dastanı yazdığını vurğulayan Ş.Hacıyev qeyd etdi ki, İlham Əliyevin “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını düşmən tapdağından təmizlədi və müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Diqqətə çatdırıldı ki, Azərbaycanın müasir müstəqillik tarixində Qarabağın işğaldan azad olunmasından sonra tamamilə yeni inkişaf dövrü başlayıb. İşğaldan azad olunmuş və mənfur düşmən tərəfindən viran qoyulmuş ərazilərdə sürətli və kompleks bərpa, quruculuq işləri aparılır, əsas infrastruktur təmin olunur, yollar, ağıllı kəndlər salınır. Tez bir zamanda keçmiş qaçqın və köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar, və o bölgələrin iqtisadi potensialı, yeraltı, yerüstü sərvətləri Azərbaycan iqtisadiyyatına qovuşacaqdır.
Ş.Hacıyev xüsusi qeyd etdi ki, Vətən müharibəsində Azərbaycanın Şanlı Qarabağ Zəfərindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar, regional əməkdaşlıq üçün böyük imkanlar yaranmışdır. Güclü iqtisadiyyata və orduya malik Azərbaycan Cənubi Qafqazda söz sahibinə, Türkiyə ilə birlikdə isə qlobal aktora çevrilmişdir. Azərbaycanın qələbəsini bütün dünya azərbaycanlıları, Türk dünyası böyük sevinc, qürur hissi ilə qarşıladı. Azərbaycan xalqı hərb meydanında nümayiş etdirdiyi qəhrəmanlıq, iradə və qələbə ruhu ilə Türk millətinin adını yüksəltdi, iki qardaş dövlət Azərbaycan və Türkiyə bütün dünyaya nümayiş etdirdilər ki, Türk xalqları birləşdikdə onların qarşısında heç bir düşmən dayana bilməz.
Düşmənin hərb maşınını döyüş meydanında darmadağın edən və bütün Şəhidlərimizin intiqamını artıqlaması ilə alan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin igidliyindən geniş danışan Ş.Hacıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda mətanətlə döyüşən və Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əbədiyaşar, əziz xatirəsini bir daha ehtiramla yad etdi. Vurğulandı ki, Vətən uğrunda həlak olan, qazi ünvanını qazanan və müharibənin sonuna kimi Şanlı Zəfər yolu keçən bütün igidlərimizin şərəfli həyat və döyüş yolu əbədiləşdiriləcək, öyrəniləcək, onların qəhrəmanlığı məktəblərdə tədris olunacaq və gələcək nəsillər məhz bu vətənpərvərlik ruhunda böyüyərək qəhrəman Şəhidlərimizin Vətən qarşısındakı müqəddəs xidmətlərini daima yaşadacaqlar.
Dövlət səviyyəsində Şəhid və qazi ailələrinə göstərilən yüksək diqqət və qayğı, həyata keçirilən ardıcıl və sistemli tədbirlər, YAŞAT Fondunun təqdirəlayiq fəaliyyəti haqqında ətraflı məlumat verən Ş.Hacıyev bu istiqamətdə ictimai təşkilatların, o cümlədən Yeni Azərbaycan Partiyasının müxtəlif səpkili təşəbbüsləri və gələcək layihələrindən bəhs etdi. Bildirildi ki, YAP Səbail rayon təşkilatının tərəfdaş olduğu və qardaş Türkiyənin sahibkarlarının və sənət adamlarının iştirak etdiyi “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində Şəhid ailələri üçün çoxsaylı humanitar və sosial layihələr hazırlanır və Şəhid, qazi ailələrinin yaradılmış imkanlardan faydalanması üçün hərtərəfli şərait yaradılıb.
Qeyd olundu ki, YAP Səbail rayon təşkilatı tərəfindən Vətən müharibəsi günlərində 22 sosial aksiya, Şanlı Zəfər Günü 8 noyabr 2020-ci il tarixindən etibarən bugünədək Şəhid ailələri ilə əlaqədar 12 sosial aksiya, qazilərlə bağlı 7 müxtəlif səpkili humanitar tədbir və aksiyalar həyata keçirilmişdir. Bu aksiyalar çərçivəsində Şəhid ailələrinə dəfələrlə maddi köməkliklər göstərilmiş, ərzaq sovqatları, qurban payları, Şəhid övladlarına və ailələrdə olan bütün uşaqlara hədiyyələr təqdim olunmuş, Şabran və Ucar rayonlarında dəfn olunan Səbail rayon Şəhidlərinin məzarları ziyarət olunmuş, Ucar rayonunun mərkəzi və kəndlərindəki bütün Şəhid ailələrinə evlərində baş çəkilmiş, onlara Ramazan sovqatları və maddi köməklik təqdim olunmuş, Bakıya səfər edən qardaş Türkiyədən gələn sahibkarların və sənət adamlarının Şəhid ailələrinin evlərinə ziyarətləri təşkil olunmuşdur. Müqəddəs Ramazan günlərində cəmiyyətin həssas üzvlərinin daha yüksək diqqət və qayğıya ehtiyacı olduğunu vurğulayan Ş.Hacıyev bütün rayon ictimaiyyət nümayəndələrini, ziyalıları, rəhbər şəxsləri, iş adamlarını bu istiqamətdə görülən işlərdə daha da fəal iştirak etməyə çağırdı.
Ş.Hacıyev bütün Şəhidlərimizə Allahdan qəni-qəni rəhmət dilədi və Şəhid ailələrinin dövlətimiz, cəmiyyətimiz tərəfindən daima xüsusi diqqət mərkəzində saxlanılacağını bir daha diqqətə çatdırdı.
Çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara xanım Xanlarova qeyd etdi ki, bütün bəşəriyyət üçün ağır pandemiya sınağı ili olan 2020-ci ildə Azərbaycan xalqı qəhrəman övladları sayəsində Şanlı Qarabağ Qələbəsini əldə etdi. Ölkə başçısı İlham Əliyevin hakimiyyəti dövründə yetişən vətənpərvər Azərbaycan gəncliyi bütün dünyaya XXI əsrin müharibə modelini, tamamilə yeni qələbə fəlsəfəsini bəxş etdi. Beynəlxalq ictimaiyyət 44 günlük ağır müharibədə yalnız irəli gedən, hər gün yeni kəndlər, yaşayış məntəqələrini işğaldan azad edən, çiyinlərində yaralılarını, Şəhidlərini Qələbə Zirvəsinə daşıyan mərd, yenilməz Azərbaycan xalqı, qəhrəman, məğrur, başı uca Şəhid Anası fenomeninə şahidlik etdi. Azərbaycan xalqı bu fədakar övladlar, ailələr ilə qürur duyur və onların əvəzsiz xidmətlərini əbədi olaraq yaşadacaqdır.
6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova bildirdi ki, Azərbaycanın Şanlı Qələbə tarixini qanları ilə yazan, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən Azərbaycanın qəhrəman oğullarının qanı yerdə qalmadı. İşğaldan azad olunan torpaqlarımızda Şanlı Azərbaycan bayrağının qürurla dalğalanması bu gün hamımızın ən böyük təsəllisidir. “Güclü qadın kimdir?” sualına əminliklə “Şəhid Anası” cavabını verəcəyini qeyd edən G.Orucova vurğuladı ki, Azərbaycan qadını 44 günlük şərəf mübarizəsində bütün dünyaya sübut etdi ki, Azərbaycan anası Vətənə layiq necə igid oğullar yetişdirə bilir. Bu mərd, şücaətli övladlara görə bütün valideynlərə bir daha təşəkkür edildi, onlara Allahdan səbr diləndi.
Görüş zamanı Müqəddəs Ramazan günlərində Səbail rayonunun Şəhid ailələri üçün növbəti sosial aksiya icra olundu, hər bir ailəyə Ramazan sovqatı və qurban payı təqdim olundu. Görüşdə iştirak edən Şəhid övladlarına, ailələrdə olan bütün uşaqlara şirniyyat, oyuncaqlar hədiyyə olundu.
Çıxış edən Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, Şəhid Əli Nağıyevin atası Mehman Nağıyev, Şəhid Cavidan Ağayevin atası Mirzağa Ağayev, Şəhid Cavidan İbrahimlinin qardaşı Şamxal İbrahimli və bütün Şəhid ailələrinin nümayəndələri Şəhidlərimizin adının əbədiləşdirilməsi üçün təkliflər səsləndirdilər.
Görüş fikir mübadiləsi və səsləndirilən təkliflərin müzakirəsi ilə davam etdi. Sonra xatirə şəkilləri çəkildi.
https://azertag.az/
http://yeniazerbaycan.com/
http://yap.org.az/
https://ikisahil.az/