Vətən müharibəsinin Səbail rayonundan olan ilk Şəhidi Ağayev Cavidan Mirzağa oğlunun ailəsi ziyarət olundu
30.04.2021Azərbaycanın Şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin Səbail rayonundan olan ilk Şəhidi Ağayev Cavidan Mirzağa oğlu…
Səbail rayonu 162 saylı orta məktəbin məzunu olan Cavidan orta məktəbi uğurla başa vurduqdan sonra Gəncədəki universitetlərin birinə daxil olmuşdu. Lakin o, hər şeydən öncə Vətənə xidməti seçdi. Peşəkar səviyyədə Roma güləşi ilə məşğul olan, çoxsaylı medal və təltifləri olan Cavidan hərbi xidmətdə olarkən Vətən müharibəsi günlərində ön cəbhəyə yollanır və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda ən qızğın döyüş nöqtələrində şücaətlə döyüşür. Kiçik yaşlarından “Ana, mən Qarabağımızı azad edəcəm!” deyən 19 yaşlı Cavidan yaşından böyük, mərd ürəyi və vətənpərvər ana-atanın ona aşıladığı sonsuz Vətən sevgisi ilə Ağdam və Xocavənd uğrunda gedən döyüşlərdə igidliklər göstərir. Oktyabrın 2-də Talış-Suqovuşan istiqamətindəki ağır döyüşlərdə qəhrəmancasına Şəhid olan Ağayev Cavidan Mirzağa oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.
Aprelin 27-də Şəhidimiz Cavidanın məzun olduğu məktəbin direktoru və müəllimlər, valideynlər Şəhidimizin evini ziyarət etdilər, ailə üzvləri ilə birlikdə qəhrəman Vətən oğlunun həyat və döyüş yoluna bir daha nəzər saldılar, Cavidanla bağlı əziz xatirələrini bölüşdülər.
Ruhun şad olsun, Şəhid qardaşımız! Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” və Sənin kimi mərd, igid Vətən oğullarının qəhrəmanlığı, qələbə əzmi və fədakarlığı sayəsində bu gün Azərbaycan xalqı məğrur, qalib xalqdır və uşaqlıqdan ən böyük arzun olan Qarabağımız, 27 il düşmən tapdağında olan bütün torpaqlarımız azaddır. QARABAĞ AZƏRBAYCANDIR!