YAP Səbail rayon “163 №-li oxu zalı” ərazi ilk partiya təşkilatında İdarə heyətinin iclası keçirildi
30.04.2021Aprelin 30-da YAP Səbail rayon “163 №-li oxu zalı” ərazi ilk partiya təşkilatında (İPT) koronavirus COVID-19 pandemiyasının xüsusi karantin rejiminin tələb və qaydalarına uyğun olaraq İdarə heyətinin iclası keçirildi. YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova, İPT-nin rayon partiya təşkilatındakı kuratoru Lamiyyə Hacıyeva və İdarə heyətinin üzvlərinin iştirak etdiyi iclasda İPT sədri Həşimov Şair Əkbər oğlunun təqaüdə çıxması ilə əlaqədar İPT-nin yeni sədri və müavinləri seçildi.
YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında danışan dos. Zəfər Bayramov qeyd etdi ki, Azərbaycanın möhtəşəm tarixi Qarabağ Zəfərindən sonra regionumuzda və dünyada yaranan yeni reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiya üzvləri qarşısında yeni vəzifələr qoyuldu. Fəaliyyətini daima yeni çağırışlara uyğun formalaşdıran YAP Səbail rayon təşkilatı bundan sonra da partiyanın bütün tapşırıq və vəzifələrini məsuliyyətlə yerinə yetirəcəkdir. Vurğulandı ki, orta təhsil müəssisələri cəmiyyətimizin mühüm ideoloji sütunudur. Z.Bayramov əminliyini ifadə etdi ki, zəngin tarixi və təcrübəsi olan, xüsusi nizam-intizamı və kreativ yanaşması ilə fərqlənən 163 saylı orta məktəbin kollektivi və valideynləri bundan sonra da Səbail rayonunun və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edəcəklər.
163 saylı orta məktəbin direktoru Sevil Cavadova məktəbin kollektivi adından qonaqları salamlayaraq Yeni Azərbaycan Partiyasının veteran üzvlərindən biri, müəllimlər və şagirdlər tərəfindən çox sevilən və hörmət edilən, “163 №-li oxu zalı” ərazi ilk partiya təşkilatına uzun müddət sədrlik edən Həşimov Şair Əkbər oğluna fəaliyyəti dövründə partiya işinə bəxş etdiyi yüksək töhfələrə görə minnətdarlığını bildirdi. 1937-ci ildən fəaliyyət göstərən və Səbail rayonunun ən böyük məktəblərindən biri olan 163 saylı orta məktəbin keçdiyi şərəfli inkişaf yolu, fəxri məzunları haqqında geniş məlumat verən S.Cavadova bildirdi ki, məktəb son 5 ildə uğurlu fəaliyyət göstərib, böyük qrant müsahibələrinin qalibi olub, müəllimlərin işə götürülməsi üçün mərkəzi məktəblərdən biri seçilib, məktəb rəhbərliyinə və müəllimlərinə DİM-də, Ziyalı Qadınlar İctimai Birliyində, Bilik Fondunda, Gender Araşdırma Mərkəzində yüksək etimad göstərilib, dövlət hesabına məktəb müəllimlərinin müəllifliyi ilə 14 dərs vəsaiti dərc olunub, çox sayda kitab məktəbin öz vəsaiti hesabına ingilis dilinə tərcümə olunub və nəşr olunub. Yüksək kooperativ məsuliyyəti ilə seçilən məktəb kollektivinin geniş xeyriyyəçilik fəaliyyəti, o cümlədən Səbail rayonunda baş verən sürüşmələr zamanı təbii fəlakətdən əziyyət çəkən sakinlərə məhz bu məktəbin ev sahibliyi etdiyi xüsusi vurğulandı. Qeyd olundu ki, Səbail rayonunda ən böyük idman və akt zalı olan məktəb bugünədək saysız-hesabsız böyük tədbirləri uğurla təşkil etmişdir.
Diqqətə çatdırıldı ki, 163 saylı orta məktəbin 2016-cı il məzunu Məmmədli Cəmil Habil oğlu Vətən müharibəsində ön cəbhədə qəhrəmancasına döyüşərək Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə üç medala layiq görülən qəhrəman Şəhidimizin əziz xatirəsinin məktəbdə daima yüksək ehtiramla yad olunduğunu qeyd edən S. Cavadova bildirdi ki, Cəmilin ailəsi xüsusi diqqət mərkəzində saxlanılır və Şəhidimizin adının, xidmətlərinin əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Direktor 80 yaşlı məktəbin zəngin təcrübəsinin və 117 nəfərlik kollektivinin innovativ iş prinsiplərinin digər məktəblər üçün də müsbət nümunə ola biləcəyini vurğulayaraq partiya üzvlərinin rayonun və ölkəmizin ictimai-siyasi həyatında bundan sonra da fəal iştirak edəcəyinə dair əminliyini ifadə etdi.
S.Cavadova rayon partiya təşkilatına məktəbin müəllimləri tərəfindən ingilis dilinə tərcümə olunan və Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında hazırlanan “Azərbaycanlıların soyqırımı” və 163 saylı orta məktəbin 80 illik Yubiley kitablarını hədiyyə etdi.
İclasda qarşılıqlı fikir mübadiləsindən sonra məktəbin direktoru Cavadova Sevil Eyvaz qızının “163 №-li oxu zalı” ərazi ilk partiya təşkilatının sədri seçilməsi təklif olundu. Çıxış edən İdarə heyətinin üzvləri İlhamə Abbasova və Vüsalə Qədimalıyeva Sevil xanımın namizədliyini dəstəklədilər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Göstərilən yüksək etimada görə təşəkkür edən S.Cavadova 20 illik partiya stajı olduğunu qeyd etdi və partiyanın bütün tövsiyə və tapşırıqlarını, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini bildirdi.
İclas gələcək birgə əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam etdi.