Vətən müharibəsinin Şəhidi Qənbərov Bilal Xanlar oğlu Səbail rayonunda böyük məhəbbət və ehtiramla yad olunur
07.05.2021Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsinə, qızğın döyüşlərin getdiyi ön cəbhəyə könüllü yollanan, ən böyük arzusu Şuşaya Azərbaycan bayrağını sancmaq olan, üç bacının tək qardaşı Şəhid Qənbərov Bilal Xanlar oğlu Səbail rayonunda böyük məhəbbət və ehtiramla yad olunur.
1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olan Bilala 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olan qəhrəman babasının adı qoyulub. Ailədə 4 uşaq olublar, 3 bacının tək qardaşı idi. Bilal torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə yollanan ilk könüllülərdən biri idi, sentyabrın 29-da öz doğum günündə Vətən uğrunda gedən döyüşlərə qatılmaq üçün ön cəbhəyə yola düşüb. Qəhrəmanımız Hadrut, Cəbrayıl və Füzuli şəhərləri uğrunda mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşub. Ailəsi Bilalla sonuncu dəfə 31 oktyabrda danışıb. Tələm-tələsik danışırdı, sanki harasa tələsirdi. “Vətənə bir xeyrim olsun.”– deyirdi. Sevinirdi, torpaqlarımız özümüzə qayıdırdı çünki. “Bilmək olmaz, bu son danışığımız da ola bilər. Allaha əmanət olun, qızımdan muğayat olun. Ordumuza dua edin, çünki bizi dualarınız qoruyur. Bilmək olmaz, elə yerə gedirik ki, dönüşü olmaya bilər.” Bu sözlər, Şəhidimizin ailəsinə son sözləri oldu. Bilal şərəfli Şəhadət zirvəsinə 3 noyabrda məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəlib. İndi ailəsi üçün Şuşanın alındığı gün Bilalın yeni doğum günüdür. Şəhidimizin Vətənə əmanət bir qız övladı var. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Bilalın döyüş yoldaşları Şuşaya sancılan, üzərində Şəhidlərimizin qanı və müqəddəs Vətən torpağı olan Şanlı Azərbaycan bayrağını Bilalın ailəsinə xatirə təqdim edib. Azərbaycanın Qarabağ Zəfəri və evlərinin ən gözəl yerində – Bilalın Şəhidlik guşəsində qoyulan Vətən əmanəti o Bayraq ailənin ən böyük təsəllisidir.
Şəhid Bilalın məzun olduğu Səbail rayonu 162 saylı tam orta məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər Şəhidimizin evini ziyarət edirlər. Ailə üzvləri Bilalın şərəfli həyat və döyüş yolu, sonsuz Vətən sevgisi haqqında qürurla danışırlar. Şəhidlərimizin igidliyi, fədakarlığı, qələbə ruhu gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün ən böyük örnəkdir.
Şəhadət məqamın mübarək olsun, qəhrəman qardaşımız Bilal! Əminik ki, ruhun şaddır, çünki Şuşa artıq azaddır. Ölkə başçısı, Qalib Sərkərdə, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu xalqımıza möhtəşəm və tarixi Zəfər qazandırdı. Uğrunda canından keçdiyin Şanlı üçrəngli bayrağımız bu gün Şuşamızda və 27 il sonra düşmən tapdağından azad olunan bütün torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqı Bilal kimi igid Vətən oğullarının əziz və işıqlı xatirəsini, Vətənə olan əvəzsiz xidmətlərini əbədi yaşadacaqdır. Ruhun şad olsun, Şəhid qardaşımız, QARABAĞ AZƏRBAYCANDIR!