Milli Kitabxanada “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir təşkil edildi

Mayın 7-də Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və kitabxananın birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir keçirildi.

Ulu Öndərə həsr olunmuş guşənin önündə təşkil olunan tədbir çərçivəsində BDU-nun dosenti Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının da təqdimatı olub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qeyd edtdi ki, bu günlərdə Azərbaycan xalqı tarixi bir günü qeyd edir. Mayın 10-da nəinki Azərbaycanın, eləcə də dünyanın görkəmli və dahi şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli Lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə mühüm əhəmiyyət verirdi. Bunun nəticəsidir ki, Ümummilli Liderimiz milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində xeyli iş görmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən Ulu Öndər kitabxana işinin inkişafına xüsusi yanaşırdı. Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

Direktor bildirdi ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət edib və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə edib. Vurğulandı ki, bu gün toplandığımız “Heydər Əliyev guşə”si keçən ilin dekabr ayında mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açılıb. İnanırıq ki, bu guşə gənclərimizin sevimli məkanına çevriləcəkdir. Guşədə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Bu gün oxuculara təqdim etdiyimiz kitabda Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən, yüksək qiymətləndirən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın kitab mədəniyyəti, kitabçılıq işi, kitab və onun nəşri məsələləri ilə əlaqədar diqqət və qayğısı, eyni zamanda, onun zəngin irsi və Ulu Öndərə həsr olunmuş fundamental əsərlər araşdırılıb və tədqiq edilib”, – deyə Kərim Tahirov vurğuladı.

Bir neçə gün sonra Azərbaycan xalqının öz Ümummilli Liderinin doğum gününü qeyd edəcəyini bildirən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd etdi ki, Heydər Əliyev çox mənalı bir ömür yaşayıb. Onun istər keçmiş sovet hakimiyyəti illərində, eləcə də müstəqillik illərində Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olub. Bu gün Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini də məhz Heydər Əliyev qoyub. Heydər Əliyev daim Vətənini, onun gələcəyini düşünürdü. Onu da qeyd edək ki, bir neçə ay öncə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza qazandırdığı möhtəşəm tarixi Qələbə də Ulu Öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir. Ölkəmizin Qələbə qazanmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında bir vaxtlar Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Naxçıvanski adına Hərbi Məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur.

Nazir müavini qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Yaxın 17 illik tariximiz bir daha sübut edir ki, Ulu Öndər öz seçimində yanılmamışdır və onun layiqli davamçısı olan İlham Əliyev atasının başladığı işləri çox böyük uğurla davam etdirərək ona da başucalığı gətirmişdir.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək bildirdi ki, bu gün böyük tarixi bir gündür: “Biz hər il Ümummilli Lider Heydər Əliyevin doğum gününü qeyd edirik, lakin bu il tamam ayrı əhval-ruhiyyə ilə qeyd edirik. Belə ki, Ulu Öndərin ən böyük arzusu olan işğal altında olan torpaqlarımız artıq azaddır. Bu il biz qalib xalq olaraq bu günləri qeyd edirik. Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında olan xidmətləri haqqında nə qədər danışsaq azdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti öz sosial-iqtisadi inkişafını əldə etmişdir”.

Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Ümummilli Lider Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu haqqında çıxışları dinlənildi.

BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, “Ulu öndər Heydər Əliyev və Azərbaycan Kitab mədəniyyəti” kitabının müəllifi Rasim Süleymanov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O bildirdi ki, Ümummilli Liderə həsr olunmuş bu kitabda Ulu Öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına, öyrənilməsinə geniş yer ayrılıb və bu məsələlər ardıcıllıqla təhlil olunub. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilmişdir.

Sonda tədbir iştirakçıları “Heydər Əliyev guşə”sində nümayiş olunan materiallarla tanış oldular.

https://azertag.az/