YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu
10.05.2021Mayın 8-də YAP Səbail rayon təşkilatında müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirildi. Ziyalıların, rayon ictimaiyyəti nümayəndələrinin, partiya veteranlarının və gənc fəalların iştirak etdiyi Konfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Səbail rayon təşkilatın sədr müavini Afət xanım Xanbabayeva, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova, YAP Səbail rayon “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, YAP Səbail rayon “2 №-li” ərazi ilk partiya təşkilatının sədri, Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri Adil Vəliyev, YAP Səbail rayon “Qurucular” ərazi ilk partiya təşkilatının sədri, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail rayonu 6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova, 329 nömrəli tam orta məktəbin direktoru Sevil xanım Əliyeva, “İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı prof. Elçin Əhmədov, YAP Səbail rayon “Kosmos mütəxəssisləri” (Azərkosmos ASC) ərazi ilk partiya təşkilatının sədri Ağəli Abasov və YAP Səbail rayon “Telefonçular” (Baktelekom) ərazi ilk partiya təşkilatının sədr əvəzi İsrafil Bəkirov çıxış etdilər. Natiqlər Ulu Öndərin zəngin dövlətçilik irsi, mübarizələrlə keçən çətin və şərəfli həyat yolu, Azərbaycan xalqı və dövlətçiliyi üçün yerinə yetirdiyi xilaskarlıq missiyaları haqqında danışdılar və Heydər Əliyevlə bağlı unudulmaz xatirələrini konfrans iştirakçıları ilə bölüşdülər.
Konfransda ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş olundu.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adı Azərbaycan dövlətçiliyinin, xüsusilə müstəqillik tarixinin böyük bir epoxasına qızıl hərflərlə həkk olunan, Azərbaycan xalqı üçün əvəzsiz xidmətlər göstərən görkəmli dövlət xadimi, siyasət Olimpinin zirvəsini fəth edən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə keçirilən bugünkü Konfransın öncəki illərdən fərqli olaraq tamamilə başqa əhval-ruhiyyədə qeyd olunduğunu bildirdi. Vurğulandı ki, Azərbaycan xalqı bu il təqvimdəki bütün əlamətdar tarixləri qalib, məğrur, başıuca xalq kimi qürurla qeyd edir. Hər il Şuşa həsrətinin ifadəsi olan 8 may tarixini böyük ürək ağrısı ilə yad edən Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları artıq 8 noyabr Zəfər Gününü Şuşanın azadlıq tarixi kimi əbədiyyət təqviminə həkk etdi, 6 ay öncə xalqımızın Şuşa həsrətinə son qoyuldu. Bu gün azad Şuşamızda, işğaldan azad olunan bütün torpaqlarımızda şanlı Azərbaycan bayrağı qürurla dalğalanır. Ulu Öndərin layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, müstəqilliyini möhkəmləndirdi, əbədiləşdirdi, Azərbaycanı hərbi-iqtisadi cəhətdən qüdrətli, dünyada yüksək nüfuza sahib olan dövlətə çevirdi, 28 il düşmən tapdağında olan Vətən torpaqlarını 44 günlük Şanlı Vətən müharibəsində işğaldan azad etdi. Ulu Öndərin ruhu bu gün şaddır, çünki illər öncə Heydər Əliyevin Azərbaycan xalqına müraciətində böyük uzaqgörənliklə qeyd etdiyi və haqqında “Mən Ona özüm qədər inanıram” dediyi İlham Əliyev, Ulu Öndərin Azərbaycan xalqı üçün həyata keçirmək istədiyi taleyüklü məsələləri, planları, işləri uğurla davam etdirdi, Ata vəsiyyətini layiqincə yerinə yetirdi və Azərbaycan xalqına möhtəşəm Qarabağ Zəfərini yaşatdı.
Ş.Hacıyev bildirdi ki, müasir, müstəqil, qüdrətli, güclü Azərbaycanın bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulub və Vətən müharibəsindəki Şanlı Qələbəmizin də təməlində Ulu Öndərin əbədiyaşar ideyaları, Azərbaycan xalqının rifahına və müstəqil dövlətiçiliyinin möhkəmlənməsinə xidmət edən siyasi yolu və ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti dayanır.
Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinə həsr etdiyi şərəfli həyat yolu, həm Sovet hakimiyyəti dövründə, həm müstəqillik illərində Azərbaycan xalqı üçün apardığı mübarizələr və yerinə yetirdiyi xilaskarlıq missiyaları haqqında geniş danışaraq bildirdi ki, Heydər Əliyev həm tarixin gedişatını dəyişə bilən siyasi düha, həm də tarix yazan görkəmli dövlət xadimi və zamanın Azərbaycan xalqına ən taleyüklü məqamlarda bəxş etdiyi nadir şəxsiyyət, fitri istedad sahibi idi.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilməsi Onun Azərbaycanda dövlət quruculuğu yolunda tarixi missiyasının başlanğıcı kimi qiymətləndirən Ş.Hacıyev qeyd etdi ki, Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində İttifaq respublikaları arasında bütün sosial-iqtisadi göstəricilərinə görə ən geridə qalan, zəif inkişaf etmiş aqrar-xammal ölkəsi olan Azərbaycanı 1982-ci ildə dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edən və İttifaq səviyyəsində özünü tam təmin edən iki ölkədən birinə, öz dövrü üçün inkişaf etmiş sənaye ölkəsinə çevirdi. Bu dövr ərzində məhz Heydər Əliyevin səyi və əzmkarlığı sayəsində İttifaq səviyyəsində Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafına yönəlik mühüm qərarlar qəbul edildi, yüzlərlə zavod, fabrik, sosial və infratruktur obyektləri tikildi, yeni iş yerləri yaradıldı, kadr hazırlığı sahəsində mühüm irəliləyişlərə nail olundu. Təkcə onu demək kifayətdir ki, bu dövrdə ölkə iqtisadiyyatına 32 mlrd. rubl həcmində investisiya qoyuldu ki, nəticədə Respublikada böyük iqtisadi, sənaye və kadr potensialı yaradıldı. Mübaliğəsiz demək olar ki, məhz o dövrdə Heydər Əliyev tərəfindən yaradılan bu böyük potensial müstəqillik dövründə inkişafımız üçün real zəminlər yaratmış oldu. Ş.Hacıyev 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbul edilməsi və bu qanunda Azərbaycan dilinin dövlət dili kimi elan olunmasını həmin dövr üçün ağılasığmaz nailiyyət kimi qeyd edərək, Ulu Öndərin bu cəsarətli addımını milli kimliyimizə, soykökümüzə qayıdışın başlanğıcı kimi dəyərləndirdi. “O dövrdən artıq illər keçsə də düşünürsən ki, kommunist ideologiyasının, totalitar rejimin hökmran olduğu formal müstəqillik şəraitində milli maraqlara, milli oyanışa yönəlik bu qədər mühüm qərarlar qəbul etmək, əhəmiyyətli işlər görmək çox çətin və mümkünsüz idi. Lakin, bu işlər görüldü, təbii ki, ortada müdrik, uzaqgörən siyasət və böyük şəxsiyyət fenomeni var idi. Heydər Əliyev bütün bu işləri görərkən, sonralar Onun özünün də etiraf etdiyi kimi Azərbaycanın nə vaxtsa müstəqil olacağını düşünürdü.”
Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində növbəti fəaliyyət dövrünü təhlil edən Ş.Hacıyev dünyanın yarısına hökm edən SSRİ kimi fövqəldövlətin-imperiyanın idarəçilik olimpinin zirvəsinə yüksələn Heydər Əliyevin 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması və bu vəzifədə çalışarkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etməsi haqqında danışdı. Vurğulandı ki, bu yüksək vəzifə Heydər Əliyevdən öncə heç bir azərbaycanlıya nəsib olmamışdı. Dahi rəhbərin Moskvada 1987-ci ilə qədərki fəaliyyətini dərindən təhlil etsək, bir daha əmin oluruq ki, Heydər Əliyev bütün əmək fəaliyyəti dövründə harada olmasından asılı olmayaraq çalışdığı bütün vəzifələrdə yüksək nəticələr əldə etmiş və xalqına, dövlətinə böyük bağlılıq nümayiş etdirmişdir.
Çıxışına davam edən sədr Ulu Öndərin növbəti tarixi missiyası – müasir Azərbaycanın dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra düşdüyü dərin ictimai, siyasi, iqtisadi, mədəni və hərbi böhran vəziyyətindən xilas olunmasında və müstəqilliyinin qorunuub saxlanılmasındakı müstəsna rolu haqqında danışaraq qeyd etdi ki, Heydər Əliyevin qanlı 20 Yanvar faciəsini törədənlərə qarşı öz ittihamlarını açıq şəkildə dünya ictimaiyyətinə bəyan etməsi, bu hadisədən sonra Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi, Azərbaycana qayıdışı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək “Sovet Sosialist” sözlərini oradan çıxarması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi elan edilməsi və bunu o vaxtki Azərbaycan rəhbərlərindən də tələb edilməsi, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendumun boykot edilməsi, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təkan verən hadisələri və tarixi faktları xronoloji ardıcıllıqla Konfrans iştirakçılarının nəzərinə çatdırdı və bu addımları Ulu Öndərin 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanın müstəqilliyi yolunda atdığı ciddi addımlar olaraq qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin mübaliğəsiz müasir Azərbaycanın memarı və dövlətçiliyimizin banisi olduğunu vurğulayan Ş.Hacıyev Heydər Əliyevin siyasi həyatımızda mühüm dönüş nöqtəsi olan Yeni Azərbaycan Partiyasını yaratması, YAP-ın ilk Sədri kimi sivil və demokratik yolla hakimiyyətə gəldikdən sonra Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərində düşdüyü ağır ictimai-siyasi, iqtisadi, hərbi böhran və tənəzzül vəziyyətindən, siyasi xəritədən silinmək, parçalanmaq və yox olmaq təhlükəsindən xilas etməsi və sonrakı proseslər haqqında ətraflı məlumat verdi. Bildirildi ki, məhz Ulu Öndərin ölkəmiz üçün ən taleyüklü məqamda tarixi xidmətləri nəticəsində Azərbaycanda bir ictimai-iqtisadi sistemdən tamamilə yeni bazar iqtisadiyyatı sisteminə keçid təmin olundu, ölkəmizdə ardıcıl və sistemli iqtisadi islahatlar həyata keçirildi, bazar iqtisadiyyatının əsasını təşkil edən institutlar formalaşdırıldı, torpaq islahatları və özəlləşdirmə proqramları uğurla icra edildi, 1994-cü ildə Azərbaycanın müstəqil iqtisadi və siyasi inkişafı üçün həlledici rol oynayan Əsrin Müqaviləsi imzalandı, 1995-ci ildə Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu, cəmiyyət həyatının istisnasız olaraq bütün siyasi, iqtisadi, sosial və mədəni sahələrində əsaslı islahatlara başlanıldı, bir sözlə Heydər Əliyev dühası cəmi 10 il ərzində Azərbaycanı tənəzzül və dərin böhran şəraitindən dinamik inkişaf yoluna çıxartdı.
Ş.Hacıyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyev fitri istedadı, müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, idarəçilik mədəniyyəti, hadisələrin gedişini düzgün qiymətləndirmək, gələcəkdə baş verəcəkləri öncədən görmək və proqnozlaşdırmaq qabiliyyətinə, ən əsası isə Azərbaycan xalqı üçün ən taleyüklü məqamlarda ölçüyəgəlməz xidmətləri və əsl xilaskarlıq missiyalarını şərəflə yerinə yetirməsi ilə qədim dövlətçilik tarixinə malik Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimləri arasında xüsusi və təkrarsız mövqeyə sahibdir. Heydər Əliyev üçün Azərbaycan xalqının rifahından yüksək heç nə yox idi.
Ş.Hacıyev diqqətə çatdırdı ki, “Sağlığında layiqli siyasi varisini seçməsi və şah əsəri olan müasir Azərbaycanın inkişafını məhz Heydər Əliyev yolu və siyasəti ilə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə əmanət etməsi Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı daha bir böyük tarixi missiyası idi. Çünki, dahi Heydər Əliyev məktəbindən bəhrələnərək böyük siyasət adamı kimi formalaşmış cənab İlham Əliyevdən başqa heç kim Ulu Öndərin ideyalarını, fikirlərini, Azərbaycan xalqı üçün arzularını, ümidlərini layiqincə həyata keçirə bilməzdi. İlham Əliyevin Azərbaycan üçün alternativsizliyi dünən, bu gün və gələcək üçün danılmaz həqiqətdir. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli Lider idi, Prezidentimiz İlham Əliyev bu gün dünyada sayılıb-seçilən, yüksək beynəlxalq nüfuza sahib olan və qlobal proseslərdə söz sahibi olan nadir Liderlərdən biridir.” Müstəqil Azərbaycanın İlham Əliyev dövrü, 2003-cü ildən etibarən ölkəmizdə əldə olunan dinamik iqtisadi və sosial inkişaf, həyata keçirilən sistemli islahatlar və müasir ordu quruculuğu, eləcə də Azərbaycanın təşəbbüsü və bilavasitə rəhbərliyi, iştirakı ilə reallaşdırılan nəhəng transkontinental enerji və nəqliyyat layihələri barədə geniş danışan Ş.Hacıyev bildirdi ki, məhz İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünyada öz siyasi mövqeyi olan, iqtisadi və hərbi gücü ilə seçilən, yüksək beynəlxalq nüfuza malik strateji tərəfdaş, regional güc mərkəzi və beynəlxalq münasibətlərin mühüm siyasi-iqtisadi aktorudur. Ölkəmizdə sarsılmaz Xalq-İqtidar-Ordu birliyi mövcuddur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ölkə başçısının ətrafında sözün əsl mənasında “dəmir yumruğa” çevrildi, bütün dünya Azərbaycan Prezidentinin qətiyyətini, iradəsini, cəsarətini hər gün yenidən kəşf etdi. Qalib Sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Şanlı qələbəsi nəinki regionumuz, bütün dünya üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar, əməkdaşlıq imkanları və birgə fəaliyyət formatı yaratdı. Azərbaycanın möhtəşəm qələbəsi bütün Türk dünyasının başını ucaltdı, Azərbaycan və Türkiyə qardaşlığı sübut etdi ki, Türk milləti lazımi məqamda tək millət, tək dövlət olmağı da bacarır. Artıq tarixi Turan bərpa olunur və şanlı tarix yazan bu dövlətin müasir güc mərkəzlərindən biri məhz İlham Heydər oğlu Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycandır.
Ş.Hacıyev Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət dilədi və bildirdi ki, nə qədər ki, Azərbaycan var, Heydər Əliyevin ideyaları, siyasəti və Azərbaycan xalqı üçün misilsiz xidmətləri əbədi olaraq yaşayacaq və Heydər Əliyev yolu, İlham Əliyev siyasəti Azərbaycana, bütün Türk dünyasına gələcəkdə daha böyük uğurlar qazandıracaqdır. Ruhun şad olsun, Ulu Öndər!
Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova əmək fəaliyyətinə 1969-cu ildən başladığını və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləməyin ömür boyu onun üçün ən qürurverici məqam olduğunu qeyd etdi. Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə, xalqımızın firavanlığı və hər bir Azərbaycan vətəndaşı uğrunda mübarizə aparan dahi şəxsiyyət olduğunu vurğulayan S.Qəhrəmanova bildirdi ki, Ulu Öndərin dünya azərbaycanlılarını ətrafına toplaması, Azərbaycan gənclərinə verdiyi yüksək qiymət, Azərbaycanın iqtisadi yüksəlişi üçün göstərdiyi xidmətlər xalqımızın yaddaşına əbədi həkk olunub. Heydər Əliyevin ailəsində yetişən gənclər, möhtərəm Prezidentimiz İlham Əliyev, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının gücünü, yüksək vətənpərvərlik ruhunu, xalqımızın milli-mənəvi dəyərlərimizə, torpağımıza bağlılığını bütün dünyaya qürurla nümayiş etdirirlər. Vətən müharibəsi bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da İlham Əliyev siyasətində yaşayacaqdır.
Şuşanın azadlığı münasibətilə Azərbaycan xalqına gözaydınlığı verən YAP Veteranlar Şurasının və YAP Səbail rayon təşkilatının İdarə heyətinin üzvü Adilə xanım Abasova müstəqil Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin əbədi və möhtəşəm abidəsi olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri gələcəyi görmək kimi böyük bir fitri istedada sahib idi. Müasir Azərbaycanın dönməz inkişafının möhkəm təməlləri məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Heydər Əliyevlə bağlı xatirələrini, xüsusilə Moskvada tələbəçilik illərində Ümummilli Liderin ordakı fəaliyyəti, azərbaycanlılara göstərdiyi diqqət və qayğı haqqında danışan A.Abasova bildirdi ki, Ulu Öndərin ailə üzvləri ilə birlikdə 1990-cı il 20 Yanvar faciəsinin səhərisi Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi böyük bir cəsarət və fədakarlıq nümunəsi olmaqla yanaşı eyni zamanda o ağır günlərdə Azərbaycan xalqına əvəzsiz bir dayaq və təskinlik idi. Ulu Öndərin həyat yolu əsrlər keçdikcə öyrəniləcək və öyrədiləcəkdir.
YAP Səbail rayon təşkilatın sədr müavini Afət xanım Xanbabayeva xalqımız üçün xidmətləri və müasir Azərbaycanın qurulmasındakı misilsiz rolu ilə hər bir azərbaycanlının həyatından qırmızı xətlə keçən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işlədiyi dövrdəki xatirələri, Ümummilli Liderimizin yüksək intellekti, geniş dünyagörüşü, unikal təşklatçılığı, qeyri-adi yaddaşı, bənzərsiz görkəmi, Azərbaycan dilinə olan sonsuz məhəbbəti haqqında danışdı. A.Xanbabayeva bildirdi ki, Ulu Öndər 30 ildən çox Azərbaycan xalqına rəhbərlik edib və dahi şəxsiyyət sağlığında millətin atası, dövlət qurucusu adlarını qazanıb. Liderlik Heydər Əliyevin varlığında olan keyfiyyət idi və uzun illər xalqımızın şərəf və ləyaqətini layiqincə qoruyan Ulu Öndərin zəngin dövlətçilik irsi gənc nəsillər üçün böyük məktəbdir. Azərbaycan xalqı bu gün çox qürurludur, çünki dövlətimizə Şanlı qələbəni bəxş edən rəhbərimiz Heydər Əliyevin oğlu cənab İlham Əliyevdir. A.Xanbabayeva bildirdi ki, ölkə rəhbərinin ən böyük mükafatı xalqının Onun ideyalarına inanmasıdır və bu mənada Ulu Öndər xoşbəxt rəhbərdir, çünki məhz Heydər Əliyevin ideyaları və İlham Əliyev siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın ən gözəl və güclü, müstəqil ölkələrindən biridir. Ulu Öndərin sözləri ilə desək “Nə qədər Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam!” Allah rəhmət eləsin!
YAP Səbail rayon “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müasirlərindən olan, Onun rəhbərliyi altında işləyərək əbədiyaşar ideyalarının həyata keçirilməsində iştirak edən xoşbəxt insanlardan biridir. E.Vəlizadə qeyd etdi ki, Azərbaycan xalqı ən çətin məqamlarda gələcəyə Heydər Əliyev sayəsində ümidlə baxıb. Ulu Öndərə “baba” deyən uşaqlar cənab Prezident İlham Əliyevin dövründə yüksək vətənpərvərlik və Azərbaycana sonsuz sevgi ruhunda böyüdülər və 44 günlük Vətən mühribəsində bütün dünyaya Azərbaycan gənclərinin gücünü göstərdilər. Ulu Öndərin ideyaları, siyasəti cənab İlham Əliyevin gördüyü işlərdə yaşayır. Azərbaycan xalqı artıq qürurlu qalib dövlətin vətəndaşları kimi Qarabağ həsrətinə son qoydu və işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq, bərpa işləri bütün dünyaya nümunədir.
YAP Səbail rayon “2 №-li” ərazi ilk partiya təşkilatının sədri, Milli Məclis Aparatının “Sosial qanunvericilik” şöbəsinin müdiri Adil Vəliyev qeyd etdi ki, Azərbaycan xalqının taleyində, tarixində silinməz izlər qoyan Ulu Öndər fəaliyyəti dövründə şərəfli, ümumbəşəri missiyalar həyata keçirdi. Heydər Əliyev təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmayan siyasət aləminin patriarxı, tarixin gedişatına təsir edən, məhvərindən oynada bilən şəxsiyyət idi. Ulu Öndərin ruhu bu gün şaddır, çünki 44 günlük Vətən müharibəsi milli dövlətçiliyimizin “Heydər Əliyev epoxası”nı layiqincə davam etdirən cənab İlham Əliyevin şah əsəri oldu və 28 illik həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün yüksək beynəlxalq nüfuza sahib olan qalib, güclü, qüdrətli Azərbaycan dövləti var və Azərbaycan dedikdə bütün dünyada Heydər Əliyev, İlham Əliyev yada düşür. A.Vəliyev vurğuladı ki, 8 may artıq Azərbaycan xalqının məğlubiyyət tarixi olmayacaq və biz bu tarixləri möhtəşəm Zəfər günlərimizlə əvəzlədik.
Azərbaycanın milli tarix təqvimindəki bütün ağrı-acı tarixlərinin qisasının əzəli düşmənimizdən alındığını və Azərbaycan xalqının Qarabağ Zəfəri ilə tarixi ədaləti bərpa etdiyini diqqətə çatdıran YAP Səbail rayon “Qurucular” ərazi ilk partiya təşkilatının sədri, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Azərbaycanda hakimiyyətə gəlməsəydi, ölkəmiz böyük ictimai-siyasi, iqtisadi fəlakətlərlə üzləşərdi. Vurğulandı ki, son dərəcə mürəkkəb və böyük güclərin maraqlarının toqquşduğu geosiyasi və coğrafi mövqeyə sahib olan Azərbaycanı çarpazlaşan maraqlar müstəvisində balanslı idarə etmək böyük idarəçilik bacarığı və dövlətçilik təcrübəsi tələb edir. Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev bu çətin və şərəfli missiyanın öhdəsindən ləyaqətlə gəliblər. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Şanlı Vətən müharibəsi Azərbaycan xalqının qürurunu, mənəviyyatını təmizlədi və xalqımız bu gün yeni Zəfər tarixini fəxarətlə yaşayır. Ulu Öndərin zəngin həyat yolu və dövlətçilik irsinin məktəblərdə təbliği və Azərbaycan gənclərinin kiçik yaşlardan etibarən Vətənə, dövlətə sədaqətli vətəndaşlar kimi yetişməsi istiqamətində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən görülən işlər haqqında məlumat verən E.İmanov bildirdi ki, Ulu Öndərin həyatı və xidmətləri hər bir azərbaycanlı üçün Vətənə sevgi nümunəsidir.
Səbail rayonu 6 saylı məktəb-liseyin direktoru Gülşən xanım Orucova pedaqoji fəaliyyətə 1989-1990-cı illərdə başladığını qeyd edərək, təhsil sektorunda Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini Konfrans iştirakçıları ilə bölüşdü. Bütün sahələr üzrə o sahələrin mütəxəssislərindən daha mükəmməl biliklərə sahib olan Heydər Əliyevin həyat yolunun öyrənilməsinin hər bir azərbaycanlı üçün böyük məktəb olduğunu vurğulayan G.Orucova bildirdi ki, dünyanın ən nəhəng siyasətçiləri də Heydər Əliyev fenomeninin təkrarsızlığını təsdiq ediblər. Azərbaycan xalqı Ümummili Liderimizin əbədiyaşar ideyalarının və siyasətinin bəhrələrini bu gün görür və gələcəkdə də çox görəcəkdir.
329 nömrəli tam orta məktəbin direktoru Sevil xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərinin onun tələbəlik illərində silinməz izlər qoyduğunu vurğulayaraq bildirdi ki, biz xoşbəxt nəsilik, çünki Ümummilli Liderimizin ideyalarının həyata keçməsinin və müstəqil Azərbaycanın şərəfli tarixinin şahidiyik. Azərbaycan vətəndaşları xoşbəxtdirlər, Heydər Əliyev və İlham Əliyev kimi nadir şəxsiyyətlərin rəhbərliyi ilə bugünlərə gələn müasir, güclü, qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıdırlar. Vurğulandı ki, Ulu Öndərin siyasi yolu və cənab Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqına bundan sonra da yeni-yeni qələbələr və nailiyyətlər qazandıracaqdır.
“İdarəedicilər” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı prof. Elçin Əhmədov Azərbaycanın müstəqil dövlətçiliyinin və Azərbaycan xalqının milli maraqlarının qorunması siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən etibarən xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər haqqında danışdı. E.Əhmədov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində hərb meydanında, diplomatiya və informasiya məkanında işğalçı Ermənistana vurduğu sarsıdıcı zərbələri, triumfal Şuşa Zəfərindən və Azərbaycanın tarixi qələbəsini xüsusi vurğuladı. Qeyd olundu ki, müzəffər Ali Baş Komandanımız ermənilərin bütün uydurma miflərini heçə endirdi, işğalçının yalan maşınına sarsıdıcı zərbələr endirdi və Ermənistanın faşist siyasətini ifşa etdi. E.Əhmədov bildirdi ki, bu gün işğaldan azad olunan Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın dalğalanması Ulu Öndər Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Cənab İlham Əliyev illərlə böyük acı ilə ildönümlərini qeyd etdiyimiz torpaqlarımızın işğal tarixlərinin üstündən xətt çəkdi, azad Azərbaycan şəhəri olan Şuşanı mədəniyyətimizin paytaxtı elan etdi. İlham Əliyev Azərbaycan xalqının bütün arzularını, xəyallarını reallaşdırdı və azad Qarabağımızda tarixi, mədəni, dini irsimiz tezliklə bərpa olunacaq.
“Azərbaycanda kosmik sənayenin yaradılmasında Ulu Öndərin rolu və tövsiyələri” mövzusunda çıxış edən YAP Səbail rayon “Kosmos mütəxəssisləri” (Azərkosmos ASC) ərazi ilk partiya təşkilatının sədri Ağəli Abasov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda müasir elm sahələrinin inkişafı və texnoloji yeniliklərin tətbiqinin genişlənməsi, eləcə də bu sahə üzrə Azərbaycanda mütəxəssislərin formalaşmasındakı rolundan bəhs etdi. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə kosmik sənaye üzrə reallaşdırılan nəhəng layihələr, keçirilən beynəlxalq tədbirlər haqqında danışan A.Abasov bildirdi ki, Ulu Öndər müstəqil müasir Azərbaycanda yeni təfəkkürlü, azərbaycançılıq ruhunda böyüyən və yüksək əqli-biliyə sahib yeni nəsillər formalaşdırdı. Məhz bu gənclər bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin inkişafı üçün çalışır və Ulu Öndərin arzularını həyata keçirirlər.
YAP Səbail rayon “Telefonçular” (Baktelekom) ərazi ilk partiya təşkilatının sədr əvəzi İsrafil Bəkirov Ulu Öndər Heydər Əliyevin milli rabitə sistemimizin inkişafı istiqamətindəki yorulmaz fəaliyyətindən bəhs edərək, Ümummilli Liderimizin ölkəmizdə yaşayış məntəqələrinin telefonlaşdırılması, müxtəlif rabitə obyektlərinin açılış mərasimlərindəki iştirakı ilə bağlı xatirələrini Konfrans iştirakçıları ilə bölüşdü. Vurğulandı ki, Ulu Öndərin layiqli siyasi davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanda rabitənin inkişafına misilsiz töhfələr bəxş etmiş, Azərbaycanı kosmik dövlətə çevirmiş və Azərbaycan xalqının firavan həyat şəraitini təmin etmişdir.
Konfransa yekun vuran Ş.Hacıyev bildirdi ki, biz Ulu Öndər haqqında keçmiş zamanda danışmırıq, çünki zaman faktoru Heydər Əliyev üçün mövcud deyil. Heydər Əliyev Azərbaycanın simvoludur və dünyanın istənilən nöqtəsində Azərbaycan deyəndə, hər kəs Heydər Əliyevi xatırlayır. Ulu Öndər Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün həyata keçirdiyi misilsiz xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşar abidəsini ucaldıb. Ulu Öndərin siyasəti bu gün İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən möhtəşəm işlərdə, həyata keçirilən nəhəng layihələrdə, icra olunan dövlət proqramlarında, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərində təcəssüm edir. Azərbaycan işğaldan azad olunan bütün ərazilərini bərpa edəcək, Qarabağı cənnətə çevirəcək və ən müasir texnologiyaların tətbiqi ilə o bölgənin iqtisadi potensialından istifadə edərək bütün dünyaya yeni iqtisadi inkişaf, birgəyaşayış və əməkdaşlıq modeli təqdim edəcəkdir. Xalqımız Prezident İlham Əliyev ətrafında sıx birləşib və gələcəkdə qüdrətli Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır.