YAP Səbail rayon “Mənzil istismarçıları” (Səbail rayon MKTB) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
17.05.2021Mayın 17-də YAP Səbail rayon “Mənzil istismarçıları” (Səbail rayon MKTB) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
İclasda ərazi ilk partiya təşkilatının yeni sədri və müavinləri seçildi.
Baş mühəndis Hafiz Kazımov iclası açıq elan edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti və İPT üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakı haqqında məlumat verdi və ərazi ilk partiya təşkilatına son illər sədrlik edən və təqaüdə çıxması ilə əlaqədar fəaliyyətini dayandıran Hüseynov Süleyman Bəşir oğluna partiya işinə bəxş etdiyi yüksək töhfələrə görə minnətdarlığını bildirdi.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli inkişaf yolu haqqında danışaraq bildirdi ki, YAP üzvləri bütün dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş və cəmiyyət həyatının istisnasız bütün sahələrində aparıcı mövqelərə sahib olaraq Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi münasibətilə bütün iclas iştirakçılarını bir daha təbrik edən Z.Bayramov bildirdi ki, Qarabağ Zəfəri ölkəmiz üçün yeni inkişaf dövrünün başlanğıcıdır. YAP üzvləri hər zaman olduğu kimi möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər və bundan sonra da yeni çağırışlara, siyasi, iqtisadi reallıqlara adekvat fəaliyyətlərini davam etdirəcəklər.
YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi, mədəni-kütləvi fəaliyyəti, eləcə də rayon partiya təşkilatının Şəhid ailələrini, qaziləri, müharibə veteranlarını, əlil vətəndaşları, kimsəsizləri, tənha ahılları, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı rayon sakinlərini daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə həyata keçirilən humanitar və xeyriyyəçilik aksiyaları haqqında geniş danışan Z.Bayramov “Mənzil istismarçıları” ərazi ilk partiya təşkilatının bütün üzvlərini rayonumuzun ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə dəvət etdi.
Aparat rəhbəri “Mənzil istismarçıları” İPT-nin üzvlərinin ötən dövr ərzində Prezident, Milli Məclis, Bələdiyyə seçkilərindəki fəal iştirakını xüsusi qeyd edərək ərazi ilk partiya təşkilatının seçiləcək yeni rəhbərliyinə uğurlar arzuladı.
Sonra səsvermə keçirildi, ərazi ilk partiya təşkilatının İdarə heyəti üzvlərinin təklifləri əsasında Ümumi şöbənin müdiri Qəribli Sevil Soltan qızı yekdilliklə “Mənzil istismarçıları” İPT-nin yeni sədri seçildi.
Çıxış edən İdarə heyətinin üzvləri yeni seçilmiş İPT sədrinə gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzuladılar.
Sonra sədrin müavinləri seçildi və iclasa yekun vuruldu.