YAP Səbail rayon təşkilatında Vətən müharibəsinin qəhrəman qazisi Mədətov Həşim Teyyub oğlu və fəal gənclərlə görüş keçirildi
26.05.2021Mayın 26-da YAP Səbail rayon təşkilatında Vətən müharibəsinin qəhrəman qazisi, Azərbaycan Respublikasının “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan, Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə qızğın döyüşlərdə iştirak edərək Şanlı Zəfər yolu keçən qazi Mədətov Həşim Teyyub oğlu ilə görüş keçirildi.
Səbail rayonunun ictimai-siyasi həyatında xüsusi fəallıqları ilə seçilən gənclərin iştirak etdiyi görüşdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin, Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Şanlı Qələbə, möhtəşəm Qarabağ Zəfəri haqqında danışdı. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən Sədr qazilərimizə Allahdan şəfa dilədi.
Vətən müharibəsinin Səbail rayonundan olan qəhrəman qazisi Mədətov Həşim Teyyub oğlunun keçdiyi şərəfli döyüş yolu, ön cəbhədə göstərdiyi igidliklər haqqında gənclərə məlumat verildi. Qeyd olundu ki, H.Mədətov 1991-ci il mayın 27-də Bakı şəhərində anadan olmuşdur və bu il qəhrəman qazimizin anadan olmasının 30 illik yubileyidir. Səbail rayonu 203 nömrəli orta məktəbin məzunu olan Həşim 2013-cü ildə BDU-nun “Tarix” fakültəsini bitirmişdir. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Nəqliyyat” fakültəsinin 5-ci kursunda təhsil alır. Uşaqlıqdan Vətənə, millətə, dövlətə və dövlətçiliyə sadiq böyüdülmüşdür. Azərbaycanın üçrəngli Şanlı bayrağı, doğma yurdumuz, millətimiz daim Həşimin qürur mənbəyi olmuşdur. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşlərə qatılmışdır. Əsasən Füzuli istiqamətindəki ağır döyüşlərdə iştirak etmişdir. Rayonun 5 kəndinin azad olunmasında böyük töhfələri olmuşdur. Sonuncu döyüşü 3 oktyabrdan-4 oktyabra keçən gecə olmuş, saat 00:30 radələrində yaralanmışdır. Düşmənin bir gülləsi sağ çiyninə, digər gülləsi isə sağ çiyinin bədənə bitişik hissəsinə dəymişdir. Hətta güllələrdən biri kaskasını dəlib-deşib keçmişdir. Allahın qoruduğu igidimizə dərhal müdaxilə olunmuş və Bakıya ağır vəziyyətdə çatdırılmışdır. Qazimiz Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında nümayiş etdirdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ş.Hacıyev YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından Vətən müharibəsinin qəhrəman qazisi Mədətov Həşim Teyyub oğlunu 30 illik yubileyi münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı, sağlam uzun ömür, gələcək həyatında uğurlar arzuladı və möhtəşəm Qarabağ Zəfərinin qazanılmasındakı töhfələrinə, ön cəbhədəki igidliyinə və fədakarlığına görə gəncimizə, onun ailəsinə bir daha təşəkkür etdi.
Qazi Mədətov Həşim Teyyub oğluna Vətən qarşısındakı nümunəvi, şərəfli xidmətinə görə və ad günü münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən “İlin Gənci” Fəxri plaketi, hədiyyə və gül dəstəsi təqdim olundu.
Göstərilən diqqət və qayğıya görə təşəkkür edən qazi H.Mədətov Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığından, qələbə ruhundan, şücaətindən danışaraq, keçdiyi döyüş yolu, özünün və döyüş yoldaşlarının müharibə xatirələri haqqında gənclərə məlumat verdi.
44 günlük Şanlı Vətən müharibəsi günlərində və sonrasında, eləcə də COVID-19 koronavirus pandemiyası ilə mübarizə istiqamətində YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər, həyata keçirilən çoxsaylı sosial və humanitar akiyalar, Səbail rayonu sakinləri olan Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışan Ş.Hacıyev rayon partiya təşkilatının fəaliyyətində yaxından iştirak edən gənclərin rolunu və töhfələrini yüksək qiymətləndirdi.
Yeni Azərbaycan Partiyasının fəaliyyətini möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən qurduğunu və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışdığını vurğulayan Ş.Hacıyev bildirdi ki, YAP Səbail rayon təşkilatının üzvləri, fəalları və könüllü gəncləri də hər zaman vətəndaşların yanındadırlar və xüsusi qayğıya ehtiyacı olan rayon sakinlərinin, aztəminatlı ailələrin daima dövlətin və partiyanın diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etmələri üçün əllərindən gələni edirlər.
Dünyanı cənginə alan qlobal COVID-19 koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Ş.Hacıyev sərt karantin günlərində YAP Səbail rayon təşkilatı tərəfindən xüsusi qayğıya ehtiyacı olan rayon sakinləri, tənha ahıllar, xəstələr, kimsəsizlər, aztəminatlı ailələr üçün reallaşdırılan ümumilikdə 17 sosial aksiya, maarifləndirici tədbirlər haqqında məlumat verdi və 300-dən çox ailənin evlərinə ərzaq, lazımi dərman, tibbi-gigiyenik vasitələrinin çatıdırılmasında və vətəndaşlara sosial xidmətlərin göstərilməsində iştirak edən partiya fəallarına, könüllü gənclərə təşəkkür etdi.
Ş.Hacıyev bildirdi ki, bu gün Azərbaycanda sözün əsl mənasında fəxr olunası gənclik formalaşıb. Prezident İlham Əliyevin dövründə böyüyən, milli ruhda formalaşan vətənpərvər Azərbaycan gəncləri döyüş meydanında xalqımızın əzəli düşməninin başını əzdi, bütün Şəhidlərimizin, günahsız qurbanların qisasını aldı və Azərbaycan xalqının gücünü, iradəsini, qələbə əzmini bütün dünyaya nümayiş etdirdilər. Eyni zamanda arxa cəbhədə böyük fədakarlıqla çalışan gənclərimiz Ordumuza hər mənada dəstək oldular, cəbhə bölgələrinə dəfələrlə səfərlər etdilər, əsgərlərimizlə görüşdülər, sosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal iştirak etdilər, bir sözlə bütün mümkün imkan və resurslarla ümummilli işimizə töhfələr verdilər. Qeyd olundu ki, YAP Səbail rayon təşkilatı tərəfindən Vətən müharibəsi günlərində mütəmadi olaraq əsgər ailələrinə, yaralı hərbiçilərə diqqət, qayğı göstərilmiş, yaralı hərbiçilər müalicə olunduqları qospitalda dəfələrlə ziyarət olunmuş, əsgər körpəsinə, ailəsinə lazımi ərzaq və körpəyə qulluq vasitələri çatdırılmış, “Əsgərə məktub!” layihəsi icra olunmuş, Vətən torpaqlarının azadlığı uğrunda həlak olan Səbail rayon Şəhidlərinin ailələri ilə görüşlər keçirilmiş, qazilərin evlərinə ziyarətlər təşkil olunmuş, tarixi qələbə münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsilmiş, Səbail rayonu ərazisində 200-dən çox ailəyə, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və DOST xidmətinin qeydiyyatında olan tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılmış, mətbuatda çoxsaylı müsahibələr, məqalələr dərc olunmuş, ümumilikdə 22 tədbir icra olunmuşdur.
Vətən müharibəsində Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanı yazdığını vurğulayan Ş.Hacıyev bildirdi ki, YAP Səbail rayon təşkilatı müharibə günlərindən etibarən Səbail rayonu sakinləri olan Şəhid ailələrini və qaziləri daima xüsusi diqqət və qayğı mərkəzində saxlayır, müharibə qəhrəmanlarımız üçün müxtəlif aksiyalar həyata keçirir.
Sonra YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqları ilə seçilən, rayon partiya təşkilatı tərəfindən həyata keçirilən sosial-humanitar aksiyalarda yaxından iştirak edən, Vətən müharibəsi günlərində arxa cəbhədə fəal iştirak edən, cəbhə bölgəsində dəfələrlə səfərdə olan bir qrup gənc fəal rayon partiya təşkilatının Fəxri Fərmanları və Təşəkkürnamələri ilə təltif olundular.
Vətən müharibəsinin qızğın döyüş günlərində arxa cəbhədə yüksək fəallıqlarına, “Orduya dəstək” aksiyasında yaxından iştirak etdiklərinə və ön cəbhədə döyüşən Azərbaycan əsgərlərinə bir neçə dəfə yardım və sovqatlar apardıqlarına görə Dunusov Pərvin Rəfail oğlu, Eynalov Qismət Qəribağa oğlu, Əliyev Kamran Ruslan oğlu, Əfəndiyev Fariz Fuad oğlu, Mirzəyev Xalid Eldəniz oğlu, Həsənov Rəhim Ələskər oğlu, Heydərli Fuad Hacı oğlu və Nəbiyeva Bəyim Azər qızı YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundular.
2020-ci ildə YAP Səbail rayon təşkilatının COVID-19 koronavirus pandemiyası ilə mübarizə işində səmərəli fəaliyyətlərinə, sərt karantin günlərində xüsusi qayğıya ehtiyacı olan Səbail rayon sakinləri üçün rayon partiya təşkilatı tərəfindən təşkil olunan çoxsaylı sosial aksiyalarda yaxından iştiraklarına görə Qənbərov Fariz Şahmalı oğlu, Qənbərli Fərid Xəqani oğlu, Mirzəyev Xalid Eldəniz oğlu, Həsənov Rəhim Ələskər oğlu, Heydərli Fuad Hacı oğlu və Nəbiyeva Bəyim Azər qızı YAP Səbail rayon təşkilatının Təşəkkürnamələri ilə təltif olundular.
YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən, təşkilatın həyata keçirdiyi tədbirlərdə dizayner kimi töhfələr verən Cavadova Balabacı Nasir qızı ad günü münasibətilə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu, ona hədiyyə və gül dəstəsi təqdim olundu.
Sonda qəhrəman qazimiz və gənclərlə xatirə şəkilləri çəkildi.