YAP Səbail rayon təşkilatında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə videokonfrans keçirildi

Mayın 27-də YAP Səbail rayon təşkilatında 28 May – Respublika GünüAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə videokonfrans keçirildi. Səbail rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya veteranları və fəal gənclərin iştirak etdiyi konfransda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın Sovet dövrü ‎tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov çıxış etdilər.

İlk öncə 1918-ci ildə mövcud olan son dərəcə mürəkkəb və ziddiyyətli dövrdə müstəqil respublika yaratmaq kimi çətin vəzifənin öhdəsindən layiqincə gələn Cümhuriyyət qurucularının və bu müqəddəs amal uğrunda həlak olan bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik tarixinə qızıl hərflərlə yazılan ən şərəfli və əlamətdar hadisələrdən biri olduğunu vurğulayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Birinci Dünya müharibəsindən sonra dünyada və Cənubi Qafqazda gedən proseslər, parçalanmaq və dağılmaq ərəfəsində olan Rusiya və Osmanlı imperiyalarının ərazilərində yaranmış mürəkkəb və ziddiyyətli münasibətlər, Zaqafqaziya Seymi çərçivəsində müxtəlif milli fraksiyaların dövlət müstəqilliyi uğrunda mübarizəsi haqqında danışdı. Ş.Hacıyev qeyd etdi ki, ciddi tarixi hadisələr və bəşəri dəyişikliklərlə yadda qalan XX əsrin əvvəllərində Azərbaycan xalqı növbəti dəfə mübarizliyini, qətiyyətini nümayiş etdirdi, milli dövlətçilik ənənələrini və müstəqillik arzularını həyata keçirməyə və 1918-ci il mayın 28-də Şərqdə  – müsəlman-Türk dünyasında ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini qurmağa nail oldu. Fəaliyyət göstərdiyi 23 ay ərzində şərəfli inkişaf yolu keçən və qısa müddətdə məhdud imkanlarla çox böyük işlər görməyə nail olan Azərbaycan Xalq Cümhuriyyəti öz dövrü üçün ağlasığmaz mühüm nailiyyətlərə imza atdı. Cümhuriyyət qurucularının cəsarətli, gərgin və fədakar fəaliyyəti nəticəsində dünyanın 20-yə yaxın dövləti AXC-nin müstəqilliyini tanıdı, Azərbaycanın müstəqil dövlətçiliyinin milli atributları hazırlandı, Konstitusiya Aktının qəbul olunmasına vaxtları çatmasa da, İstiqlal Bəyannaməsi müstəqilliyin hüquqi bazasını təmin etdi, Azərbaycan-Türk dili dövlət dili səviyyəsində elan olundu, ciddi sosial-iqtisadi islahatlar, ordu quruculuğu üçün əsaslı tədbirlər, təhsilin inkişafı, gənc nəslin maariflənməsi və ixtisaslı kadr potensialının hazırlanması istiqamətində möhtəşəm işlər görüldü, Bakı Dövlət Universiteti yaradıldı, digər əsaslı ali məktəblərin layihələri hazırlandı, 639-dan çox orta və peşə təhsil məktəbləri fəaliyyətə başladı, 100-dən çox Azərbaycan gənci xarici ölkələrə təhsil almaq üçün göndərildi. Təəssüf ki, 1920-ci aprelinda bolşevik istilası bütün bu misilsiz işləri yarımçıq qoydu.

Qədim dövlətçilik ənənələri olan Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirdiyi əzəli torpaqlarını xüsusi qeyd edən Ş.Hacıyev diqqətə çatdırdı ki, 1920-ci ildə bolşevik işğalından əvvəl Azərbaycanın ərazisi 114 min km² olduğu halda, Azərbaycan SSR yarananda ərazilərimiz 92,3 min km²-ə qədər azaldıldı, 70 il formal müstəqillikdən sonra 1991-ci ildə isə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ərazisi 86,6 min km² olaraq elan olundu. Bu rəqəmlər bir daha göstərir ki, bütün dövrlərdə böyük güclərin maraq və mübarizə meydanı olan Azərbaycanın əzəli torpaqları xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində zaman-zaman düşmənlər tərəfindən işğal olunub və ya tarixi Azərbaycan torpaqları – Zəngəzur, Göyçə mahalı və digər ərazilərimiz Sovet İmperiyası rəhbərlərinin heç bir hüquqi əsası olmayan sadəcə bir qərarı ilə mənfur qonşularımız ermənilərə peşkəş edilib.

23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və işğalı ilə nəticələnən prosesləri, tez-tez baş verən hökumət dəyişikliklərini, ayrı-ayrı milli fraksiyaların hakimiyyət uğrunda mübarizəsinin təəssüfləndirici nəticələrini, böyük güclərin Azərbaycanda çarpazlaşan geosiyasi və geoiqtsadi maraqlarını, işğalçı Ermənistan faktorunu XX ərsin sonlarında müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycanda 1991-1993-cü ilin iyununa kimi baş verən hərc-mərclik və yaranan dərin siyasi, iqtisadi, hərbi və mədəni böhran dövrü ilə müqayisə edən Ş.Hacıyev xüsusi vurğuladı ki, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev müdrik Azərbaycan xalqının təkidli tələbi ilə ölkədə hakimiyyətə gəlməsəydi müstəqil Azərbaycan da sələfi kimi 21 ay sonra məhv olacaq və müstəqilliyini itirəcəkdi. “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. 1918-ci ildə yaranmış  ilk Azərbaycan Xalq Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir” fikirləri ilə Azərbaycan Xalq Cümhuriyyətinə və Cümhuriyyət qurucularının fəaliyyətinə ən yüksək qiyməti verən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi miraslarına sahib çıxan, üçrəngli bayrağımızı və dövlət rəmzlərini 70 il sonra müstəqil Azərbaycanın dövlət atributları kimi əbədiyyətə həkk edən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dağılmaq ərəfəsində olan Azərbaycanı 10 il ərzində dinamik inkişaf yoluna çıxartdı, müstəqilliyimizi möhkəmləndirdi, suverenliyimizi əbədiləşdirdi və Azərbaycan xalqı, milli dövlətçiliyimiz üçün daha bir tarixi xilaskarlıq missiyasını yerinə yetirərək sağlığında layiqli siyasi varisini müəyyənləşdirdi, qurucusu və memarı olduğu müasir Azərbaycanı möhtərəm Prezidentimiz İlham Əliyevə əmanət etdi.

2003-cü ildən sonra ölkəmizin ictimai-siyasi həyatının istisnasız bütün sahələrində əldə olunan möhtəşəm sosial-iqtisadi uğurlar, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transkontinental layihələr, Azərbaycanın ildən-ilə yüksələn beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti haqqında geniş danışan Ş.Hacıyev bildirdi ki, 44 günlük Vətən müharibəsi müasir Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirməklə yanaşı, Azərbaycan xalqının milli qürurunu, şərəfli dövlətçilik tarixini bir daha təsdiqlədi. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Azərbaycanın ərazi bötövlüyünü bərpa etdi, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi, beləliklə müasir müstəqil Azərbaycan varisi olduğu Şərqdə ilk demokratik, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mirasına ləyaqətlə və şərəflə sahib çıxdı. Müstəqilliyimizin 30-cu ildönümündə ilk dəfədir ki, 28 May – Respublika Gününü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının növbəti ildönümünü qalib və məğrur xalq kimi qeyd etdiyimizi xüsusi vurğulayan Ş.Hacıyev bildirdi ki, möhtəşəm Qarabağ Zəfəri ilə Azərbaycan xalqı yeni qəhrəmanlıq dastanı yazdı, Ermənistanın yalanlarını, əsl faşist simasını ifşa etdi, işğalçıların yaratdıqları mifləri darmadağın etdi, xalqımızın əzəli düşməninin başını əzdi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan bütün Şəhidlərimizin qisasını aldı və tarixi ədaləti bərpa etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” fikirlərini diqqətə çatdıran Ş.Hacıyev vurğuladı ki, bizim birliyimiz hər şeydir. Biz güclü olmalıyıq, tariximizi dərindən öyrənməli və tarixin bizə verdiyi dərslərdən nəticə çıxartmalıyıq. Azərbaycan xalqının milli maraqlarını təmin edən və ən gözəl şəkildə təmsil edən möhtərəm Prezidentimiz ətrafında hər kəs siyasi əqidəsindən, tutduğu vəzifədən asılı olmayaraq 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi sıx birləşərək dəmir yumruğa çevrilməlidir. Azərbaycan bu gün bütün sahələrdə dünya üçün müsbət nümunəyə çevrilib, sözün əsl mənasında dünyaya günəş kimi parlayır. Xalqımızın ən böyük dəyəri bizim müstəqilliyimizdir. Biz azadıq, sərvətlərimizin sahibiyik. Ölkəmizlə bütün dünyada hesablaşırlar, Azərbaycan bu gün regionda Türkiyə ilə birlikdə yeni geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilib. Qarabağın işğaldan azad olunması ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. İşğalçı Ermənistanın viran qoyduğu və 44 günlük Şanlı Vətən müharibəsində düşmən tapdağından azad olunan Azərbaycan torpaqlarında möhtəşəm yenidənqurma işləri aparılır, Azərbaycanın tarixi, mədəni, dini irsi bərpa olunur, Qarabağ bölgəsinin iqtisadi potensialı tezliklə milli dövriyyəmizə cəlb olunacaq və Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olan müasir müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf etmiş ölkələri sıralarına daxil olacaq. Cümhuriyyət qurucularına bir daha Allahdan rəhmət diləyən Ş.Hacıyev hər kəsi 28 May – Respublika GünüAzərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə ürəkdən təbrik etdi və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin Azərbaycan xalqı və millətimiz tərəfindən əbədi olaraq yaşadılacağını vurğuladı.

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın Sovet dövrü ‎tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra Azərbaycan Xalq Cümhuriyyəti zamanlarından başlayaraq ermənilərin yerli türk-müsəlman əhalisinə qarşı ərazi iddiaları, etnik zəmində baş verən erməni-müsəlman toqquşmaları və Dağlıq Qarabağ münaqişəsinin başladığı və davam etdiyi tarixi dövrü təhlil edərək Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əzəli düşməninə qarşı əsrlərə bərabər möhtəşəm Zəfər qazandığını qeyd etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə verdiyi yüksək qiymət haqqında konfrans iştirakçılarına geniş məlumat verən İ.Niftəliyev vurğuladı ki, Ulu Öndərin tarixçilərə hər zaman tövsiyəsi bu olub ki, bütün tarixi hadisələrə və dövlət xadimlərinin fəaliyyətinə öz dövrlərinin ictimai-siyasi şərtləri və tələblərinə uyğun tarixi və siyasi qiymət verilsin. AXC dövlətçilik konsepsiyasının Azərbaycan tarixində mühüm rol oynadığını diqqətə çatdıran tarixçi alim bildirdi ki, Sovet dövründə AXC dövrünə münasibət heç də birmənalı olmayıb, Cümhuriyyət qurucularına fərqli damğalar vurulub, 1920 Aprel hadisələri gizlədilib. Lakin Ulu Öndər Heydər Əliyevin xüsusi diqqəti nəticəsində müstəqillik illərində AXC dövrü yenidən araşdırılmış və tarixi həqiqətlər bərpa olunmuş, o dövrün hadisələri layiqli qiymətini almışdır. İ.Niftəliyev Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə AXC dövlət rəmzlərinin bərpası istiqamətindəki fəaliyyətinə xüsusi diqqət çəkərək bildirdi ki, Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə verdiyi yüksək qiymət əsl şəxsiyyətin tarixi şəxsiyyətlərə və görkəmli dövlət xadiminin tarixdə iz qoymuş dövlət xadimlərinə göstərdiyi hörmət və ehtiramın nümunəsi idi. Tarixçi alim qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa müddətdə görülmüş işlər müasir müstəqil Azərbaycan üçün ciddi zəminlər formalaşdırmışdır. Şərqdə ilk demokratik hökumətin dövlət quruculuğu, iqtisadi və sosial sahədə həyata keçiridiyi islahatlar, xüsusilə təhsilin inkişafı və ordu quruculuğu istiqamətində gördüyü işlər Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründəki çoxşaxəli siyasi, iqtisadi, hərbi, mədəni fəaliyyətdə öz əksini tapmışdır. 1920-ci il istilası olmasaydı Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu gələcəyi olacaqdı. Siyasi müdaxilələrə baxmayaraq Azərbaycan xalqı XX əsrin sonlarında yenidən öz taleyinə sahib çıxdı, müstəqilliyini bərpa etdi və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində yeni Qürur Tarixini yazdı. Əminik ki, müasir müstəqil Azərbaycanımız inkişafını bundan sonra da yüksələn xətlə davam etdirəcəkdir.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov 28 May tarixinin Azərbaycan xalqının milli şəxsiyyətinin təsdiqləndiyi gün olduğunu qeyd etdi və fəaliyyətində Azərbaycan milli dövlətçiliyinin təməl prinsiplərini əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin və tarixi irsinin hüquqi aspektləri haqqında Konfrans iştirakçılarına geniş məlumat verdi. Müasir müstəqil Azərbaycanın quruculuğunda mühüm rol oynayan təməl institutların məhz AXC dövründə əsasının qoyulduğunu vurğulayan X.Bəşirov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlament respublikası kimi tarixə düşdü. Çoxpartiyalı sistemin parlaq nümunəsi olan AXC parlamentində 11 fraksiya və bütün etnik azlıqlar təmsil olunurdu. İstiqlal Bəyannaməsinin 6 maddəsində müstəqil dövlətin və xalqın bütün təməl Konstitusyon haqları əks olunurdu. Ölkədə dünyanın aparıcı dövlətlərinin idarəetmə sisteminə əsaslanan hakimiyyət bölgüsü prinsipləri formalaşdırılmışdı. Bütün bu fəaliyyətlərin o mürəkkəb dövrdə həyata keçirilməsi Azərbaycan dövlət xadimləri və xalqımız üçün böyük tarixi nailiyyətdir. 1993-cü ildən sonra müstəqil müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövlətçilik ənənələrini qoruyur və gələcəyə ötürür. Bu gün Şanlı üçrəngli Azərbaycan bayrağı dünyanın hər yerində qürurla dalğalanır, 30 illik işğaldan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı Vətən müharibəsi günlərində Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisləri olduğunu bir daha sübut etdi. Əminik ki, parlaq gələcəyi olan Azərbaycan illər keçdikdə yeni-yeni nailiyyətlər və tarixi Zəfərlər qazanacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri və dövlət xadimlərinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, bəlkə də AXC olmasaydı Azərbaycan xalqının XX əsrin sonlarında müstəqil mövcudluğu sual altında olardı. 1991-ci ildə azadlıq mübarizəsinə qalxan Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə sahib olduğunu bir daha sübut etdi, demokratik, liberal, multikultural və milli-mənəvi dəyərlərinə sadiq xalq olduğunu nümayiş etdirdi. Tarixi Qarabağ Zəfərindən sonra Azərbaycan xalqının daha da ayıq-sayıq olmasının əhəmiyyətinə diqqət çəkən politoloq vurğuladı ki, Azərbaycan Vətən müharibəsindəki Şanlı Qələbəsi və işğal faktoruna son qoymaqla regiondakı bütün geosiyasi reallıqları, siyasi konfiqurasiyanı dəyişdi, bu gün əzəli Azərbaycan torpağı olan Zəngəzur uğrunda ciddi mübarizə gedir, revanşist meyllərlə özlərini uçuruma aparan Ermənistan yenə Azərbaycan sərhədində müxtəlif təxribatlara əl atmağa çalışır. Lakin, Ermənistan unutmamalıdır ki, bu kimi çarəsiz cəhdlər onların ümumiyyətlə dövlət və topluluq olaraq məhvi ilə nəticələnə bilər. Bu məsələlərlə bağlı xüsusilə tarixçilərin, politoloqların, gənc nəslin üzərində düşən məsuliyyət və qarşıda duran vəzifələri xüsusi qeyd edən Z.Məmmədov bildirdi ki, bu gün mübarizə sosial şəbəkələrdə xarici dillərdə gedir. Gənclərimiz əzəli düşmənimizi yaxşı tanımalı, tariximizi dərindən bilməli və hər mənada hazırlıqlı olmalıdırlar.

Konfrans maraqlı fikir mübadiləsi ilə davam etdi. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irsi və tarixi xidmətləri gələcək nəsillər tərəfindən də öyrəniləcək və əbədi olaraq yaşadılacaqdır.