Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul etdi

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti qardaş Türkiyədə səfərdədir.

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.

Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüsüynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

***

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti iyunun 3-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç ilə görüşüb.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib, iyunun 2-də bu iki partiya arasında imzalanan əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq parlamentlər səviyyəsində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.

***

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb.

Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub.

Sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.

İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.