YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcərdə minaya düşərək Şəhid olan jurnalistlərin xatirə guşəsini ziyarət etdilər

YAP Səbail rayon təşkilatının əməkdaşları və gənclər Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən xain erməni minasının partlaması nəticəsində Şəhid olan jurnalistlər – AzTV-nin operatoru Sirac Abışovun və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun Şəhidlər xiyabanının yaxınlığında yaradılan xatirə guşəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər və Şəhid media işçilərinin əbədiyaşar, əziz xatirəsi ehtiramla yad etdilər.

Məlum olduğu kimi, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Vətən müharibəsi günlərində və atəşkəsdən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ezam olunan, erməni faşizmini və vandalizmini dünya ictimaiyyətinə çatdıran jurnalistlərin erməni terrorunun növbəti qurbanı olması faktı haqqında müxtəlif ölkələrin mətbuat nümayəndələri və ictimai təşkilatlar bəyanatlarla çıxış ediblər. Bəyanatlarda xaincəsinə edilən hücumlar və hazırlanan tələlərlə günahsız insanları öldürməyə davam edən Ermənistanın hərəkətləri şiddətlə qınanılıb və atəşkəsdən 7 ay keçməsinə baxmayaraq Ermənistanın vəhşiliyinin hələ də davam etməsi və bu hadisələrin dünyanın gözü qarşısında baş verməsi birmənalı olaraq pislənilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalistlər – Sirac Abışov və Məhərrəm İbrahimov, ruhunuz şad olsun! Ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik!