YAP Səbail rayon təşkilatında Vətən müharibəsinin qəhrəman qaziləri ilə növbəti görüş keçirildi
10.06.2021İyunun 10-da YAP Səbail rayon təşkilatında 44 günlük Vətən müharibəsində Şanlı Zəfər yolu keçən və Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək qazi ünvanını qazanan Həsənov Fərid Fizuli oğlu, Şirinov Vasif Nizami oğlu və Əliyev Balaəmi Etibar oğlu ilə görüş keçirildi.
Gəncləri ürəkdən salamlayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qazanılan Şanlı Qələbə haqqında danışdı. Vurğulandı ki, Şəhidlərimiz, qazilərimiz, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti İkinci Qarabağ müharibəsində sözün əsl mənasında müstəqillik tariximizin yeni, şərəfli səhifələrini qızıl hərflərlə yazdılar. Nə qədər Azərbaycan var bu qəhrəmanlıq salnaməsi yaşayacaq. “Biz xoşbəxt nəslin nümayəndələriyik ki, belə bir şərəfli tarixin yazılmasına şahidlik etdik” deyən Ş.Hacıyev qeyd etdi ki, Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı Prezidentimiz ətrafında sıx birləşdi. Bu birlik düşmənin başını əzən dəmir yumruğa çevrildi və Azərbaycanın möhtəşəm qələbəsinin əsasını təşkil etdi. Qəhrəman Azərbaycan əsgəri döyüş meydanında böyük şücaət, qələbə ruhu, milli iradə nümayiş etdirərək düşməni məhv etdi, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan bütün Şəhidlərimizin, erməni faşizminin, işğalçılıq siyasətinin bütün qurbanlarının qisasını artıqlaması ilə aldı, suverenliyimiz bərpa olundu və bütün erməni yalanları, mifləri puç oldu. Müzəffər Ali Baş Komandanımız müharibə dövründə dünya mətbuatına, kütləvi informasiya vasitələrinə verdiyi 30-dan çox müsahibəsində erməni topluluğunun içüzünü, faşist xislətini bütün dünya ictimaiyyətinin gözü qarşısında ifşa etdi.
Ş.Hacıyev bildirdi ki, Azərbaycanın işğaldan azad olunmuş və erməni vandalları tərəfindən tamamilə viran qoyulmuş əraziləri, Azərbaycanın o torpaqlardakı tarixi, mədəni, dini irsi bu gün yüksək zövqlə bərpa olunur və Azərbaycan xalqının ata-baba yurdlarına Böyük Qayıdışı artıq başlayıb. Çox qısa müddətdə işğaldan azad olunmuş bütün ərazilərimiz bərpa olunacaq və Azərbaycan bu sahədə də dünyaya yeni müsbət nümunələr təqdim edəcəkdir.
YAP Səbail rayon təşkilatının müharibə günlərində və sonrasında fəaliyyəti, cəbhə bölglərinə təşkil olunmuş səfərlər, əsgərlərlə keçirilən görüşlər, yaralı hərbiçilərə edilən ziyarətlər, Şəhid ailərinə və qazilərə göstərilən diqqət və qayğı haqqında danışan Ş.Hacıyev bildirdi ki, Yeni Azərbaycan Partiyası daima bu ailələrin yanındadır və onlar hər zaman dövlətimizin, partiyamızın maddi-mənəvi dəstəyini üzərlərində hiss edirlər.
Vətən torpaqlarının azadlığı uğrunda döyüşərək qəhrəmancasına həlak olan bütün Şəhidlərimizə Allahdan rəhmət diləyən Ş.Hacıyev Şanlı qəhrəmanlıq dastanın yazılmasında hər bir müharibə iştirakçısının, hər bir qazimizin, müharibə veteranının töhfəsi rolu olduğunu qeyd etdi.
Sədr YAP Səbail rayon təşkilatının çoxminli üzvləri adından iyun ayında doğum günlərini qeyd edən qəhrəman qazilərimiz Azərbaycan Respublikasının “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan Həsənov Fərid Fizuli oğlu, Azərbaycan Respublikasının “Cəsur döyüşçü” medalı ilə təltif olunan Şirinov Vasif Nizami oğlu və Azərbaycan Respublikasının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunan Əliyev Balaəmi Etibar oğlunu ad günləri münasibətilə təbrik etdi, onlara cansağlığı, işlərində, gələcək fəaliyyətlərində, şəxsi həyatlarında uğurlar arzuladı. Ş.Hacıyev Vətəninə, torpağına bağlı belə cəsur övladlar yetişdirən ailələrə, valideynlərə, təhsil müəssisələrində onlara dərs deyən müəllimlərə təşəkkür etdi və xüsusilə müstəqillik dövründə dünyaya gələn, ölkə başçısı İlham Əliyevin dövründə böyüyüb boya-başa çatan Azərbaycan gənclərinin Vətən müharibəsində qələbənin qazanılmasındakı rolunu və töhfələrini yüksək qiymətləndirdi.
Qazilər ad günləri münasibətilə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular və onlara xatirə hədiyyələri təqdim olundu.
Çıxış edən F.Həsənov, V.Şirinov və B.Əliyev onlara göstərilən diqqət və qayğı üçün təşəkkür etdilər. Qeyd olundu ki, müharibənin bitməyindən altı-yeddi ay keçməsinə baxmayaraq onlara göstərilən diqqəti daima üzərlərində hiss edirlər. Keçdikləri şərəfli döyüş yolu haqqında danışan qazilərimiz vurğuladılar ki, artıq Azərbaycan xalqı qalib və məğrur xalqdır, Şəhidlərimizin qanı yerdə qalmadı və Azərbaycan əsgərinin Şanlı Qələbə dastanı əbədi olaraq yaşayacaqdır.
Sonda qəhrəman qazilərimizlə xatirə şəkilləri çəkildi.