YAP Səbail rayon təşkilatının üzvləri Vətən müharibəsinin qəhrəman Şəhidi kapitan Fərəcov Kamran Qılman oğlunun Astara rayonunda yaşayan ailəsini evlərində ziyarət etdilər
16.06.2021İyunun 15-də YAP Səbail rayon təşkilatının üzvləri – YAP Səbail rayon “Bibiheybət” ərazi ilk partiya təşkilatının sədri, 50 nömrəli məktəbin direktoru Sədaqət xanım Həsənova, rayon partiya təşkilatının aparat əməkdaşları və gənc fəallar Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin qəhrəman Şəhidi Fərəcov Kamran Qılman oğlunun Astara rayonunda yaşayan ailəsini evlərində ziyarət etdilər.
Əslən Astara rayonunun Səncərədikəndindən olan və 1995-ci ildə Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktiki Tank Qoşunları Komandiri fakültəsini bitirən leytenant Kamran Fərəcov Bakıda tağım komandiri təyin olur. 2004-cü ildə bölük komandiri kimi Ağdamda döyüş bölgəsinə, 2007-ci ildə kapitan kimi Gəncədə hərbi hissəyə, 2009-cu ildə Goranboyda cəbhə bölgəsinə təyinat alır. 2011-ci ildə səhhəti ilə əlaqədar ehtiyata buraxılır. Həmin ildən 2-ci qrup əlil olan Kamran Fərəcov doğulduğu Astara rayonunda yaşamağa başlayır. 2020-ci il sentyabr ayında kapitan könüllü olaraq təlimlərə qatılır. Vətən torpaqlarını azad etmək sevgisi o qədər güclü olur ki, 2-ci dərəcəlik əlillik sənədini gizlədərək 2 azyaşlı uşağının olmasına baxmayaraq könüllü olaraq döyüşlərə qatılır. N saylı hərbi hissənin qərargah rəisi təyin olunan Kamran Fərəcov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda böyük şücaət göstərir. Vətən qarşısında vəzifə borcunu şərəflə yerinə yetirən igid kapitanımız oktyabrın 21-də Qubadlı döyüşləri zamanı qəhrəmanlıqla şəhid olur. Astara rayonunda dəfn olunan Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəli idi. 2 əkiz qızı yadigar qaldı.
Şəhid Kamran Fərəcovun ailə üzvlərini, anasını, həyat yoldaşını, qardaşını və azyaşlı övladlarını evlərində ziyarət edən YAP Səbail rayon təşkilatının üzvləri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına döyüşərək Şəhadət zirvəsinə ucalan bütün Şəhidlərimizin, o cümlədən Şəhid kapitan Fərəcov Kamran Qılman oğlunun əziz xatirəsini ehtiramla yad etdilər və qanları ilə Azərbaycanın yeni, şərəfli Qələbə dastanını yazan igidlərimizin xatirəsinin daima Azərbaycan xalqının qəlbində yaşayacağına dair əminliklərini ifadə etdilər.
Şəhid ailəsinə YAP Səbail rayon təşkilatı adından ərzaq sovqatı, uşaqlar üçün hədiyyələr və maddi köməklik təqdim olundu.
Şəhid ailəsinin üzvləri dövlətin Şəhid ailələrinə olan yüksək diqqət və qayğısından razılıqlarını ifadə etdilər və qəhrəman Şəhidimizlə fəxr etdiklərini bildirdilər. Şəhid kapitanımızın həyat və döyüş yoluna nəzər salındı və Azərbaycan Ordusunun Vətən müharibəsindəki misilsiz şücaəti və qələbə əzmi bir daha vurğulandı.
Ruhun şad olsun, qəhrəman Vətən oğlu!