18 iyun – Vətən müharibəsinin Səbail rayonundan olan Şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun dünyaya gəldiyi gündür
18.06.202118 iyun – Vətən müharibəsinin Səbail rayonundan olan Şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun dünyaya gəldiyi gündür. Yaşasaydı bu gün 28 yaşı tamam olacaqdı…
Şəhid Hüseynov İsmayıl Şahvələd oğlu 1993-cü il iyunun 18-də Bakı şəhərində anadan olmuşdur. O ailənin kiçik oğlu idi. 1999-2010-cu illərdə Bakı şəhər Səbail rayonu 162 nömrəli tam orta məktəbdə təhsil almışdı. Ətrafındakılar İsmayılı Vətənə xüsusi sevgisi olan mərd gənc kimi tanıyırdılar. Şəhid Yüzbəy Mürsəlovun adını daşıyan küçədə, zəhmətkeş ailədə böyüyüb boya-başa çatan İsmayıl həm də Şəhid Etibar Əliyev adına məktəbdə təhsil almışdı. Sanki tale İsmayılı addım-addım ona nəsib edəcəyi Şəhidlik zirvəsinə aparırdı. İsmayıl Hüseynov 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdi. Anası danışır ki, hərbi xidmətinin son günlərində İsmayıldan bir neçə addım öndə mina partlamışdı, Allah həmin gün İsmayılı qorumuşdu, bədənin sol tərəfi ciddi xəsarət almışdı. Müharibənin bu ağır üzünü görsə də İsmayıl Vətən onu yenidən çağırdığında bir dəqiqə belə düşünmədən, 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun Şəhid olmasından sonra adını Səfərbərlik xidmətində könüllü olaraq yazdırmışdı və Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə qızğın döyüşlərə qatılmışdı.
İsmayıl Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayılın komandiri olan və Vətən müharibəsinin qazisi ünvanını qazanan Baş Leytenant İsmayılov Hafiz Habil oğlunun valideynləri danışır ki, müharibə günlərində hər gün İsmayılın yaşlı anası yaşadıqları küçənin adını daşıdığı Şəhid Yüzbəy Mürsəlovun xatirə abidəsini silir, ətrafını təmizləyirdi. Oktyabrın 8-də isə oğlu İsmayılın Şəhidlik xəbəri gəldi. İsmayıl Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhadət zirvəsinə ucaldı və 9 oktyabr 2020-ci ildə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qonşuları, dostları, İsmayılı tanıyan hər kəs onu mədəni, vətənpərvər və çox yardımsevər gənc kimi xatırlayırlar. Allah qəni-qəni rəhmət eləsin!
İyunun 18-də YAP Səbail rayon təşkilatının fəal gəncləri Badamdar qəbirstanlığında Şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarını ziyarət etdilər, ruhuna dualar oxudular və Şəhidimizin işıqlı ruhuna yüksək hörmət və ehtiramlarını ifadə etdilər. Sonra İsmayılın ailəsi evlərində ziyarət olundu və anası, qardaşı, Səbail rayonunun Şəhid anaları ilə birlikdə İsmayılın şərəfli həyat və döyüş yolu haqqında xatirələr paylaşıldı.
Ruhun şad olsun, qəhrəman Şəhidimiz! Yazdığın qəhrəmanlıq dastanı əbədi yaşayacaq.