YAP Səbail rayon “Dövlət Auditi” (Azərbaycan Respublikası Hesablama Palatası) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
21.06.2021İyunun 17-də YAP Səbail rayon “Dövlət Auditi” (Azərbaycan Respublikası Hesablama Palatası) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi. İclasda YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Hesablama Palatasının Aparat rəhbəri Vüqar İbrahimov və “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər. İclasda “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi, sədri, sədrin müavini və katib seçildi.
İclası açıq elan edən Azərbaycan Respublikası Hesablama Palatasının Aparat rəhbəri Vüqar İbrahimov gündəlikdə duran məsələlər haqda məlumat verdi və qeyd etdi ki, “Dövlət Auditi” ərazi ilk partiya təşkilatına təsis olunduğu gündən sədrlik edən Süleymanov Məhəmmədəli Bilal oğlu təqaüdə çıxması ilə əlaqədar İPT sədri vəzifəsindən azad edilməsini xahiş edib. Vurğulandı ki, uzun illər Hesablama Palatasının Aparat rəhbəri vəzifəsində çalışan və məsul vəzifəsinin öhdəsindən layiqincə gələn M.Süleymanov “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının sədri kimi partiyanın bütün tapşırıqlarını və öhdəliklərini vaxtlı-vaxtında, səliqəli şəkildə icra etmiş, həm Hesablama Palatasının kollektivinin, həm də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının hörmətini qazanmışdır. V.İbrahimov təqaüdə çıxan M.Süleymanova nümunəvi fəalliyətinə görə təşəkkür etdi, ona möhkəm cansağlığı, uzun sağlam ömür arzuladı.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başda olmaqla Palatının bütün kollektivini və “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının üzvlərini səmimi qəlbdən salamlayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev “Dövlət Auditi” İPT-nin YAP Səbail rayon təşkilatının qeydiyyatında olan ilk partiya təşkilatları arasında ən fəal və nizam-intizamlı təşkilatlardan biri olduğunu qeyd etdi. Xüsusi vurğulandı ki, “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının sabiq sədri Məhəmmədəli Süleymanov ötən dövr ərzində həm ərazi ilk partiya təşkilatının, həm də YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak etmiş, peşəkarlığı, ağsaqqallığı, dövlətçiliyə və partiyamıza olan sədaqəti, eləcə də təşəbbüskarlığı və şəxsi nümunəsi ilə partiya işinə mühüm töhfələr bəxş etmişdir. Sədr bildirdi ki, M.Süleymanov nümunəvi fəaliyyətinə görə YAP Səbail rayon təşkilatının Fəxri diplomuna layiq görülmüşdür.
Ş.Hacıyev 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun müstəqil Azərbaycanın yeni Zəfər tarixini yazması, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, xalqımızın Prezidentimizin ətrafında sıx birləşərək əzəli düşmənimizin belini sındıran, başını əzən “dəmir yumruğa” çevrilməsi, ölkə başçısının Vətən müharibəsi günlərində beynəlxalq informasiya məkanında təkbaşına cəbhə açması və bütün dünya ictimaiyyətinin diqqətinə Azərbaycanın haqlı mübarizəsi haqqında həqiqətləri çatdırması, eləcə də işğalçı Ermənistanın yalanlarının, illərlə formalaşdırdıqları miflərin darmadağın edilməsi, ermənilərin əsl xislətinin ifşa olunması və onların işğalçı, terrorist və vandal bir toplum kimi dünya ictimaiyyətinin gözündə tamamilə nüfuzdan düşməsi, Azərbaycanın işğaldan azad olunan torpaqlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm yenidənqurma, quruculuq və xalqımızın tarixi, mədəni, dini irsinin bərpası haqqında danışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri və Azərbaycanla Türkiyə arasında Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında Birgə Bəyannamənin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verən Ş.Hacıyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” konsepsiyası əsrlərin sınağından çıxan Azərbaycan-Türkiyə qardaşlığını əbədi və sarsılmaz etdi, bu konsepsiya bu gün də uğurla davam etdirilir. Vətən müharibəsi günlərində Azərbaycan və Türkiyə sübut etdi ki, yeri gələndə biz bir millət, tək dövlət olmağı da bacarırıq. Şuşa Birgə Bəyannaməsi nəinki iki dövlət, bütün coğrafiya üçün sülhün, əməkdaşlığın, təhlükəsizliyin təminatı deməkdir.
Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli inkişaf yolu barədə geniş danışan Ş.Hacıyev respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyət istiqamətləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi. “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının üzvlərinin bütün bu işlərdə yaxından iştirakını yüksək qiymətləndirən Ş.Hacıyev Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi başda olmaqla bütün kollektivinə və ərazi ilk partiya təşkilatının yeni seçiləcək İdarə Heyətinə uğurlar arzuladı və əminliyini ifadə etdi ki, yeni tərkib bu təşkilatda formalaşmış müsbət ənənələri eyni keyfiyyətdə və məsuliyyətlə davam etdirəcəkdir.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı. İlk öncə İdarə Heyətinin 7 nəfərlik say tərkibi təklifi səsə qoyuldu və yekdilliklə təsdiqləndi. Sonra İdarə Heyətinə 7 nəfər namizədin adları səsləndirildi və siyahı səsə qoyularaq yekdilliklə qəbul olundu.
İdarə Heyətinin üzvləri 21 ildən çox auditor vəzifəsində məsuliyyətlə çalışmış, uzun müddət Hesablama Palatasında tutduğu məsul vəzifələrində öhdəliklərini layiqincə yerinə yetirmiş Həsənov Vaqif Muxtar oğlunun “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə təsdiqləndi. Səsləndirilən təkliflərə və qəbul olunan qərarlara əsasən Həsənov Vaqif Muxtar oğlu “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının sədri, İbişzadə İbiş İPT-nin sədr müavini və İbrahimli Elvin Şakir oğlu İPT-nin katibi seçildi.
Çıxış edən “Dövlət Auditi” ərazi ilk partiya təşkilatının keçmiş sədri Məhəmmədəli Süleymanov ilk partiya təşkilatının və onun fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür etdi. Bugünkü seçkilərin və İdarə Heyətinə yeni gənc üzvlərin seçilməsinin təqdirəlayiq olduğunu vurğulayan M.Süleymanov yeni seçilən sədrə və üzvlərə fəaliyyətlərində uğurlar arzuladı. Hesablama Palatasında YAP ərazi ilk partiya təşkilatının yaranması və partiya işinin inkişafında həm Hesablama Palatası, həm də YAP Səbail rayon təşkilatının rəhbərliyinin mühüm rolu, zəhməti olduğunu qeyd edən sabiq sədr bu təşkilatda partiya işinin bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcəyinə dair əminliyini ifadə etdi.
“Dövlət Auditi” ərazi ilk partiya təşkilatının yeni seçilmiş sədri Vaqif Həsənov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Azərbaycan ziyalılarının təşəbbüsü ilə ölkəmiz üçün ən taleyüklü məqamda yaranan və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər kəs üçün böyük şərəf və qürurdur. Çox sevindirici haldır ki, YAP bu gün ümumxalq partiyası kimi eyni ideyalara və prinsiplərə sadiqlik nümayiş etdirir. 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Azərbaycan torpaqlarını işğaldan azad etməsi Ulu Öndər Heydər Əliyev siyasətinin növbəti təntənəsi oldu. Ona göstərilən yüksək etimada görə təşəkkür edən V.Həsənov nümunəvi fəaliyyət göstərərək “Dövlət Auditi” ərazi ilk partiya təşkilatında formalaşdırılmış müsbət ənənələri eyni keyfiyyət müstəvisində davam etdirəcəklərinə dair əminliyini ifadə etdi.