Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI hesabat konfransı keçirildi
25.06.2021İyunun 25-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirildi.
İlk öncə, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin, eləcə də ötən dövrdə dünyasını dəyişən Səbail rayon Şurası üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev rayon partiya təşkilatının X Konfransından ötən dövr ərzindəki (2015-2021) fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etdi.
Vurğulandı ki, 2015-2021-ci illər ölkəmizin ictimai-siyasi həyatında və dünyada baş verən mühüm hadisələrlə zəngin dövr olmuşdur. Sədr bildirdi ki, bu dövr ərzində dünyada təlatümlü iqtisadi hadisələr baş vermiş, neftin dünya bazarındakı qiymətində zaman-zaman baş verən dəyişikliklər milli iqtisadiyyatımıza təsir etmiş, lakin Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti, uzaqgörənliklə həyata keçirdiyi preventiv tədbirlər, cəmiyyət həyatının istisnasız bütün sahələrini əhatə edən çoxşaxəli, sistemli iqtisadi, siyasi, sosial islahatlar nəticəsində bütün iqtisadi çətinliklərin öhdəsindən layiqincə gəlmiş, ötən 6 il ərzində Azərbaycan dövlətinin iqtisadi, hərbi qüdrəti artmış, əhalinin sosial müdafiəsi tədbirləri güclənmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir. 2020-ci ildə bütün dünya üçün ciddi sınağa çevrilmiş COVID-19 koronavirus pandemiyası ilə mübarizə dövründə Azərbaycanda vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilmiş və əhalinin sağlamlığının qorunması istiqamətində zəruri addımlar atılmışdır. Ş.Hacıyev vurğuladı ki, 2020-ci il Azərbaycan xalqının müstəqillik tarixinə qızıl hərflərlə həkk olunan Şanlı Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olmuşdur. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz döyüş meydanında əzəli düşmənizi darmadağın etdi, 30 illik işğala son qoydu. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan yalnız torpaqlarını işğaldan azad etmədi, eyni zamanda bütün erməni yalanlarını, miflərini ifşa etdi və işğalçı Ermənistanın faşist xislətini bütün dünya ictimaiyyətinə sübut etdi. 44 günlük Vətən müharibəsi bütün Azərbaycan xalqını bir amal uğrunda Prezidentimizin ətrafında sıx birləşdirdi, bu birlik düşmənin başını əzən “dəmir yumruğa” çevrildi. Rəşadətli Azərbaycan Ordusu müstəqillik tariximizin yeni Şanlı Zəfər tarixini yazdı və ölkə başçısı İlham Əliyev son yüz illiklər ərzində zaman-zaman itirilmiş torpaqlarımızı geri qaytaran ilk Qalib, Fateh Sərkərdə kimi adını əbədiyyata qızıl hərflərlə həkk etdi.
Yarandığı ilk gündən şərəfli inkişaf yolu keçən və ölkəmizin ictimai-siyasi həyatında mühüm rolu olan Yeni Azərbaycan Partiyasının ölkəmizdə əsl demokratik, hüquqi, vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı töhfələri haqqında danışan Ş.Hacıyev bildirdi ki, sıralarında 760 mindən çox üzvü birləşdirən YAP nəinki Cənubi Qafqazın, bütün yaxın coğrafiyanın ən mütəşəkkil siyasi təşkilatlarından biridir. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII Qurultayında Partiyamızın yeni Nizamnaməsi qəbul olundu, partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdi. Zaman keçdikcə siyasi partiyalar, təşkilatlar da yaranan yeni reallıqlara, çağırışlara uyğun olaraq fəaliyyətini yeniləşdirməli, inkişaf etdirməli və təkmillədirməlidir. Yeni Nizamnamənin qəbulu ilə Partiyamız yeni inkişaf dövrünə qədəm qoydu, mart ayından etibarən YAP-ın idarəçilik sistemi daha da təkmilləşir, dövrün siyasi cağrışlarına uyğun olaraq struktur dəyişiklikləri aparılır, sıralarını möhkəmlənir, nizam-intizam və partiya məsuliyyəti nəzərə çarpacaq dərəcədə gücləndirilir. Ş.Hacıyev əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bütün potensialı və resursları ilə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək və Prezidentimizin YAP qarşısında qoyduğu vəzifələri uğurla icra edəcəkdipr.
1993-cü il 21 fevral tarixində təsis olunan, Yeni Azərbaycan Partiyasının mühüm tərkib hissəsi olaraq öhdəsinə düşən vəzifələri hər zaman yüksək məsuliyyətlə yerinə yetirən YAP Səbail rayon təşkilatının X Konfransdan ötən dövr ərzində Partiya Nizamnaməsinə və Proqramına uyğun fəaliyyət göstərdiyini bildirən Ş.Hacıyev 2015-2021-ci illərdə rayon partiya təşkilatı tərəfindən görülmüş işləri interaktiv formada, əyani şəkildə slaydlarla Konfrans iştirakçılarının diqqətinə təqdim etdi.
Məruzədə qeyd olundu ki, X konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 3532 nəfər daxil olub. Onların 2722 nəfəri gənclər, 1987 nəfəri isə qadınlardır. Hazırda təşkilatda 122 ərazi ilk partiya təşkilatı üzrə 27 min 432 nəfər üzv birləşib, təşkilat üzvlərinin 18 min 140 nəfərini gənclər, 15 min 220 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövründə 26 yeni ərazi ilk partiya təşkilatı yaradılıb.
Bildirildi ki, çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə seçilən YAP Səbail rayon təşkilatı tərəfindən 2015-2021-ci illərdə siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif səpkili işlər görülmüşdür.
Hesabat məruzəsində YAP Səbail rayon təşkilatının 6 illik fəaliyyəti aşağıdakı prioritetlər üzrə təqdim olunmuşdur: 1) Əhali arasında siyasi-ideoloji işin təşkili (Seçki kampaniyaları və rayon ərazisində genişmiqyaslı təbliğat-təşviqat və maarifləndirmə işləri); 2) Səbail rayonunun və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak, o cümlədən mədəni-kütləvi tədbirlərin təşkili (Çoxsaylı tərəfdaşlarla birgə layihələrin icrası, gənclərin və qadınların siyasi fəallığının artırılması, cəbhə bölgələrinə səfərlər və s.); 3) Xüsusi qayğıya ehtiyacı olan rayon sakinlərinə diqqətin gücləndirilməsi (Çoxsaylı humanitar-sosial yardım aksiyalarının təşkili); 4) Pandemiya ilə mübarizə istiqamətində fəaliyyət; 5) Vətən müharibəsi günlərində və sonrasında fəaliyyət («Şəhid ailələrinə və qazilərə qayğı» davamlı aksiyası); 6) Mütəmadi olaraq kitabların nəşri, dövrü mətbuatda aktual gündəm məsələlərinə dair məqalələrin yazılması, dövri mətbuata və internet kanallarına müsahibələrin, açıqlamaların verilməsi; 7) Rayon partiya təşkilatının informasiya portalının fəaliyyətinin və sosial şəbəkələrdə fəallığın təmini.
Qeyd olunmuşdur ki, YAP Səbail rayon təşkilatı hesabat dövrü ərzində keçirilmiş 2015-ci il V çağırış Milli Məclis seçkiləri, 2016-cı il Referendum, 2018-ci il Azərbaycan Respublikası Prezidentinin seçkiləri, 2019-cu il Bələdiyyə seçkiləri və 2020-ci il VI çağırış Milli Məclis seçkilərinin seçki kampaniyaları zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərərək YAP namizədlərinin qələbəsinin təmin edilməsi işinə öz töhfəsini vermişdir. Xüsusi qeyd olundu ki, hər zaman yüksək siyasi fəallığı ilə seçilən Səbail rayonunda 2018-ci il Prezident seçkilərində 70.21% seçici fəallığı qeydə alınmışdır. (2013-cü ildə bu göstərici 67,3% olmuşdur). Cənab İlham Əliyev rayon üzrə seçicilərin 87.9% səsini qazanmışdır. Bu göstəricilər, bu zamana kimi Səbail rayonunda seçkilərdə əldə olunmuş ən yüksək göstəricilərdir. Bu yüksək nəticələrin əldə olunması möhtərəm Prezidentimizin şəxsiyyəti, gördüyü misilsiz işlərlə bağlı olmuşdur. Eyni zamanda Səbail rayonunda aparılan təbliğat-təşviqat kampaniyaları, bütün ictimai təbəqələri təmsil edən seçicilərlə çoxsaylı görüşlərin müsbət nəticələri Səbail rayonunun tarixindəki bu ən yüksək göstəricilərdə əks olunmuşdur.
Hesabat dövrü ərzində ümumilikdə 442 ictimai-siyasi, mədəni-kütləvi tədbir təşkil olunmuşdur; o cümlədən bir çox qurumlarla birgə 26 Konfrans və 10 «Dəyirmi masa» keçirilmişdir; çoxsaylı tərəfdaşlarla birgə 125-dən çox tədbir təşkil olunmuşdur; cəbhə bölgələrinə 9 səfər, o cümlədən Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinə Səbail rayonunun 100 nəfərlik heyətlərinin 2 dəfə səfəri təşkil olunmuşdur, Vətən müharibəsi günlərində Ağdamın Quzanlı və Yuxarı Qiyammədinli kəndlərinə, Füzulinin Horadiz qəsəbəsinə və Aşağı Veyselli kəndinə, Ağcabədi rayonunun Laçın düşərgəsinə səfərlər təşil olunmuş, Biləsuvar rayonunun Mərkəzi xəstəxanasında müalicə olunan 480 nəfər əsgərimizə sovqatlar, paltar və dərman yardımları aparılmışdır; yalnız 2020 və 2021-ci ilin 1-ci yarımilliyində 21 videokonfrans keçirilmişdir; 2016 “Multikulturalizm ili” , 2017 “İslam Həmrəyliyi İli”, 2018 “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019 “Nəsimi ili”, 2020 “Könüllülər ili” çərçivəsində, eləcə də 2017-ci ildə YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur.
Hesabat dövründə xüsusi qayğıya ehtiyacı olan Səbail rayon sakinlərini, Şəhid ailələrini, müharibə veteranlarını, tənha ahılları, kimsəsizləri, yataq xəstələrini, əlilləri və aztəminatlı ailələri əhatə edən ümumilikdə 85 humanitar-sosial yardım aksiyaları keçirilmiş, Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsində yaşayan müharibə və əmək əlilləri ilə görüş, musiqili əyləncə proqramı və süfrə təşkil olunmuş, pandemiya ilə mübarizə ilə əlaqədar sərt karantin günlərində 300-dən çox ailəyə ərzaq, tibbi-gigiyena ləvazimatı köməkliyi göstərilmiş, Vətən müharibəsi günlərində və sonrasında Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yönəlik “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində 43 sosial aksiya reallaşdırılmış, Şəhid ailələri və qəhrəman qazilər evlərində dəfələrlə ziyarət olunmuş, onlara ərzaq sovqatları və maddi köməkliklər göstərilmişdir.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti ilə müsbət əməkdaşlıq tandemində 6 kitab nəşr olunmuşdur, hazırda 2 kitab çapa hazırlanır. Hər il rayon təşkilat Sədrinin, Rayon Şurası və İdarə Heyəti üzvlərinin, ilk partiya təşkilat sədrlərinin, YAP gənclərinin KİV-lərdə məqalələri çap olunmuş, mətbuata, mediaya, internet televiziyalarına mütəmadi müsahibələr və açıqlamalar verilmişdir. Yalnız 2020-ci ildə mətbuatda ümumilikdə 250-dən, 2021-ci ilin birinci yarımilliyində 80-dən çox yazı, müsahibə, açıqlama dərc olunmuşdur.
Rayon partiya təşkilatının 2016-cı ilin fevralından fəaliyyətə başlayan http://yapsebail.az/ informasiya portalında ümumilikdə 964 xəbər yerləşdirilmişdir, rayon partiya təşkilatının Facebook, Twitter, Youtube sosial şəbəkələrindəki kanallarında aktiv paylaşımlar edilmişdir. Təşkilat üzvləri sosial şəbəkələrdə həm daxili auditoriyada, həm də xarici dillərdə bütün istiqamətlərdə aktivlik nümayiş etdirmişlər, hər il rayon partiya təşkilatının üzvləri tərəfindən müxalifətə on minlərlə şərh yazılmış, iqtidar yönümlü on minlərlə paylaşım edilmişdir.
Vurğulandı ki, YAP Səbail rayon təşkilatı bu zamana qədər qarşısına qoyulan bütün məqsəd və vəzifələri layiqincə həyata keçirmişdir. Təşkilat bundan sonra da partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləmək və verilən tapşırıq və tövsiyələri yerinə yetirmək üçün bütün biliyi, resursları, bacarığı və var qüvvəsi ilə çalışacaqdır.
Sonra YAP Səbail rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədovun hesabatı dinlənildi.
Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin və Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, YAP Səbail rayon təşkilatının “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev, YAP Veteranlar Şurasının və rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, YAP Səbail rayon təşkilatının Şura üzvü, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və YAP Səbail rayon təşkilatının “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri Elmir Vəlizadə çıxış edərək YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildirdilər.
YAP İdarə Heyətinin və Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu milli siyasi sistemimizin lokomotivi olan Yeni Azərbaycan Partiyasının tarixi ənənələrə, missiya və prinsiplərə sadiq qalaraq ümumxalq partiyası olmaq məsuliyyətinin öhdəsindən layiqincə gəldiyini bildirdi. YAP Səbail rayon təşkilatının nümunəvi partiya təşkilatlarından biri olduğunu qeyd edən H.Babaoğlu rayon partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd olundu, YAP Səbail rayon təşkilatı ictimai-siyasi aktuallıq kəsb edən bütün hadisələr zamanı lazımi tədbirlər həyata keçirmiş, zəruri addımlar atmışdır. Xüsusilə Vətən müharibəsi günlərində və sonrasında, eləcə də pandemiya ilə mübarizə istiqamətində rayon partiya təşkilatı tərəfindən həyata keçirilən humanitar-sosial aksiyalar partiya subyektlərinin davranışı, daima vətəndaşların yanında olması baxımından nümunə təşkil edir. Bu işlərin təşkilində rayon partiya təşkilatının Sədrinin gözəl təbliğatçı, təşviqatçı və təşkilatçılıq xüsusiyyətlərini qeyd edən H.Babaoğlu vurğuladı ki, hesabat dövrü ərzində 26 yeni ərazi ilk partiya təşkilatının təsis olunması Səbail rayonun partiya işinin təşkilatlanmasının ən bariz müsbət nümunələrindəndir. YAP Səbail rayon təşkilatının və Nəzarət-Təfti Komissiyasının şəffaf və zəngin hesabatlarını yüksək qiymətləndirən H.Babaoğlu Şəmsəddin müəllim başda olmaqla rayon partiya təşkilatının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, daxili və xarici siyasət, icra olunan nəhəng layihələr haqqında danışan YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov qeyd etdi ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ən böyük Zəfəri Şanlı Vətən müharibəsində qazanılmış tarixi qələbəmiz oldu. İlham Əliyevin hakimiyyəti dövründə əldə olunan iqtisadi-hərbi gücümüz, ən müasir texnikalarla təchizat, ölkəmizdə yaranmış vətəndaş həmrəyliyi və Xalq-iqtidar birliyi möhtəşəm Qarabağ Zəfərimizi təmin etdi. Tarixi Şuşa Bəyannaməsinin imzalanmasını Azərbaycanın dövlətçilik tarixində müstəsna tarixi hadisə kimi qiymətləndirən V.Novruzov Qarabağa Böyük qayıdışın başlanması və işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən nəhəng bərpa və yenidən qurma işləri haqqında danışdı.
Hesabat dövründə YAP Səbail rayon təşkilatının baş verən zəngin ictimai-siyasi proseslərə uyğun adekvat və təqdirəlayiq işlər gördüyünü vurğulayan V.Novruzov təqdim olunmuş hesabatı yüksək qiymətləndirdi və əminliyini ifadə etdi ki, YAP Səbail rayon təşkilatı YAP-ın VII Qurultayında qarşıya qoyulmuş vəzifələrin və strateji məqsədlərin icrasında bundan sonra da eyni əzm və peşəkarlıq ruhu ilə çalışacaqdır.
Hesabat dövrü ərzində Səbail rayonunda Yeni Azərbaycan Partiyasının xətti ilə görülən işlərin, həyata keçirilən tədbirlərin kəmiyyət və keyfiyyətini yüksək qiymətləndirən YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin görülən bu işlərdə rolu və töhfələri haqqında danışdı. Xalqımızın güclü Azərbaycan dövləti və Liderimiz İlham Əliyevlə fəxr etdiyini qeyd edən C.Cəfərov bildirdi ki, ölkə başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan artıq münaqişə meydanından dialoq məkanına çevrilib. Müasir Azərbaycanın bugünkü misilsiz uğurlarına mühüm töhfələr verə YAP sülh, davamlı inkişaf və əməkdaşlıq partiyası olaraq Qələbəmizin nəticələrinin daha da möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir. Sürətlə inkişaf edən Azərbaycanın siyasi həyatının üfiqləri də genişlənir. C.Cəfərov əminliyini ifadə etdi ki, YAP Səbail rayon təşkilatı qarşıda duran bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəkdir.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov rayon partiya təşkilatının Milli Kitabxana ilə birgə keçirdiyi çoxsaylı tədbirlərdən danışaraq bildirdi ki, hesabat dövründə ölkə həyatında baş verən bütün mühüm ictimai-siyasi hadisələr, Azərbaycan xalqı, dövləti üçün əlamətdar tarixi günlər münasibətilə YAP Səbail rayon təşkilatının və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yaddaqalan tədbirlər, konfranslar, “dəyirmi masalar”, seminarlar, ictimai təqdimatlar, kitab nəşrləri həyata keçirilmiş, bu tədbirlərin nəticəsi olaraq kitablar, broşularalar çap olunmuşdur. K.Tahirov YAP Səbail rayon təşkilatının və Nəzarət-Təfti Komissiyasının şəffaf hesabatını yüksək dəyərləndirdi və rayon partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzuladı.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edən K.Tahirov 44 günlük Vətən müharibəsindki Şanlı Qələbə, post-müharibə dövrü və Qarabağda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri haqqında fəxarətlə danışdı.
Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını Konfrans iştirakçılarına çatdıran YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev müasir Azərbaycanın tərəqqisində mühüm rol oynayan və sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları cəmləşdirən YAP-ın yeni dönəmdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə dair əminliyini ifadə etdi. YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini yüksək qiymətləndirən A.Vəliyev rayon partiya təşkilatının işində vəhdət təşkil edən nizam-intizam və peşəkarlıq, həyata keçirilən geniş ictimai-siyasi fəaliyyətin seçki kampaniyaları müddətindəki müsbət nəticələri, keçirilən çoxsaylı mədəni-kütləvi, o cümlədən gənclərin vətənpərlik ruhunun yüksəldilməsi istiqamətindəki tədbirlər, cəbhə bölgələrinə səfərlər, aztəminatlı ailələrin daima xüsusi diqqət mərkəzində saxlanılması, Vətən müharibəsi günlərində və sonrasında Şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı, Orduya dəstək aksiyaları haqqında danışdı. Sədri olduğu “2 №-li ərazi ilk partiya təşkilatı”nın üzvlərinin, Milli Məclisin deputatlarının və Aparatının bütün bu işlərdə fəal iştirakını xüsusi qeyd edən A.Vəliyev YAP Səbail rayon təşkilatının sədri və kollektivinin fədakar və sədaqətli fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, YAP Səbail rayon təşkilatı hər zaman görülən işlərin kəmiyyəti və keyfiyyəti baxımından digər təşkilatlardan bir addım öndə olmuşdur.
44 günlük Vətən müharibəsində xalqımızın, hər bir azərbaycanlının yaşadığı sevinc, qürur, fərəh hissləri haqqında danışan YAP Səbail rayon təşkilatının “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov özünün də iştirak etdiyi Şuşadakı “Xarı bülbül” Festivalının unudulmaz təəssüratlarını Konfrans iştirakçıları ilə bölüşdü. YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini yüksək qiymətləndirən H.İsmayılov rayon partiya təşkilatının və sədri olduğu “Aktyorlar Evi” ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə xüsusilə “Nəsimi ili” çərçivəsində keçirilən ədəbi-bədii tədbirlər, YAP üzvlərinin Azərbaycan Teatr Xadimləri İttifaqının tədbirlərində yaxından iştirakı, o cümlədən yaddaşlara əbədi həkk olunan Səbail rayonun geniş nümayəndə heyətinin Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlıya səfərləri haqqında danışdı. H.İsmayılov görülən işləri və təqdim olunan hesabatı yüksək qiymətləndirdi və Ş.Hacıyev başda olmaqla bütün YAP Səbail rayon təşkilatının üzvlərinə, partiya veteranlarına cansağlığı və gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı.
YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev hesabat dövrünün təsadüf etdiyi 2015-2021-ci illərdə YAP Səbail rayon təşkilatının yüksək səviyyədə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti və görülən işləri təqdirəlayiq olaraq qiymətləndirdi. Müstəqillik tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsində qazalılmış Şanlı Qələbə, cənab Prezident İlham Əliyevin şəxsiyyəti və idarəçilik məharəti haqqında danışan H.Hacıyev partiya tapşırıqlarının Səbail rayonunda icrası və görülən işlər, xüsusilə pandemiya dövründəki fəaliyyət və müharibə günləri və sonrasında Şəhid aiələrinə və qazilərə göstərliən yüksək diqqət qayğıdan, Şəhid ailələrinin evlərinə edlən çoxsaylı ziyarətlərdən məmnunluğunu ifdaə etdi. H.Hacıyev təqdim olunmuş hesabatı yüksək qiymətləndirdi.
Şanlı Qələbimizin hamımızın qürur mənbəyi olduğunu vurğulayan YAP Veteranlar Şurasının və rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd etdi. A.Abasova rayon partiya təşkilatının bütün fəaliyyətlərində yaxından iştirak etdiyini vurğulayaq bildirdi ki, YAP Səbail rayon təşkilatı son 6 ildə Səbail rayonundakı bütün qurumlarla sıx işləmiş, hər il ölkəmizin ictimai-siyasi həyatında bütün əlamətdar hadisələrlə bağlı silsilə tədbirlər keçirmiş, gənclərin siyasi fəallığının artırılmasına xüsusi diqqət etmiş, Vətən müharibəsindən öncə də, sonra da cəbhə bölgələrinə dəfələrlə səfərlər təşkil etmiş, rayonun aztəminatlı ailələrini daima xüsusi diqqət və qayğı mərkəzində saxlamışdır. Rayon partiya təşkilatının demək olar ki, hər tədbirinin konfrans səviyyəsində geniş və məzmunlu təşkil olunduğunu vurğulayan A.Abasova ötən il ən yadda qalan videokonfranslar sırasında 24 dekabr 2020-ci il tarixində YAP Səbail rayon təşkilatında keçirilən və və 3 saata yaxın davam edən “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfransını, eləcə də Vətən müharibəsinin Səbail rayonundan olan qəhrəman qazilərinin iştirak etdiyi Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı videokonfransı xüsusi qeyd etdi. Partiya sədrinin, Mərkəzi Aparatın bütün tapşırıqlarının YAP Səbail rayon təşkilatının fəaliyyətində əks olunduğunu bildirən və həyata keçirilən işlərdə Ş.Hacıyevin rolunu xüsusi qeyd edən A.Abasova təqdim olunan hesabatları yüksək qiymətləndirdi.
Qurucusunun Ulu Öndər Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmağın hər kəs üçün böyük fəxarət olduğunu bildirən YAP Səbail rayon təşkilatının Şura üzvü, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova dünya liderləri arasında yüksək nüfuzu ilə seçilən Prezident İlham Əliyevin eyni zamanda nümunəvi partiya Sədri olduğunu da vurğuladı. Keçirilən seçki kampaniyalarında YAP Səbail rayon təşkilatı tərəfindən rayon ərazisində səliqəli, dəqiq və vaxtında görülən işləri qeyd edən G.Orucova rayon partiya təşkilatının genişmiqyaslı ictimai-siyasi tədbirlərini, humanitar-sosial aksiyalarını, maarifləndirici fəaliyyətini yüksək qiymətləndirdi. Vurğulandı ki, Vətən müharibəsində Azərbaycan xalqının başını uca edən vətənpərvər gəncliyi tərbiyə edən müəlimlərin əksəriyyəti məhz YAP üzvləridir. G.Orucova əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ümumxalq partiyası missiyasını yüksək sədaqət və ləyaqətlə icra edəcəkdir.
YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini yüksək dəyərləndirən YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövründə Ulu Öndərin müdrik kəlamında qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın” partiyası olduğunu sübut etdiyini bildirdi. Müasir Azərbaycanın dünyaya sözün əsl mənasında günəş kimi parladığını qeyd edən S.Xanlarova Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev və Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən möhtəşəm işlər nəticəsində Azərbaycanın dünya üçün bir fenomenə çevrildiyini vurğuladı. Görülən işlərə mümkün olan ən yüksək qiyməti verən S.Xanlarova YAP Səbail rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzuladı.
Yeni Azərbaycan Partiyasının qabaqcıl yerli strukturlarından biri olan YAP Səbail rayon təşkilatının Azərbaycan üçün ciddi islahatlar, inkişaf və misilsiz uğurlar dövrü olan 2015-2021-ci illərdəki fəaliyyətini yüksək qiymətləndirən YAP Səbail rayon təşkilatının “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri Elmir Vəlizadə 2017-ci ildə İPT sədri seçildiyi “Rabitəçilər” ərazi ilk partiya təşkilatında baş verən əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişiklikləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Səbail rayonun və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı, YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərlər və ordakı kənd tam orta məktəbinə göstərilən dəstək haqqında danışdı. YAP Səbail rayon təşkilatının rayon ərazisindəki bütün qurumlarla səmərəli və geniş miqyaslı əməkdaşlığını xüsusi qeyd edən E.Vəlizadə rayon partiya təşkilatında yaradılmış sağlam iş mühitini, mütərəqqi idarəetməni, işgüzar kollektivin faəliyyətini və görülən işləri yüksək qiymətləndirdi.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirdi ki, Ulu Öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, Onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əlində saxlayan Prezidentimiz və Partiyamızın Sədri cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.
Əhliman Tağıyev partiyamızın həyatında baş verən yeniliklər barədə də məlumat verdi və bu baxımdan YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etdiyini söylədi. O, YAP-ın yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələr barədə də öz fikirlərini bildirdi.
YAP Səbail rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzuladı.
Konfransda iştirak edən hər kəsə təşəkkür edən Ş.Hacıyev YAP Səbail rayon təşkilatının bütün üzvlərinin möhtərəm Prezidentimiz, Partiya Sədrimiz İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirərək əminliyini ifadə etdi ki, YAP Səbail rayon təşkilatı və üzvləri bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Konfrans YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.