Səbail rayonunda Vətən müharibəsinin qəhrəman Şəhidi Mayor Əhədzadə İlkin Qələmşah oğlunun əziz xatirəsi ehtiramla yad olunur

26 iyun – Vətən müharibəsinin Səbail rayonundan olan qəhrəman Şəhidi Mayor Əhədzadə İlkin Qələmşah oğlunun dünyaya gəldiyi gündür.

Azərbaycan Silahlı Qüvvələri Günü dünyaya gələn və hərbiçi kimi Vətənə şərəflə, ləyaqətlə xidmət edən Əhədzadə İlkin Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu idi. Liseyi başa vurduqdan dərhal sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşdu. Nümunəvi hərbi xidmətlərinə görə çoxsaylı Fəxri Fərmanlarla, o cümlədən III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunmuşdu. Həyatında yüksək nailiyyətlər əldə edən, daima ən çətin yerlərdə, cəbhə bölgələrində xidmət edən və üç övlad atası olan mayor Əhədzadə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə qızğın döyüşlərə qatılır. Oktyabrın 1-də Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. Qəhrəman Şəhidimiz II Fəxri Xiyabanda, hər zaman haqqında qürurla danışdığı Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun uyuduğu məzarlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhid İlkin Əhədzadənin 4 yaşlı oğlu Uğur 2016-cı il 8 noyabr tarixində, Azərbaycanda əbədi olaraq Şanlı Zəfər Günü kimi qeyd olunacaq əlamətdar gündə dünyaya gəlmişdir.

İyunun 26-da YAP Səbail rayon təşkilatının gənc fəalları II Fəxri Xiyabanda Şəhid Mayor Əhədzadə İlkin Qələmşah oğlunun məzarını ziyarət etdilər, əbədiyaşar xatirəsini bir daha ehtiramla yad etdilər, ruhuna dualar oxudular. Gənclər Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmancasına həlak olan Şəhidlərimizin məzarlarını ziyarət etdilər, ruhlarına dərin hörmət və ehtiramlarını ifadə etdilər.

Daha sonra Şəhid İlkin Əhədzadənin ailəsi evlərində ziyarət olundu, Şəhid övladlarına, ailədə olan bütün uşaqlara hədiyyələr təqdim olundu.

Azərbaycana möhtəşəm qələbə bəxş edən Vətən oğulları, ruhunuz şad, yeriniz behişt olsun! Amin!