Birinci Qarabağ müharibəsi Şəhidi, “Azərbaycan bayrağı” ordeni mükafatçısı, Şəhid Baş Leytenant Əhməd Suliddin oğlu Mehbalıyevin əziz xatirəsi Səbail rayonunda ehtiramla yad olunur
27.06.2021İyunun 26-da YAP Səbail rayon “Telefonçular” (“Baktelekom”) ərazi ilk partiya təşkilatının sədr müavini İsrafil Bəkirov və təşkilat üzvləri, “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) 44 günlük Vətən müharibəsində iştirak edərək Zəfər yolu keçən əməkdaşları, Şəhid Əhməd Mehbalıyevin döyüş yoldaşları, müharibə veteranları və YAP Səbail rayon təşkilatının gənc fəalları qəhrəman Şəhidimiz, Baş Leytenant Əhməd Suliddin oğlu Mehbalıyevin məzarını ailə üzvləri ilə birlikdə ziyarət etdilər və ruhuna hörmət, ehtiramlarını bildirdilər.
Şəhid Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. Atası Süliddin, anası Firənginaz xanımın ən böyük arzusu Əhmədi hərbiçi görmək imiş. Hərbiçi olmaq Əhmədin də uşaqlıq arzusu olub. Əhməd özünün və valideynlərinin istəyi ilə ilk olaraq sənədlərini Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə verib. C.Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Əhməd hərbi sirlərə daha da yiyələnmək məqsədilə Kazan Ali Tank Qoşunları Məktəbinə daxil olub. O, oxuduğu illərdə daima SSRİ-nin ən ali hərbi məktəbinin komandirlərinin rəğbətini qazanıb, öncül kursantlardan olub.
Daha sonra o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət edib. Qarabağda müharibə başlayanda Ə.Mehbalıyev vətənə qayıdıb. Əhməd bir təcrübəli tankçı kimi ilk döyüşə Şuşada başlayıb. Şuşanın müdafiəsi uğrunda mərd və qəhrəmancasına döyüşüb. Saysız erməni tankını sıradan çıxarıb. Sonralar o, rota komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak edib.
25 iyun 1993-cü il Əhmədin son döyüşü olub. O, düşmənlə açıq döyüşdə qəhrəmancasına şəhid olub.
Əhmədin komandiri baş leytenant P.Mahmudov Əhmədin sonuncu döyüşü haqqında danışanda bunları deyib: “Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma tank komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan taqımı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə də kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. Ağdamın Qızıllı-Kəngərli kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi tankla bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. Sentyabr ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik…”.
22 iyul 1989-cu il tarixdə ali hərbi məktəbi bitirdiyi üçün leytenant, 26 iyul 1991-ci il tarixdə baş leytenant rütbəsi alan Əhməd Mehbalıyev Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Qaraçuxur qəsəbəsindəki “Gənclik” küçəsinə onun adı verilib.
Anım tədbirində döyüş yoldaşları Əhməd Mehbalıyevin şərəfli həyat və döyüş yolu haqqında danışaraq igidliyi, Vətənə olan sonsuz sevgisi və fədakarlığı ilə seçilən qəhrəmanımızın əbədiyaşar xatirəsini bir daha yad etdilər. Çıxış edən YAP Səbail rayon “Telefonçular” ərazi ilk partiya təşkilatının sədr müavini İsrafil Bəkirov Şəhidimizə qəni-qəni rəhmət diləyərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə haqqında fəxarətlə danışdı. Vurğulandı ki, Azərbaycan xalqı artıq məğrur, qalib və ərazi bütövlüyünü bərpa etmiş xalqdır. Ordumuz, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti xalqımızın şücaətini, qələbə əzmini, iradəsini bütün dünyaya layiqincə nümayiş etdirdi, bütün Şəhidlərimizin qisasını döyüş meydanında əzəli düşmənimizdən artıqlaması ilə aldı və Azərbaycanın müstəqillik tarixinə yeni Şanlı Zəfər tarixini yazdı. Dövlət səviyyəsində Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət qayğıdan danışan İ.Bəkirov Səbail rayonunda Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı və digər ictimai-siyasi birliklər tərəfindən həyata keçirilən “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində görülən işləri yüksək qiymətləndirdi.
Çıxış edən Vətən müharibəsi iştirakçıları Birinci Qarabağ Müharibəsinin Şəhidlərinin Azərbaycanın bugünkü möhtəşəm qələbəsinin təməllərini qoyduqlarını vurğulayaraq Şəhid Əhməd Mehbalıyevin ailəsinin timsalında bütün Şəhid ailələrinə hörmət və ehtiramlarını ifadə etdilər.
Daha sonra anım tədbirinin iştirakçıları 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər və Azərbaycan Ordusunun qəhrəmanlığının bir daha şahidi oldular.