YAP Səbail rayon “Aktyorlar” (Yaşıl teatr) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
30.06.2021İyunun 30-da YAP Səbail rayon “Aktyorlar” (Yaşıl teatr) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
İclasda ərazi ilk partiya təşkilatının yeni sədri seçildi.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli inkişaf yolu haqqında danışaraq bildirdi ki, YAP üzvləri bütün dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra regionumuzda yaranmış yeni reallıqlar və çağırışlar haqqında danışan Z.Bayramov bildirdi ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşmişdir. Qeyd olundu ki, fəaliyyətini daima mütərəqqi tələblər və yeni çağırışlara uyğun formalaşdıran YAP Səbail rayon təşkilatı bundan sonra da partiyanın bütün tapşırıq və vəzifələrini məsuliyyətlə yerinə yetirəcəkdir.
YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi, mədəni-kütləvi fəaliyyəti, eləcə də rayon partiya təşkilatının Şəhid ailələrini, qaziləri, müharibə veteranlarını, əlil vətəndaşları, kimsəsizləri, tənha ahılları, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı rayon sakinlərini daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə həyata keçirilən humanitar və xeyriyyəçilik aksiyaları haqqında geniş danışan Z.Bayramov “Aktyorlar” (Yaşıl teatr) ərazi ilk partiya təşkilatının bütün üzvlərini rayonumuzun ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə dəvət etdi.
Aparat rəhbəri ərazi ilk partiya təşkilatının seçiləcək yeni rəhbərliyinə uğurlar arzuladı.
Yaşıl Teatrın Səhnənin işıqlandırma xidmətinin rəisi Kamran Əsədov ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti, İPT üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakı haqqında məlumat verdi və ərazi ilk partiya təşkilatına son illər sədrlik edən, gözəl insan və peşəkar olan, ötən il dünyasını dəyişən Hümbətov Məmməd Sahar oğlunu rəhmətlə yad etdi.
Sonra səsvermə keçirildi, ərazi ilk partiya təşkilatının İdarə heyəti üzvlərinin təklifləri əsasında Yaşıl Teatrın Səhnənin işıqlandırma xidmətinin rəisi Əsədov Kamran Şövkət oğlu yekdilliklə “Aktyorlar” (Yaşıl teatr) İPT-nin yeni sədri seçildi.
Çıxış edən İdarə heyətinin üzvü, Yaşıl Teatrın İstehsalatda Texniki şöbənin rəisi İlqar Cavadov yeni seçilmiş İPT sədrinə gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzuladı və K.Əsədovun bu məsuliyyətli vəzifədə ona göstərilən etimadı doğruldacağını bildirdi.
Çıxış edən yeni sədr Kamran Əsədov Yeni Azərbaycan Partiyası sıralarında Vətənə və dövlətə uzun illər şərəflə və ləyaqətlə göstərdiyi xidmətlərindən bəhs edərək ona göstərilən yüksək etimada layiq olacağına, “Aktyorlar” (Yaşıl teatr) ərazi ilk partiya təşkilatı üzvlərinin partiyanın bütün tapşırıqlarını vaxtlı-vaxtında icra edəcəklərinə və YAP Səbail rayon təşkilatı ilə birgə gözəl layihələrə imza atacaqlarına dair əminliyini ifadə etdi.
Sonra iclasa yekun vuruldu.